Əli Kərimli: “İctimai Palatanın tərəfdarları əsas tələblərimizi və şüarlarımızı Azərbaycan vətəndaşlarına və KİV-lərə çatdırdılar”
İsa Qəmbər: “Azərbaycan hökuməti heç bir vəchlə ölkənin azadlıq uğrunda mübarizə aparan insanlarının qarşısını ala bilməyəcək”
AXCP sədri Əli Kərimli və Müsavat Partiyasının başqanı İsa Qəmbər İctimai Palatanın çağırışı ilə paytaxt Bakının müxtəlif yerlərində keçirilən etiraz aksiyaları ilə bağlı fikirlərini “Azadlıq”a bölüşüblər.
Əli Kərimli təəssüflə qeyd edib ki, beynəlxalq ictimaiyyətin israrlı çağrışlarına baxmayaraq, Azərbaycan hökuməti konstitusiyanı pozaraq mitinqin üçün istənilən yeri ayırmayıb: “Bakı Şəhər İcra Hakimiyyətinə mitinq üçün müraciət etdiyimiz “Nərimanov” kinoteatrının qarşısındakı meydan polis nəzarətinə götürülmüşdü. Biz də İctimai Palatanın tərəfdarlarına müraciət etmişdi ki, polislə qarşıdurmaya bəhanə verməsinlər. Ona görə də İctimai Palatanın tərəfdarları bu dəfə fərqli taktikadan istifadə etdilər. Şəhərin müxatəlif 6 yerində aksiya keçirdilər. Bizim əsas tələblərimiz çatdırıldı, qətnaməmiz açıqlandı, tələblərimizi ifadə edən plakatlar qaldırıldı. Hökumətin səylərinə baxmayaraq yenə də İctimai Palatanın tərəfdarları əsas tələblərimizi və şüarlarımızı Azərbaycan vətəndaşlarına və KİV-lərə çatdırdılar. Bütün yaradılan maneələrə baxmayaraq İctimai Palatanın bu dəfə də etiraz aksiyası baş tutdu”.
Əli Kərimli deyib ki, İctimai Palatının fəaliyyəti çox istiqamətlidir: “İctimai Palatanın fəaliyyəti yalnız mitinq və kütləvi etiraz aksiyaları keçirmək deyil. Biz öz sistemli fəaliyyətimizi davam etdirəcəyik. Bu, həm təşkilatlanmaq, həm intelektual fəaliyyətlə məşğul olub Azərbaycan hökumətinin ayrı-ayrı sahələrdəki səhvlərini izah, şərh edib alternativləri təqdim etməkdir. İctimaiyyəti həm İctimai Palata ətrafında səfərbər etmək, həm də lazım gəldikcə kütləvi etiraz aksiyaları keçirmək siyasətini davam etdirəcəyik”.
Müsavat partiyasının başqanı İsa Qəmbərin sözlərinə görə, İctimai Palatanın yüzlərlə tərəfdarı həm “Nərimanov” kinoteatrının qarşısında, həm də ətraf məkanlarda bir sıra lokal aksiyalar keçirdilər: “İctimai Palatanın tələblərində, bəyənatlarında, mitinq qətnaməsində əks olunan şüarlar səsləndirdilər. Hakimiyyət yenə də zorakı üsullarla mitiqin qarşısını almağa çalışdı, zorakılıq oldu. Onlarla İctimai Palatanın tərəfdarları polis məntəqələrində və məhkəmələrdədir. Ancaq buna baxmayaraq bir daha sübut olundu ki, Azərbaycan hökuməti heç bir vəchlə ölkənin azadlıq uğrunda mübarizə aparan insanlarının qarşısını ala bilməyəcək. Eyni zamanda hakimiyyətin İctimai Palatanın mitqinlərinin qarşısını almaq cəhdi mitinqin arealının genişlənməsi ilə nəticələndi. Hakimiyyət yenə qanun pozuntularına, zorakılığa davam edəcəksə, azadlıq uğrunda mübarizə bütün ölkəni bürüyəcək. 19 iyun aksiyası bunu sübut etdi”.
Ramin DEKO