İlham Əliyev Tomas Melia ilə görüşdən niyə yayındı?

Ekspertlərin fikrincə, müzakirələrin gərgin keçəcəyi ehtimalı dövlət başçısını bu addımı atmağa vadar edib

ABŞ Dövlət katibinin demokratiya və insan haqları üzrə müavini Tomas Melia Bakıda olarkən hakimiyyətin ünvanına bir sıra ciddi mesajlar ünvanladı. Amma müxalifət təmsilçiləri və ictimaiyyət nümayəndələri ilə görüşdükdən sonra T.Melianın dövlət başçısı Ilham Əliyevlə də görüşəcəyini bir çoxları gözləsə də bu baş tutmadı. Bir məqamı da qeyd edək ki, I.Əliyev iyunun 10-da Sloveniyadan rəsmi səfərdən qayıtdıqdan sonra ictimaiyyət arasında görünməyib.
Dövlət başçısının fəaliyyəti barədə yalnız rəsmi xəbərlərə əsasən bir fikir söyləmək olar. Dövlət başçısının rəsmi saytında yerləşdirilən xəbərlərə əsasən isə söyləmək olar ki, I.Əliyev Sloveniyada iki ölkə arasındakı biznes forumda iştirakdan sonra iyunun 13-də seçkidəki qələbəsi münasibəti ilə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanı təbrik edib. Daha sonra iyunun 16-da dövlət başçısı səhiyyə işçilərinə fəxri adların verilməsi, iyunun 17-də isə Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsi əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb. Dövlət başçısının T.Melia ilə görüşünün əvvəlcədən planlaşdırıldığı barədə məlumat əldə etmək üçün ABŞ səfirliyinin mətbuat xidmətinin rəhbəri Kis Binə dəfələrlə telefon açsaq da bir nəticə hasil olmadı.
Siyasi ekspertlərin fikrincə, ABŞ dövlət katibinin müavininin iyunun 13-də Azərbaycana baş tutan gözlənilməz səfəri, elə xeyli sayda gözlənilməz açıqlamalarla yadda qaldı. T.Melianın Bakıda olduğu müddətdə keçirdiyi çoxlu sayda görüşlərə diqqətlə nəzər saldıqda dövlət başçısının onunla görüşdən nəyə görə yayındığını görmək olar.
Belə ki, ilk növbədə müxalifət təmsilçiləri ilə bir araya gələn T.Melia ölkədəki siyasi, insan haqları ilə bağlı problemləri ciddi müzakirə edib. Ən azı müzakirələrin olduqca geniş getdiyini müxalifət təmsilçilərinin açıqlamalarından da hiss etmək olar. Eyni zamanda T.Melianın görüşlərdən sonra demokratiya və insan haqlarına hörmətin ABŞ-la dostluq üçün başlıca şərt olduğunun vurğulaması da diqqət çəkir. Bundan sonra T.Melianın E.Fətullayevlə görüşü, Elmar Hüseynovun qəbrini ziyarət etməsi hakimiyyəti son dərəcədə narahat edən məsələlər kimi qiymətləndirilməlidir. T.Melianın açıqlamaları ABŞ-ın Azərbaycanda demokratiyaya önəm verdiyini göstərdi.
Üstəlik, T.Melianın Bakıda olduğu müddətdə WikiLeaks-də Azərbaycanla bağlı materialların yayılması da proseslərə təsirsiz ötüşməyib. Belə ki, həmin informasiyalar Azərbaycan-Iran, Azərbaycan-Rusiya münasibətlərinin daha da pisləşməsi ilə nəticələ bilər.
Heç bir şübhə yoxdur ki, T.Melianın dövlət başçısı ilə görüşü baş tutardısa, bütün bu məsələlərin müzakirəsi gözlənilirdi. Məhz bu məqamlar – mümkün müzakirələrin gərgin keçə biləcəyi ehtimalı I.Əliyevi T.Melia ilə görüşdən yayınmağa vadar edib.

Hikmət