“AZAL” Türk Hava Yollarını sıxışdırır?

Turistlərin xaricə üz tutmaması üçün aviabiletlər bahalaşa bilər

Bu ili “turizm ili” elan edən hökumət ölkə vətəndaşlarının Azərbaycanda istirahətini təmin etmək üçün müəyyən addımlar atmaq qərarına gəlib. Lakin bu addımlar hər zaman olduğu kimi vətəndaşların yox, hökumətin öz maraqlarına uyğundur. Bunun üçün ilk növbədə aviareyslərin qiymətləri bahalaşdırılıb.
“Yeni Müsavat” qəzetinin yaydığı məlumata görə, “Azərbaycan Hava Yolları” QSC (AZAL) biletlərin qiymətini qaldırmaqla yanaşı “Türk Hava Yolları”nı da sıxışdırır. Bu şirkətdən də qiymətləri qaldırmaq tələb edilir. Buna səbəb isə vətəndaşların daha çox bu şirkətin xidmətlərindən istifadə etməsidir. Məlum məsələdir ki, Azərbaycanın istirahət və turizm məkanlarında qiymətlər çox bahadır. Bu səbəbdən də insanlar daha ucuz qiymətə yüksək səviyyəli xidmətə üstünlük verir və bunun üçün Türkiyəyə üz tutur. Bu da bütün sahələr kimi turizmi də inhisarda saxlayan monopolist-oliqarxların maraqlarına cavab vermir. Ona görə də bunun qarşısını almaq üçün müxtəlif variantlar axtarmaq qərarına gəliblər.
Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini öyrənmək qərarına gəldik.
“Azal”ın xidmət rəisi Məhərrəm Səfərli deyilənlərlə razılaşmasa da, qiymətlərdə müəyyən artımın olduğunu etiraf etdi. Buna səbəb kimi isə o, bütün dünyada qiymətlərin bahalaşdığını göstərdi. Xidmət rəisi avronun bahalaşmasının da biletlərin qiymətinə təsir göstərdiyini deyir: “Beynəlxalq Mülki Aviasiya Təşkilatının qərarına əsasən, biletlər avro ilə satılmalıdır. Avro bahalaşdığından biletlər də bahalaşıb. Amma artım elə də yüksək deyil. Əgər ötən il biletlər 350 manat idisə, indi təxminən 530 manatdır”.
M.Səfərlinin sözlərinə görə, ərəb ölkələrində baş verən iğtişaşlardan sonra Türkiyəyə turist axını artıb. Bu ölkədə isə bütün sahələrdə qiymətlərdə artım müşahidə olunur. Bu səbəbdən də artım labüd idi.
“Turkish Airlines” şirkətinin direktoru Mehmet Akkaya da hələ ki, biletlərin qiymətində artımın olmadığını deyir.
Bununla belə yaxın vaxtlarda, turizm mövsümünün qızğın vaxtında aviabiletlərin qiymətinin artacağını gözləmək olar. Bunun səbəbi isə yuxarıda qeyd olunanlardı. Yəni rəsmilərin məqsədi ölkə vətəndaşlarının daxildəki turizm obyektlərinə üz tutmasını təmin etməkdir. Doğrudur, bunu başqa yolla, xidmətlərin qiymətini ucuzlaşdırmaqla da etmək olar. Lakin məmurlar ilk növbədə şəxsi maraqlarını güddükdən bu varianta əl atır.

Fizzə