Məmləkətdə demokratiya var?

Bəlkə Türkiyəli rejissor Süleyman Nəbioğlunun komediya janrında çəkdiyi “Məmləkətdə demokratiya var” filmini görmüsünüz. 60-cı illər Türkiyəsindən bəhs edən filmin ssenarisi baş nazir Adnan Menderesin həbsi və onu dar ağacından qurtarmaq istəyən bir dəlisovun hekayəti üzərində qurulub. Qəribə olsa da, dramatik hadisələri canlandıran film komediya janrında.

Bir siyasi film necə komik ola bilər ki? Əslində, bu ssenari hansısa bir təxəyyülün məhsulu deyil. O illərdə həqiqətən də tunel qazıb Menderesi həbs yatdığı yerdən qurtarmağa çalışan 4 nəfər həbs olunubmuş. Filmin yaradıcıları da o illərdə ölkənin yaşadığı acı, qarmaqarışıq tarixi satirik bir dillə canlandırmaq məqsədi qoyub qarşısına. Filmin baş rolunu oynayan Müjdat Gezen jurnalistin “Siz demokratiya üçün nələri gözə alarsınız? Canlandırdığınız Baradan xarakteri dənizin altına girib orada aksiya keçirmək istəyir…” – sualına çox maraqlı bir cavab verib.

“Mən demokratiya üçün 68 yaşıma qədər üç dəfə hesab ödədim. Cəza evinə girdim, ayağıma qandal vurdular və bu, sadəcə yazdıqlarım, düşündüklərimi söylədiyimlə bağlıydı. Şübhəsiz, demokratiya bu deyildir. Günümüzdəki demokratiyaya da demokratiya demək mümkün deyil. Ölənə qədər hansı günahı üzündən yatdığını bilməyən insanlar var hələ”.

Bəli, bu gün dünyanın dörd yanında demokratiya savaşı aparan insanlar ölkələrinə faydalı dəyişikliklər gətirmək istəyində. Öz yaşadığı məmləkətin acı keçmişindən hər kəsin dərs almasını istəyən şəxslərin bu mücadilədə önəmli yer alması da çox məntiqli. Bir sənətçinin əsəri öz xalqının demokratiya mübarizəsində ən dəyərli töhfədir, eləcə də bir şairin şeiri, bir rəssamın tablosu, bir bəstəkarın musiqisi. Əslində, ölkəni irəli aparan, inkişaf yoluna çıxaran, həqiqi demokratiyaya qovuşduran vacib amillər sırasında bu da var. Həqiqətən, cəmiyyətin önündə gedən insanlar çalışmalıdır ki, dünya tarixində yaşanmış acı gerçəklər bütün xalqlara ibrət olsun…

Türkiyə tarixindən isə ona görə nümunə gətirdim ki, bəlkə də son illər dünyanın ən gərgin hadisələri onun çevrəsində cərəyan edir. Qonşuluqda Iraq, Iran, Suriya, Azərbaycan, Ermənistan kimi ölkələrin yer alması deyilənlərə aydınlıq gətirir hər halda. Bu gün təməl haqları uğrunda küçələrə çıxan dinc insanları gülləbaran edən Suriya hökuməti Türkiyə demokratiyasından örnək ala bilməzmi? Əsəd rejimi müharibə elan etdiyi xalqın zülmdən qaçıb qonşu ölkəyə sığınmasına necə normal baxa bilir, anlamıram? Bunun sonu necə olacaq? Hər kəs bilir ki, artıq qəddar rejimlərin bu yolla özlərini xilas etməsi heç bir halda mümkün deyil…

Bizə gəlincə…Əslində, bu gün dünyada baş verənlər bizim üçün mühüm bir mesajdır. Nümunə gətirdiyimiz Türkiyəyə başqa ölkələrdən bir köynək yaxın olan Azərbaycanda dəyişikliklər nədən bənzər dinc yolla həyata keçirilməsin ki? Nədən qardaş ölkədə illərdən bəri bərqərar olan şəffaf seçki təcrübəsi sonunda bizə də gəlib çıxmasın? Nədən bütün dünyada insanların adi konstitusiya haqqı olaraq tanınan sərbəst toplaşmaq azadlığı bu ölkədə yasaq sayılsın? Ətrafa bir daha yaxşı-yaxşı baxmağa dəyər. Uzağa getməyək. Biz kimin yolunu getmək istəyirik – öz xalqına təkəbbürlə qarşı dayanan ərəb diktatorlarının, yoxsa keçən həftəyə demokratik seçkiylə damğasını vuran qardaş Türkiyənin? Bəlkə gec deyil, hələ düşünmək olar?