Qarabağla bağlı plan nədən ibarət ola bilər?

Bernar Fasye yeni konsepsiya barədə danışıb

Vəfa Quluzadə: “Həmsədrlərin Azərbaycanın xeyrinə konsepsiya ilə çıxa biləcəyini gözləmək olmaz”

Prezidentlərin Kazan görüşü ərəfəsində ATƏT-in Minsk qrupunun fransalı həmsədri Bernar Fasye Avropa Parlamentində Qarabağın taleyi ilə bağlı çıxış edib. Həmsədrin sözlərinə görə, əgər tərəflər yaxın günlərdə Madrid razılaşması əsasında təklif edilən baza prinsiplərini qəbul etməsələr, o zaman vasitəçilər münaqişənin həlli üçün yeni konsepsiya ilə çıxış etməli olacaqlar.
Azərbaycanın 2010-cu ilin əvvələrində Madrid prinsiplərinin yenilənmiş variantına razılıq verdiyini xatırladan Fasye bundan sonra həmsədlərin tərəflərə bir neçə dəyişdirilmiş təklifləri təqdim etdiyini deyib.
Fasye hansı konsepsiyadan söz açır və onun Azərbaycana nə kimi faydası ola bilər?
Politoloq Vəfa Quluzadənin fikrincə, həmsədrlərin Azərbaycanın xeyrinə konsepsiya ilə çıxa biləcəyini gözləmək olmaz. Digər tərəfdən, konsepsiya ilə çıxış etmək həmsədrlərə həvalə olunmayıb. Həmsədrlər onlara tapşırılan işin öhdəsindən gələ bilmir: “Minsk qrupunun mandatına görə həmsədrlər 7 rayonu boşaltmalı, ondan sonra Dağlıq Qarabağ danışıqlarına başlamalıdırlar. Fasye çox vaxt özündən bəzi şeylər toxuyur. Amma sonra nəticəsi olmur”.
Ekspertin sözlərinə görə, münaqişə tərəflərinin razılığı olmadan heç bir konsepsiya işləyə bilməz. Ona görə də Fasyenin dedikləri əhəmiyyətsizdir: “Münaqişələr konsepsiya ilə həll oluna bilsəydi, onda dünyada münaqişə qalmazdı. Burda bir konsepsiya ola bilər. Fransız qırıcı təyyarələri Qəzzafini qoyub gəlib Sərkisyanı vursunlar. Çünki Sərkisyanın heç nəyi Qəzzafidən yaxşı deyil”.
V.Quluzadə hesab edir ki, həmsədrlər ilk növbədə erməniləri beynəlxalq hüquqa hörmət etməyə vadar etməlidir. Bu olmayan halda Fasyenin yeni konsepsiya barədə danışması gülüncdür: “Istənilən konsepsiyaya bir cavab var. Azərbaycana yaramırsa, biz yox deyirik. Erməniləri qane etmirsə, onlar yox deyir. Day onda Fasye nəyə lazımdır?”.

Fizzə