Ziya Məmmədov öz şirkətlərinin mənfəəti üçün xalqı talayır
Nemət Əliyev: «Əhali hökumətin bu qərarına çox ciddi etiraz etməlidir»
Ictimai nəqliyyatda gedişhaqları yenidən artırılıcaq. Bu barədə nəqliyyat naziri Ziya Məmmədov jurnalistlərə açıqlamasında bildirib. Nazir konkret tarix göstərməsə də, qiymətlərin bu ilin sonunda arta biləcəyini qeyd edib. Bahalaşmanın səbəbini isə Z.Məmmədov iki səbəblə əlaqələndirib. Bunlardan biri paytaxt Bakıda nəqliyyatın intellektual idarəetmə sisteminə keçməsi çərçivəsində bir sıra yeniliklərin tətbiqidir.
Yeniliklər sırasına bütün dayanacaqlara, avtobuslara və hətta taksilərə kameraların quraşdırılması, avtobusların hərəkət qrafikinin sərnişinlər və avtobus gözləyənlər tərəfindən izlənməsi, yolların və dayanacaqların sıxlığının monitorinqinin aparılması və s. aiddir. Sistemin tətbiqi nəticəsində həm də, fövqəladə hallar zamanı şəhər nəqliyyatının idarə olunmasının təşkili, yollarda, yol ötürücülərində, dayanacaqlarda və parklanma yerlərində qəzalar (yol-nəqliyyat hadisələri, terror aktları və s.) haqqında məlumatların yığılması, qeydə alınması və aidiyyəti təşkilatlara ötürülməsi həyata keçiriləcək. Nəqliyyatın intellektual idarəetmə sisteminin bu ilin sonunadək – sentyabr-noyabr aylarında işə salınması gözlənilir. Dərhal sonra gedişhaqlarının plastik kartlar vasitəsilə ödənişinə də başlanacaq.
Z.Məmmədov ikinci səbəb kimi onu göstərib ki, nəqliyyat sahəsində fəaliyyət göstərən şirkətlər bu sahəyə investisiya yatırmaqda maraqlı olmalı və gəlir əldə edə bilməlidirlər(APA).
Iqtisadçı Nemət Əliyevin sözlərinə görə, gedişhaqlarının artırılması ilə bağlı gətirilən arqumentlər heç bir halda ciddi sayıla bilməz: “Dünya təcrübəsinə görə, yeni texnologiyaların tətbiqi məhsulun maya dəyərini aşağı salır. Bu zaman da qiymətlər avtomatik olaraq aşağı düşməlidir. Deməli, bu arqument ciddi sayıla bilməz. Şirkətlərin bu sahəyə maraq göstərməsi ilə bağlı səslənən fikir də absurddur. Məlum məsələdir ki, nəqliyyat sektoru və bura aid olan şirkətlər elə Ziya Məmmədovun öz nəzarətindədir.Deməli, bu boyda xalqı kənara qoyub öz şirkətlərinin maraqlarını düşünür. Ölkənin nəqliyyat sektorunda tənəzzül yaşanır. Baxmayaraq ki, sərmayələrin ən çox yatırıldığı sahələrdən biridir. Ayrılan vəsaitlərin böyük hissəsi təyinatı üzrə xərclənmir. Onu da nəzərə almaq lazımdır ki, nəqliyyat ictimai sektordur. Hər hansı yeni texnologiyanı tətbiq etməkdə dövlətin marağı mənfəət əldə etmək yox, əhalinin vəziyyətini yaxşılaşdırmaq olmalıdır”.
N.Əliyev hesab edir ki, hökumət qiymətləri qaldırmamışdan əvvəl əhalinin sosial vəziyyətini göz önünə gətirməlidir: “Əgər əhalinin vəziyyəti qiymətləri artırmağa imkan verirsə, o zaman artıra bilərlər. Amma məlum məsələdir ki, ölkə vətəndaşlarının sosial durumu çox acınacaqlıdır. Əhalinin gəlirləri qiymətlərin səviyyəsindən çox geridə qalır. Ona görə də, əvvəlcə maaşları, təqaüdləri qaldırmaq lazımdır. Yalnız bundan sonra gedişhaqlarını artırmaqdan söhbət gedə bilər. Kommersiya maraqlarını əsas götürüb qiymətləri qaldırmaq qətiyyən doğru deyil”.
Iqtisadçı hesab edir ki, bu cür artımlara qərar verərkən hökumət bir qayda olaraq əhalinin sosial durumunu nəzərə almır, onların gəlirlərini çoxaltmaq barədə düşünmür: “Ona görə də sosial vəziyyəti ağır olan insanlar buna çox ciddi şəkildə etiraz etməlidir. Əks halda əhalinin vəziyyəti bir az da ağırlaşacaq”.
Gültəkin