Bakı niyə bahalı şəhər olub?

Samir Əliyev: «Bahalığa səbəb rəqabətin olmaması, rüşvət və gizli iqtisadiyyatdır»

Bakı dünyanın ən bahalı şəhərlərinin reytinqində 49-cu yerdədir. Reytinq cədvəlini hazırlayarkən şəhərlərin qida, içki, siqaret, eyni zamanda geyim, texnika, yaşayış evləri və kommunal xidmətlərin qiymətləri əsas götürülür. Bu siyahıda paytaxtımızın qonşuları Strasburq (Fransa) və Monrealdır (Kanada).
Lakin yaşayış səviyyəsi müqayisə ediləndə bu ölkələrlə Azərbaycan arasında fərq xeyli yüksəkdir. Belə ki, Fransada adambaşına düşən ÜDM 41 min dollar, Kanadad 46 min dollar, Azərbaycanda isə 7 min dollardır. Digər tərəfdən, bu ölkələrdə minimum əmək haqqı da xeyli yüksəkdir. Məsələn, Fransada bu göstərici 1500 avro, Kanadada isə 2 min dollardır. Azərbaycanda isə minimum əmək haqqı 85 manatdır. Yaşayış səviyyəsində bu qədər fərq olduğu halda Bakı hansı səbəbdən Strasburq və Monrealla bir sırada dayanır?
Iqtisadçı-ekspert Samir Əliyev Bakının bahalı şəhər olmasının əsas səbəbi kimi rəqabətin olmamasını göstərir. Ekspertin sözlərinə görə, bir çox parametrlərə görə Bakıda qiymətlər hətta Avropa şəhərlərindən də xeyli bahadır: “Bakıda ev kirayəsi Avropa şəhərlərindən bahadır. Amma həmin ölkələrdə əhalinin gəlirləri, orta aylıq əmək haqqı, yaxud digər göstəricilər burdan dəfələrlə çoxdur. Bakının bahalı şəhər olmasının birinci səbəbi Azərbaycanda rəqabətin olmamasıdır. Göstərilən xidmətlər də qiymətinə uyğun deyil”.
Ekspertin fikrincə, yerli sahibkarlara şəraitin yaradılmaması rəqabətsiz mühitə gətirib çıxarıb. Bu da nəticədə qiymətlərin baha olmasına səbəb olur.
Ekspert bahalığın ikinci səbəbi kimi korrupsiya və rüşvəti göstərdi. Sahibkarlar süründürməçiliklə üzləşir, əlavə xərc ödəməli olur. Bu xərc isə nəticədə məhsulun maya dəyərinə ciddi təsir edir.
S.Əliyevin sözlərinə görə, bahalığın başqa bir səbəbi gizli iqtisadiyyatın mövcudluğudur. Bu da təxminən 60% təşkil edir. Əmək haqqı aşağı olan insanlar əlavə qazanc mənbəyi axtarır. Vergidən yayınma halları baş verir. Qeyri-rəsmi vəsaitin dövriyyəsinə görə də Azərbaycanda qiymətlər bahadır.

Fizzə