Saatlı yolunun “qırx”ı çıxmadı

Saatlı-Musalı-Məzrəli avtomobil yolu açılışından bir ay sonra təmirə bağlandı

 

Mayın 5-də Prezident Ilham Əliyevin Saatlı və Imişliyə səfəri zamanı hər iki rayonda yenicə asfaltlaşdırılmış yerli əhəmiyyətli avtomobil yollarının lentkəsmə mərasimi oldu. 4-cü dərəcəli texniki yolların açılışında ölkənin birinci dərəcəli şəxsinin iştirak etməyinin nə qədər gülünc olması qalsın bir yana, Saatlı və Imişli şəhərlərini birləşdirən və ümumi uzunluğu 40 kilometrdən artıq olmayan bir yolun üstündə iki dəfə lentkəsmə mərasiminin YAPılmağıÿyerli ictimaiyyətdə gülüş doğurmuşdu.
Saatlı-Musalı-Məzrəli avtomobil yolunun qırmızı lenti kəsilməzdən əvvəl dövlət başçısına bildirdi ki, yola 16 santimetr qalınlığında asfalt örtüyü döşənib, tikinti zamanı böyük həcmdə torpaq işi görülüb, ümumilikdə, 326 min kubmetrə qədər qum-çınqıl, 31 min tona qədər asfalt-beton işləri yerinə yetirilib. Hələ o zaman bu rəqəmlərin kifayət qədər şişirdilmiş olduğu şübhə doğurmurdu. Deyirlər yalanın və digər yaramaz əməllərin üstü 40 gün keçməmiş açılar. Lakin üstündən heç bir həftə keçməmiş həmin yolda qabarma və çökmələr oldu, ardınca isə asfalt örtüyü dağılmağa başladı. Iqtidar mətbuatının və ölkə telekanalizasiyalarının təmtəraqlı şəkildə təqdim etdiyi “avtomobillərin rahat və təhlükəsiz hərəkətinə şərait yaradan müasir yol” artıq təmirə dayanıb.
Qeyd edək ki, Saatlı-Musalı-Məzrəli avtomobil yolunun yenidən qurulmasından ötrü Prezidentin 21 okrtyabr 2010-cu il tarixli, 1163 H-li sərəncamı ilə 1,5 milyon manat vəsait ayrılmışdı. “Tarixi” səfərdən sonra isə ölkə başçısı Saatlı rayonunda abadlıq və quruculuq işləri görülməsi üçün daha 2 milyon manat vəsait ayırdı. Yəqin ki, həmin vəsaitin bir neçə yüz min manatı sözügedən yolda təmir və bərpa işlərinə sərf olunacaq. Yol təmirdən çıxandan sonra onun yenidən açılışında ölkə başçısının iştirak edib-etməyəcəyi hələlik məlum deyil.

 

Azər Əli