Polis intiharının yeni təfərrüatları

Serjantın ölümündə adı hallanan Ağsunun polis rəisi «Azadlıq»a danışdı

Polis serjantı Asim Baxşiyev atası ilə birgə

 

 Rayon sakinləri isə qəzetimizin köşklərdən yığışdırıldığını söylədilər

 

Iyunun 9-da Ağsunun Daşdəmirbəyli kəndinin sakini, polis serjantı Asim Baxşiyevin ölümü ilə bağlı “Azadlıq” qəzetinin ötən sayında geniş yazı dərc edilmişdi. Yazıda A.Baxşiyevin ölümünün səbəbləri araşdırılmışdı. Qeyd olunurdu ki, polis serjantının Dövlət Yol Polisinə məxsus “Wolksvagen-Passat” markalı avtomobildə xidməti silahı ilə özünü güllələməsinin səbəbkarı Ağsu rayon polis şöbəsinin rəisi Hatəm Hacıyev olub.
Ailəsi, dost-tanışları, ümumiyyətlə, Asim Baxşiyevi uzaqdan-yaxından tanıyanlar polis serjantının intihar etməsində Hatəm Hacıyevi suçlu bilir: “Maaşından hər ay 250 manat kəsilirdi, rayonun mərkəzi bazarının rəhbəri Varis Məmmədovu şərləmək əmri vermişdi. Polis rəisi Asimə ”ya dediklərimi edəcəksən, ya da şərlənib ömürlük həbsə gedəcəksən” deyib. Rəis təklif edib ki, o, iş yoldaşı olan digər polis əməkdaşının üzünə dursun və onu rüşvət alanda gördüyünü söyləsin”. Yazıda o da vurğulanırdı ki, hadisə baş verməzdən az öncə mərhum Hatəm Hacıyevin otağında olub: “Həmin vaxt orada qərargah rəisi Qorxmaz Məmmədov və Kərəm adlı rayon polis şöbəsinin cinayət-axtarış bölməsinin rəisi də olub. Hər üçü Asimi təhqir edib, işdən çıxması haqqında ona ərizə yazdırmaq istəyiblər. O isə həmin vaxt ərizəni könüllü yazmaq istəməyib. Polis rəisi və digər iki nəfərin təhqirlərinə dözməyib otağı tərk edib. Yalnız bunu deyib: ”Bir neçə dəqiqədən sonra gəlib ərizəni yazacam”. O, xidməti silahını da götürüb maşınına gedib. Bir saatdan sonra isə Asimin meyiti xidməti avtomobilindən tapılıb. Asim hadisədən əvvəl, yəni saat 21:00-da sıra baxışında da olub”.

Yazıda adı hallanan polis rəisi Hatəm Hacıyev dünən qəzetimizlə əlaqə saxlayaraq yazılanların həqiqət olmadığını bildirdi: “Sizin yazınıza etirazımı bildirirəm. Respublika Prokurorluğunun araşdırması gedir. Hər kəsdən izahatı alınıb. Yazıda adları çəkilən əməkdaşların hər biri, o cümlədən mən bu araşdırmanın sonunu gözləyirik. Qanun şahdır, şah qanun deyil. Əgər biz qanunsuzluğa yol vermişiksə, qanun qarşısında cavab verməyə, cəzamızı çəkməyə hazırıq”.
Hatəm Hacıyevə yazıda qeyd edilən bir neçə ittihamla bağlı sual ünvanlamaq istəyəndə “aparılan araşdırmanı gözləyək. Əgər hər hansı məlumat əldə etmək istəyirsinizsə, prokurorluqla əlaqə saxlayın, onlar sizə daha dolğun cavab verə bilərlər” dedi.

Daha sonra qəzetimizin şərhçisi Seymur Həzi ilə Hatəm Hacıyev arasında dialoq oldu…

Seymur Həzi (S.H): – Biz bir informasiya vermişik. Və orada qeyd etmişik ki, qarşı tərəfin də mövqeyini dərc edə bilərik. Ancaq bizə kömək etmirsiniz. Istintaq materiallarına istinad edə bilmərik. Çünki onları görməmişik. Istərdik ki, bizə də danışasınız…
Hatəm Hacıyev (H.H): – Mən sizə fikrimi bildirirəm. Qəzetinizdə çap edilən yazını oxudum. Minnətdarlığımı bildirirəm, çox sağ olun. Polis rəisi kimi mənim ünvanıma səslənən fikirlərə etiraz edirəm və böhtan adlandırıram. Məsələ ilə bağlı cinayət işi qaldırılıb.

S.H: – Bu dialoqumuz qəzetdə çap olunacaq. Oxucu da baxıb görəcək, mən sizə yalvarıram ki, özünüzü təmizə çıxarmaq üçün bizə fakt verin, siz də vermirsiniz. Yalnız “etiraz edirəm” deyirsiniz.
H.H: – Mən sizə fikrimi bildirdim. Əgər qanun çərçivəsində kimin nə günahı varsa, cəzanı çəkməyə hazırdır. Araşdırmanı prokurorluq aparır, bizim də mətbuat xidməti sizə ətraflı məlumat verə bilər…

Mərhumun qardaşı Rəfail Baxşiyevlə əlaqə saxladıq. Müsahibimiz bizimlə söhbətində bildirdi ki, əgər Hatəm Hacıyevin bu işdə əli yoxdursa, niyə hadisə baş verən gün jurnalistləri rayona buraxmayıb: “Ayın 9-da polis rəisi rayonu, o cümlədən bizim kəndi mühasirəyə almışdı. Gəlib-gedənlər nəzarətdən keçirdi. Ictimai televiziyanın bölgə müxbirini Ağsuya gəlməyə qoymadılar. Eləcə də bir neçə telekanalın əməkdaşları çəkiliş apara bilmədi”.
R.Baxşiyev deyir ki, “Azadlıq”ın ötəngünkü sayı rayonda köşklərdən yığışdırılıb: “Qəzetinizdən bircə dənə də olsun köşkdən tapa bilmədik”.
Baxşiyevin sonuncu məlumatını Ağsudakı başqa bir qaynağımız da təsdiqlədi. Qaynağın bildirdiyinə görə, köşklərə qəzet gələr-gəlməz hamısı yığışdırılıb: “Bir neçə şəxslə əlaqə saxladıq, dedilər ki, polis rəisi qəzeti köşklərdən yığışdırmağı əmr edib”.

Ramin DEKO