aliyev-heykel

Heydərizm «Qurtuluş»unun bu günü

Hərbi-siyasi qiyamdan 18 il sonranın qeydləri…

 

Azərbaycanda xalq hakimiyyətinin qiyam yolu ilə devrilməsindən 18 il ötür. Bu “hərbi-siyasi qiyam üçbucağı”nın son aqibəti barədə onu demək olar ki, hərbləşmiş katetlərin kvadratlarının cəmi siyasi hipetenuzun kvadratına bərabər ola bilmədi. Heydər Əliyev hakimiyyətə gəlmək üçün ona var gücü ilə kömək etmiş Surət Hüseynov və Əlikram Hümbətovu “vətən xaini” elan edib həbs elətdirdi. Bütün klassik detektiv filmlərində olduğu kimi, tətikçilər məhkəmə qarşısından ipə gedir. Sifarişçi isə zərərçəkmişin vəkili qismində ilahi ədalətdən danışır.
Cənubi Qafqazda etnofaşizmə yuvarlanmış Ermənistan və Qamsaxurdiya Gürcüstanı regionun siyasi hadisələrində pozitiv mövqe tuta bilmirdilər. Etnik demokratiya bu cəmiyyətlərin daxili balansını sarsıtmışdı.
Azərbaycan təcavüzlə qarşı-qarşıya olduğu bir vaxtda, torpaqlar uğrunda savaşan nizami hərbi hissələrin şəxsi heyəti öz yerində, könüllü özünümüdafiə dəstələrinin daxilində də demək olar ki, bütün etnik azlıqlar canfəşanlıqla iştirak edirdilər. Şuşanın son şəhidi milliyyətcə yəhudi, Füzulidə yetmiş nəfər silahdaşını xilas etmək üçün özünü tankın altına atan əsgər isə milliyyətcə talış idi. Bütün bunları xatırlatmaqda məqsədimiz qarşıdakı abzaslarda toxunacağımız etnik separatizm məsələsində daha aydın ifadə olunmaq üçün zəmin yaratmaqdır.

 

Elçibəy hakimiyyəti torpaqların azad olunması üçün uğurlu döyüş əməliyyatları aparır, siyasi məsələlərdə demokratiya ön plana çəkilirdi. Iqtisadiyyatda şəffaflıq barədə isə bu hakimiyyət devriləndən bir neçə il sonra “Dəmir Ledi” – Tetçer yazacaq: “Dünya xalqları və Azərbaycan xalqı bir də belə şəffaf hökumət görməyəcəklər, onlar milyon dollarlıq dövriyyədə qalıq bir sentin rəsmiləşməsi üçün üç gün müzakirə-hesablama aparırdılar”.
Azərbaycan iqtisadi siyasi azadlıqlar cədvəlində Baltikyanı ölkələri ikisindən (Latviya və Estoniyadan) bir pillə öndə, Litvayla isə eyni mərtəbədə qərar tuturdu. Qafqaz bu inteqrasiya sürətilə mədəni dünya ilə arasındakı ciddi bir məsafənin üçdə ikisini qət eləmişdi. Əlbəttə, Azərbaycanın simasında…
Kreml bu vəziyyətdən narahat idi. Qafqaz ənənəvi rus asılılığından çıxırdı. Bu uzaqlaşmanın böyük bir ağırlığı isə mədəni siyasi dünya görüşünün payına düşürdü. Insan faktoruna üstünlük verən siyasi hakimiyyət bütün ittifaqı iqtisadi böhrana salmış Moskvanın ekspromt denominasiya əməliyyatından da uğurla çıxdı. Bu artıq movzeleyi də silkələyəcək hadisə idi…
Başqa tərəfdən, AXC hakimiyyətində adlı-sanlı kommunistlərin olmaması rus məkrinə əl-qol açmağa imkan vermir, proseslərin yönünü silahlı müdaxiləyə istiqamətləndirirdi. Çünki AXC hakimiyyətinin uzanması regionu hər gün Kremldən uzaqlaşdırırdı. Moskva bu “pis” nümunəni tezliklə məhv etməkdə qərarlı idi. Bunun üçün nə lazımdırsa, ediləcəkdi.

Yeri gəlmişkən, Azərbaycan coğrafi üstünlüyündən istifadə etmirdi. Bu isə siyasi üstünlüklərə üz çevirdiyini əsaslandırmaq üçün idi. Nəticədə BMT-də “Qarabağ” münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü prinsipi çərçivəsində həll olunmasına 134 ölkə səs vermişdi. Iyun hərbi-siyasi çevrilişindən sonra isə “müdrik siyasət” bu rəqəmin düşməsinin qarşısını yalnız 34 dövlətə çatanda ala bildi. Bu dövlətlərin də 30-u IKT üzvüdür.
2006-cı ildə Gürcüstan hərbi hissələrinin birində Saakaşviliyə qarşı baş vermiş qiyam cəhdi 18 il öncə Elçibəy hakimiyyətinə qarşı atılan addımın nəzəri və praktiki təkrarı idi. Eyni plan, eyni müqəddimə…

Məlumdur ki, bütün post-sovet ölkələrinin hərbi sistemlərində Rusiya hərbi kəşfiyyatına bağlı zabitlər var. Və bunlar vasitəsilə istənilən provokasiyanı təşkil etmək olar. Ancaq Saakaşvili bu qiyam nəticəsində hakimiyyətini itirmədi. Bunun səbəbi qətiyyən gənc gürcü liderin daha təcrübəli olmasında deyildi. Nəzərə alsaq ki, Elçibəy uğurlu əməliyyatlar aparan və inzibati, eyni zamanda, siyasi cəhətdən özünə bağlı olan güclü ordu hissələrinə komandanlıq edirdi, deməli, onun vəziyyəti daha yaxşı idi. Sadəcə, o zamanın beynəlxalq siyasi qurumlarındakı vəziyyət Qərbi, Saakaşvilini dəstəklədiyi kimi Elçibəyi də dəstəkləməyə məcbur etmirdi. Bu məqamda hadisələrin mahiyyətinə təsir edəcək bir ilahi “qüsur” da o idi ki, bu regionda Qərbin rəqibləri həm də Elçibəyin şəxsi, milli-ideoloji rəqibləri idi. Və hər kəs Rusiyaya, Irana münasibətdə etdiklərini Elçibəyin boyun borcu sayırdı. Bu isə prinsipial məqamda Elçibəyin meydanda tək qalmasına səbəb olurdu.
Heydər Əliyevin hakimiyyətinin ilk iki ilində daxili silahlı müharibələr, qətllər də oldu. Mart hadisələrində Elçibəy tərəfləri təmkinli olmağa çağırdı, amma iyun qiyamında Heydər Əliyev Surət Hüseynovun tanklarına mədhiyyələr deyirdi. Bu isə dövlət çevrilişinə dəstək, qiyama siyasi qoşulma idi…

Bu qiyamın iqtisadi tərəfi isə geniş mənada siyasi-strateji məqam idi. Azərbaycanın mühüm enerji resurslarının işlənməsi – dünya bazarına çıxarılması üçün təcrübəli iqtisadi tərəfdaşa ehtiyacı vardı. 90-cı illərin əvvəlində üç bu cür tanınmış şirkət Azərbaycanla işləmək istəyirdi. Norveçin “Statoil” şirkəti, Britaniyanın bp şirkəti və ABŞ neft sənayeçilərinə aid “Amoko” şirkəti. Norveç neft ölkəsi kimi, demokratik ənənəyə malik yeganə dünya dövlətidir. AXC hakimiyyəti isə həm neft, həm demokratiya modelini tətbiq etmək niyyətində idi. Buna görə də Norveç şirkətilə işləməyə üstünlük verdi. Bu addım bp-nin Azərbaycan neftinə yiyələnmək niyyətinin qarşısını aldı. Rusiya isə “Qafqazda təhlükəsizlik məsələsi” planına uyğun olaraq bp ilə anlaşdı. Neft Qərbə, siyasi yön Rusiyaya…
Qərb ilk dəfə və ən iri miqyasda demokratiyanı və regiondakı təhlükəsizlik maraqlarını neft maraqlarına qurban verdi. Bu siyasət 14 il sonra ABŞ Senatından belə tənqid olundu: “Dünyanı bir neçə neftçinin şəxsi maraqları nəminə təhlükəyə atmağımıza görə hamımız məsuliyyət daşıyırıq”.

Heydər Əliyevin hakimiyyətə gəlişində Moskvanın rolunu hələ qiyamın ilk günlərində Əliyev parlamentdə Rəhim Qazıyevə cavab verərkən təsdiqləmişdi: “Burada Rusiyanın məni dəstəkləməməsi barədə deyilənlərin heç bir əsası yoxdur. Mən axşam Yeltsinlə danışmışam, o, Bakıda baş verənləri dəstəkləyir”.
Bakıda qiyam var idi. Legitim hakimiyyət devrilirdi. Heydər Əliyev isə bu açıqlaması ilə Kremlin pərən-pərən düşmüş adamlarını öz ətrafına çağırırdı. Mütəllibova yaxın Bakı və Şirvan elitasından başqa bütün sovet nomenklaturası şəxsi işlərinin açılması təhlükəsindən ehtiyatlanaraq keçmiş KQB generalının tərəfinə keçdilər.

Iyun “qurtuluşu”na qədər xalq imperiya yıxmış, torpaq azad etmişdi. Cənubdakı soydaşlarının müstəqillik əldə etməsi üçün daha bir azadlıq hərəkatı astanasında idi. Bu mənada Iran da Heydər Əliyevlə rahat anlaşmışdı. Məlum “qurtuluş”dan sonra isə yeddi rayon ardıcıl işğal olundu, iki dəfə silahlı vətəndaş qarşıdurması yaşandı. Nəhayət, Azərbaycan xalqı ictimai-siyasi proseslərin reysindən çıxarıldı.
Heydər Əliyev rəsmi total təbliğatını “Xalq-Heydər, Heydər-Xalq” şüarı ilə həyata keçirirdi. Heydər Əliyev hakimiyyəti də xalqla belə paritet bölmüşdü. Formal konstitusion hakimiyyət xalqa, faktiki iqtisadi hakimiyyət isə “xilaskar”a çatdı. Əbülfəz Elçibəy rəhbərlik etdiyi xalq hərəkatının resursları ilə xalqın gücünü nümayiş etdirdi. Heydər Əliyev isə xalqın xilasını özünə bağladı. Azərbaycan xalqının yaxın tarixini bu qiyam özülləri üzərində qurmaqla Heydər Əliyev əslində, mutant sistemi üçün anormal keçidlərə zəmin yaratdı. Elçibəy isə bütün bu tarixi hadisələrin fonunda üzləşdiyi tənqid və təqiblərə rəğmən “Xilası bir şəxsdən asılı olan xalq məhvə məhkumdur” deyimi ilə yadda qaldı.

P.S. Əlikram Hümbətov və Surət Hüseynov Azərbaycanda Kremlin birinci demarşında həbs olundular, ikinci demarşında azadlıq aldılar. Bütün etnik qruplar isə 18 il öncə də, bu gün də bərabər yaşayırlar. Dəyişən isə odur ki, hakimiyyətdə ikinci Əliyevdir.

Seymur Həzi