Ağcabədidə su borularını kim satıb?

Qalmaqallı “boru əməliyyatı” ilə bağlı yeni məlumatlar

“Azadlıq”ın ötən saylarının birində Ağcabədinin icra başçısı Şahin Məmmədov Qarqar çayından rayon mərkəzinə axan suyun borularını çıxararaq satması barədə məlumat vermişdik. Bu faktı qəzetimizin əməkdaşına rayon sakinləri söyləmişdi. Onların sözlərinə görə, uzunluğu 18 km olan borunun böyük bir hissəsi satılıb. Yalnız kiçik hissəsi qalıb ki, icra başçısı onları sata bilmir. Bunun səbəbi isə rayon sakinlərinin Şahin Məmmədova təpki göstərməsidir.
Əməkdaşımızın araşdırmaları nəticəsində bəlli olub ki,  Qarqardan Ağcabədinin mərkəzinə kimi uzanan 18 km-lik borunun 15 km-ə qədəri çuqundan ibarətdir. 1 çuqun borunun uzunluğu 4,20 metr, çəkisi 534 kq-dır. Bu isə o deməkdir ki, bir kilometrə 250 çuqun boru düşür. Bu rəqəmi də 15-dəfə yüksəldəndə 3750 ədəd çuqun boru edir. 15 km-lik çuqun borunun ümumi çəkisini tapmaq üçün isə sonuncu rəqəmi bir borunun çəkisinə, yəni 534 kq-a vuranda 2 002 500 kq – 2002.5 ton edir. 1 ton çuqunun qiyməti ən aşağı hesabla götürsək, 165 dollardır. Bunun cəmi isə 330330 dollara gəlib çıxır. Beləliklə də Şahin Məmmədov “boru əməliyyatı” nəticəsində külli miqdarda gəlir əldə edib.
Bu yazı Ağcabədidən deputat seçilmiş Aqil Abbasın da diqqətini çəkib. Redaksiyamıza gələn deputat bildirib ki, əslində həmin boruların çıxarılması Şahin Məmmədovun özfəaliyyəti deyil və ümumiyyətlə bu məsələnin icra hakimiyyətinə dəxli yoxdur. Deputat dediklərini əsaslandırmaq üçün bizə iki dövlət sənədi təqdim edib. Sənədlərdən biri “Birləşmiş Sukanal” Məhdud Məsuliyyətli Cəmiyyətin sədri Etibar Məmmədovun əmridir. Həmin əmr sözügedən boruların balansdan silinməsilə bağlıdır. Boruların balansdan silinməsinin səbəbi kimi onların yararsız hala düşməsi göstərilir. Digər sənəd isə Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin əsas vəsaitlərin silinməsi, satılması, balansdan-balansa və daşınar əmlakın icarəyə verilməsi komissiyasının sədri Elçin Rzayevin imzası ilə “Birləşmiş Sukanal” Məhdud Məsluiyyətli Cəmiyyətinin müraciətinə cavabdır. Elçin Rzayev yazır ki, təmsil etdiyi qurum boruların balansdan silinməsinə etiraz etmir.
Bununla belə Ağcabədi sakinləri israr edir ki, “boru əməliyyatı”nda Şahin Məmmədovun da böyük rolu var.

İnformasiya şöbəsi