Bu başlıq sizin yadınıza “Şindlerin siyahısı”nı salmaq üçündü. Hətta baş hərflər də oxşardı. Əminəm ki, yadınıza kimi salmaq istədiyimi yazmasaydım da, özünüz dərhal anlayacaqdız.
Şindler Ikinci Dünya Savşında yəhudilərin qətliamından söz açan bir filmdə onları xilas eləyən, qurtarmağa çalışan bir almanın adıdır. Ən əsası isə o, faşist zabitidir.
Süleyman isə nə faşistdi, nə faşist zabiti. Uzaqbaşı yapist ola bilər – polisə partiyaçı olmaq izni verilirsə. Mənimçün hətta bunu öyrənmək belə maraqlı deyil. Süleymanın soyadı Nemətovdu, Nəsimi Rayon Polis Idarəsində rəis müavini vəzifəsində çalışdığını bildirirlər.Bəli, Süleyman faşist deyil, heç ona faşist demək də olmaz. Ona görə yox ki, o, faşist deyil, ona görə ki, ona faşist deyənin iri tikəsini qulağı boyda edərlər. Faşist pis sözdü, yapist kimi deyil. Faşistlər zalım olur, insanlara əza-cəza verir, incidir, fiziki təzyiqə uğradır, sorğulamada istədiyinə nail olmayanda vəhşiyə dönür, şillə-təpikdən səxavətlə istifadə edir, sorğulanan şəxsin ağız-burunun qanını bir-birinə qatır, söyüş söyür və s. və ilaxır işgəncələrlə insanı doğulduğuna peşman edirdilər. Süleyman isə, Allaha şükür, faşist deyil, ümumiyyətlə, xoş halımıza ki, YAP faşist partiyası deyil, tutduğu xətt bəşəri dəyərlərə əsaslanır.
Daxili Işlər Nazirliyi Müsavat Məclisinin üzvü, “Demokrat” qəzetinin baş redaktoru Mustafa Hacıbəylinin şikayəti üzrə təhqiqata başladığını bildirdiyi arada həmincə Süleyman maraqlı açıqlama verib. Özü barədə deyilənləri təkzib edib: “Mən dövlət məmuruyam. Əmrləri icra edir, ictimai asayişi qoruyuram”. Belə çıxır, Süleyman kimsəni nə döyər, nə işgəncə verərdi. Sadəcə, ona yuxarıdan əmr gəlib. Əlinə bir siyahı veriblər. Siyahıda adların qarşısında kimə hansı işgəncə verməyi göstəriblər. O da əmrlərə dəqiq əməl eləyib, çünki adam dövlət məmurudu. Deməli, bu dövlət vətəndaşların siyahısını tutur və adbaad hərəyə bir işgəncə forması tətbiq edir – lap həkimlərin yazdığı müalicə kimi, resept üzrə.
Faşist zabiti Şindlerin də bir siyahısı olub. Onun siyahısı yuxarıdan gəlməmişdi. Özü bir siyahı tutmuşdu. O siyahıda faşist partiyası tərəfindən insanlığın düşməni elan olunmuş yəhudilərin adları yazılmışdı. Öldürülməsi haqda yuxarıdan əmr gəlmiş yəhudilərin. Şindler də dövlət məmuruydu, sözdə daha amansız olaraq tanıdığımız faşist Almaniyası dövlətinin məmuru. Ona yəhudilərin amansız şəkildə istismarı və sonda qətl edilməsi əmr edilmişdi. Böyük də vəzifə tuturdu. Onu da yada salım ki, Şindler bədii təxəyyülün məhsulu deyil, gerçəkdə mövcud olmuş bir alman zabitidi. Yuxarıdan gələn əmri pozduğuna görə onu vəzifədən kənarlaşdırılmaq və ya sadəcə həbs gözləmirdi. Onun insanlığa xidmət edən siyahısı həyatı bahasına başa gələ bilərdi. Ama Şindler bunları düşünmək yerinə insanlığını düşünmüşdü.
Süleyman Nemətov da əlinə verilmiş siyahıdakı adamlara işgəncə verməsə, kimsə bundan xəbər tutmazdı. Heç paqon yoldaşları da onu satmaz, əksinə daha çox hörmət qoyardılar.
Qarşımızda iki nümunə var – Şindler (faşist Almaniyası) və Süleyman (yapist Azərbaycan). Quru sözlərlə hakimiyyəti, rejimi söyməklə gerçəkliyin mənzərəsini yaratmaq olmaz. Məncə, təsəvvür üçün bu müqayisə yetərlidi. Belə müqayisələr isə bizə təklif olunan menyüdə minlərlədi. Sadəcə, barmağını birinin üstünə qoymaq bəsdi.