Quldarların iqtidarı

Z.Freyd qorxu haqqında yazırdı: “Qorxu insanın baş verə biləcəklər qarşısında yaşadığı hissdir”.

Azərbaycan hakimiyyətinin davranışlarını müqayisə etməyə çalışıram və aydın olur ki, əslində, hakimiyyətin indiki isterikası baş verə biləcəklər qarşısında qorxmasından başqa bir şey deyil. Hakimiyyət son vaxtlar az qala, hər kəsə hədə biçir. Sanki yeddi başlı əjdaha kimi ətrafa atəş, ölüm saçmaq istəyir. Bütün bunları da baş verə biləcəkləri hiss etdiyindən qorxduğu üçün etdiyini gizlətməyə macal tapmır.

Ərəb dünyasında baş verənlər onu göstərdi ki, diktatura rejimləri və diktatorlar bir-birinə bənzəyir və əgər bu məntiqlə davam etsək, demək ki, diktatura rejimlərinin sonu da eyni olur. Zor da bir yerə qədər işləyir, sonra o da əhəmiyyətsizləşir və həyatından bezmiş fərd intihara qalxdığı kimi, bezmiş toplum da gec-tez onu bu hala salan iqtidar, ya da hər hansı qüvvə ilə tarana gedir.

Bu, toplumun əhvalından, mübarizə əzmindən də asılı deyil. Bəlkə də bu, cəmiyyətin ən yorğun halında, ən ümidsiz vəziyyətdə baş verir. Çünki hər hansı bir səbəbdən mübarizə əzmini itirən bir şəxs ən dəyərli olandan – həyatdan imtina etmək yolunu seçib qorxusunu dəf edirsə, toplum da çox vaxt məhz öldürülə biləcəyini, həbsləri, alacağı zədələri gözə alıb zalım iqtidarla sərt metodla mübarizəyə qalxır. Bu təkcə toplumun ən qatı, zalım iqtidara meydan oxuması deyil. Bu həm də haqsızlıqdan, yoxsulluqdan yorulmuş insanların sanki hər gün öldürülüb əzilməkdən imtina edib də birdəfəlik ölümü seçməsi kimi bir əhval-ruhiyyədir. Yaşamaq, əhəmiyyətini itirdiyi andan insanın, cəmiyyətin nə edəcəyini kimsə nəzarətdə saxlaya bilməz.

Illərdir, hakimiyyəti xalqdan oğurlayıb ölkəni talamağa, adamları asanlıqla şərləyib həbsə atmağa alışmış bir iqtidarla qarşı-qarşıyayıq. Kor tutduğunu buraxmadığı kimi, bu iqtidar da əməllərindən əl çəkmək istəmir. Bu hakimiyyət real olaraq baş verənləri görmək, dəyərləndirmək iqtidarında da deyil. Əzmək və talamaq siyasətinin indiyə qədər bəhrə verdiyinə inadığından, bundan sonra da hər şeyin belə davam edəcəyini zənn edirlər. Amma görünən o ki, iqtidar üçün heç də hər şey əvvəlki kimi getmir – nə dünya, nə də narazı insanlar əvvəlki kimi seyrçi qalmaq istəmir.

Iqtidar bir şeyi hələ də dərk etmək istəmir ki, Azərbaycanda bəlkə də indi bir çoxlarına zəif, təsirsiz görünən mübarizə, dirəniş formalaşıb və nə etsə də, bunun qarşısını ala bilməyəcək. Illərdir özlərinə uyğun bir toplum yaratmağa çalışsalar da və bir çox hallarda xalq baş verənlərə laqeyd görünsə də, bu gün Azərbaycandakı durumu iqtidar üçün tam hamar hesab etmək olmaz.

Iqtidarın Azərbaycanda düşünmək qabiliyyəti olmayan bir toplum formalaşdırmaq istəyi hər sahədə özünü göstərir. Təhsil məhv edilir, savadsızlıq baş alıb gedir, səhiyyədə bərbad bir vəziyyət var. Mənzərə bu qədər acınacaqlıdır, amma çarəsiz deyil. Hakimiyyət nə qədər çalışsa da, qapalı cəmiyyət formalaşdıra bilməyib. Çünki müasir dünyanın şərtləri də buna imkan vermir. Bu baxımdan indiki diktatura rejimlərinin bəxti gətirməyib.

Özünə güvəni olan bir şəxs, iqtidar heç vaxt zora əl atmır, hər zaman ağılla hərəkət edir. Çünki ağıl olan yerdə gücə ehtiyac qalmır. Bu gün yAp hakimiyyətində başqa mənzərə görürük. Demək ki, Azərbaycan ağılla deyil, zorla idarə olunur. Demək ki, ölkənin müasir dünyanın qanunları ilə deyil, quldarlıq quruluşunun sərt qanunları ilə idarə olunmasına cəhd edilir.Kimsə özünü quldar hiss edə bilər, halal haqqıdır. Amma heç kimsə bu barbarlıq qoxusu gələn haqqını bütün xalqın üzərində hökm kimi yürüdə bilməz!

Zaman o zaman deyil!