Türkiyənin seçim sürprizləri

Türkeşin iki oğlu fərqli partiyalardan millət vəkili oldu

 

12 iyun seçkilərinin rəsmi nəticələri elan edilməmiş CHP başqanı Kamal Kılıcdaroğlu media üçün açıqlama yaydı. O, AK partini qazandığı uğur münasibətilə təbrik etdi və bunu da söyləməyi unutmadı: “Amma unutmasınlar. Bir sonrakı seçimin iqtidarı CHP-dir”.
Ümumi nəticələrə görə ikinci yerə çıxan CHP öz nəticələrinə görə həqiqətən də fəxrlə danışa bilər. Bu partiya ötən seçkilərlə müqayisədə 3 milyondan artıq əlavə seçici səsi qazanıb. Həm də partiya rəhbərliyində baş verən tam dəyişiklik və partiya elitasının, faktiki olaraq, yenidən qurulması şəraitində…
Nəticələrə görə üçüncü yeri tutmuş MHP daha küskün vəziyyətdədir. Baxçalının yardımçılarından olan Bal media üçün açıqlamasında (12 iyun 2011) “AKP-nin inzibati ikmkanlardan istifadə edərək seçki kampaniyası zamanı ədalətli rəqabət şəraitini pozduğunu” iddia edib. Amma hər halda, MHP lideri elan edib ki, partiya parlamentdə öz qrupunu quracaq və siyasi mübarizəni parlamentə daşıyacaq.
Seçkilərin favoriti olan AKP 12 iyunda gecədən keçənə qədər qələbə sevinci dağıtmaqla məşğul olub.
Əslində, nəticə məhz bu ardıcıllıqla proqnozlaşdırılırdı. Bütün siyasi şərhçilər qutulardan AKP-CHP-MHP ardıcıllığının çıxacağını gözləyirdilər.
Amma bir neçə sürpriz oldu.
Birincisi, AKP-nin səs artıracağı az ehtimal edilirdi. Hamı düşünürdü ki, AKP lider partiya olaraq qalacaq, amma səs itirəcək. Bu baş vermədi. AKP 2007 seçimlərinə nisbətən daha artıq səs qazandı. Baxmayaraq ki, yeni qaydalar üzündən parlamentdə daha az millət vəkili ilə təmsil olunacaq. Ötən tərkibdə 341 deputatla təmsil olunan partiya bu dəfə 327 millət vəkili çıxaracaq.
Bu seçkilərdə AKP nəinki səs artırdı, həm də son əlli ilin rekordunu yeniləyərək 50 faizə çıxdı. Türkiyənin yaxın 50 illik tarixində bu rekord Süleyman Dəmirələ və Aydın Menderesə məxsus olub. Rəcəb Tayyib Ərdoğan rekordu yeniləyən üçüncü lider oldu.
Növbəti sürpriz CHP-nin qazandığı nəticədir. Istisnasız olaraq bütün müşahidəçilər və siyasi şərhçilər belə hesab edirdilər ki, CHP 30 faizdən az səs almayacaq.
Nəzərə çarpacaq başqa bir sürprizin olmadığı yəqindir. Hətta Alparslan Türkeşin iki oğlunun yeni parlamentə düşməsi, onlardan birinin MHP-li, o birinin isə AKP-li olaraq seçkiyə qatılması da sürpriz deyil.

 

***

Bu seçkinin fərqli bir özəlliyi qeydə alındı. Güney doğu Türkiyədə siyasi partiyaların reytinqi çox aşağıdır. Bu ərazilərdə hətta hakim AKP də öz nüfuzunu təsbit edə bilməyib. Buralarda ya müstəqil namizədlər, ya da etnik kürdlərin qurduğu siyasi partiyalar qalib gəliblər. Iqdır istisna olmaqla. Daha çox Azərbaycan türklərinin yaşadığı bu vilayətdə MHP qalib gəlib və bu, MHP-nin birinci yer qazandığı yeganə vilayətdir.
Bu o deməkdir ki, Türkiyənin yeni hökuməti növbəti seçimlərə qədər ölkənin bütövlüyü istiqamətində atılacaq addımların əsaslarını müəyyən etməlidir. Türkiyə siyasi baxımdan ziddiyyətli maraqların formalaşdığı ölkəyə çevrilir və bu, ölkənin bütövlüyü üçün təhlükəlidir.

Azad Akifoğlu, Istanbul