Arif Hacılı Eynullanın kamerasında saxlanılır

Müsavat funksioneri hazırda yüksək qan təzyiqindən əziyyət çəkir

Vaqif Hacıbəyli: “Əgər bu faktlarla məhkəməyə gediləcəksə, bu, məhkəmənin iflası olacaq”

Ictimai Palatanın üzvü Vaqif Hacıbəyli mətbuata açıqlamasında Müsavat Icra Aparatının rəhbəri Arif Hacılının hazırkı durumu ilə bağlı məlumat verib. A.Hacılının səhhətində ciddi problemlərin olduğunu deyən V.Hacıbəyli vurğulayıb ki, qardaşının vəziyyətinə mətbuatda münasibət bir o qədər də ürəkaçan səviyyədə deyil.
“Azadlıq” olaraq onu qeyd etmək istəyirik ki, biz mütəmadi olaraq həbsdə olanlarla bağlı informasiyaları diqqətdə saxlamaqla yanaşı məhbusların ailələrindən də xüsusi reportajlar hazırlamışıq. Amma bir neçə dəfə A.Hacılının ailəsinə reportaj hazırlamaq niyyətimizlə bağlı müraciət etsək də, bizdən asılı olmayan səbəbdən niyyətimiz baş tutmayıb.
V.Hacıbəylinin qəzetimizə verdiyi açıqlamasının ilk olaraq məhz bu məqamla bağlı hissəsini diqqətinizə çatdırırıq: “Arif bəyin ailə üzvləri onun həbsindən sonra çox dərin sarsıntı keçirdilər. Onlar 2003-cü il hadisələrinin təkrarlanmasından narahatdırlar. Mən Arif Hacılıya qarşı münasibətin istənilən səviyyədə olmadığını deyəndə onu nəzərdə tutmuşam ki, Arif bəy müxalifətin aparıcı simalarındandır. Təbii ki, mən həbsdə olan hər bir silahdaşımızın işi ilə bağlı informasiyanın diqqətdə saxlanmasının tərəfdarıyam. Mən ziyalılara, ictimaiyyət xadimlərinə, ”Azadlıq” qəzetinə bütüt bu məsələlri diqqətdə saxladıqlarına görə minədaram. Amma Arif bəyə lazımı diqqətin göstərilmədiyini yalnız mən demirəm. Bu fikir başqalarının dilindən də səslənib”.
Müsavat funksionerinin səhəttinə gəlincə, V.Hacıbəyli vurğuladı ki, hazırda A.Hacılı yüksək qan təzyiqindən əziyyət çəkir. Elə bu üzdən vəkilin hər gün A.Hacılı ilə görüşünə çalışılır ki, yarana biləcək problemlər dərhal həll olunsun: “Biz aidiyyəti orqanlara Arif bəyin səhhəti ilə bağlı müraciət etsək də, hələlik bu məsələ istənilən səviyyədə araşdırılmır. Bundan başqa, Arif Hacılı residivist, narkomanla eyni kamerada saxlanılır. Biz həmin şəxsin yerinin dəyişdirilməsi ilə bağlı müstəntiqə müraciət etmişik. Yaxşı olardı ki, Arif bəy 2 aprel aksiyasının digər məhbusları ilə eyni kameraya salınaydı”.
Bundan başqa, V.Hacıbəyli ilə söhbətimizdən aydın oldu ki, A.Hacılı Eynulla Fətullayevin saxlanıldığı kameradadır (7-ci korpus, 23-cü kamera – red.) V.Hacıbəyli düşünür ki, görünür, bunun xüsusi bir anlamı da var.
A.Hacılının işi ilə bağlı məhkəmə perspektivinə də toxunan V.Hacıbəyli vurğuladı ki, A.Hacılının həbsi zamanı çəkilən videolent onun saxlanılma şəraitinə tam aydınlıq gətirir.
Ümumiyyətlə, təkcə A.Hacılıya qarşı yox, T.Abbaslı, S.Kərimov və başqalarına qarşı irəli sürülən ittihamların əsassız olduğunu deyən V.Hacıbəyli vurğuladı ki, qurama iş və əsassız ittihamlarla məhkəməyə getmək gülüncdür: “Aparılan istintaq zamanı toplanılan faktlar ittihamların əsassız olduğunu sübut edir. Sadəcə olaraq Ictimai Palata keçirdiyi aksiyaların dinc xarakterli olduğunu elan etdiyinə görə hakimiyyət heç bir əsas tapa bilmir. Əgər otuz nəfərlik istintaq qrupu aksiya baş verən ərazidəki mağazanın şüşəsini sındıranı tapa bilmirsə, burada istintaqın iflasından danışmaq lazımdır. Əgər bu faktlarla məhkəməyə gediləcəksə, bu məhkəmənin də iflası olacaq”.

Xəyal