Ərdoğan ilkə imza atdı; Kılıçdaroğlu AKP-yə xəbərdarlıq etdi
Əli Kərimli və İsa Qəmbər Ərdoğanı təbrik etdi
Iyunun 12-də Türkiyədə keçirilən parlament seçkilərinin nəticələrinə görə, ölkəni növbəti 4 ildə də Ədalət və Inkişaf Partiyası (AKP) idarə edəcək. 2002-ci ilin noyabrından hakimiyyətdə olan AKP ümumi səslərin 49.95 faizini əldə edərək, 326 millət vəkili ilə təkbaşına yeni hökuməti formalaşdırcaq. Seçkinin ikincisi isə respublikaçılardır (CHP). Cumhuriyyət Xalq Partiyası səslərin 25.94 faizi ilə öz seçicilərini parlamentdə 135 millət vəkili ilə təmsil edəcək. Milliyətçi Hərəkat partiyası (MHP) səslərin 12.98 faizini əldə edərək 54 mandat qazanıb. Müstəqil namizədlər səslərin 6.58 faizini əldə edib. 36 nəfərlik müstəqil deputat qrupunun əksəriyyətinin parlamentdə PKK terror təşkilatının siyasi cinahı olan Barış və Demokratiya Partiyası (BDP) ətrafında birləşəcəyi proqnozlaşdırılır.
AKP-nin “Konstitusiya planı” sual altında
Nəticələrdən göründüyü kimi, AKP millət vəkillərinin sayı ötən seçkidəkinə nisbətən azalıb. MHP ilə də bağlı vəziyyət eynidir. Ötən seçkiyə nisbətən ən çox millət vəkili qazanan partiya CHP olub. Müstəqil namizədlər (BDP) də seçkinin nəticələrinə görə qalib tərəfdir. Əvvəlki parlamentdə AKP 332, CHP 101, MHP 71, BDP 26 deputatla təmsil olunurdu.
Yerlərin bölünməsi nisbətinə görə, hakim partiyanın bu seçkilərdə əsas hədəf kimi qarşıya qoyduğu Konstitusiyanı təkbaşına dəyişdirmək planı reallaşmayacaq. AKP-nin seçki hədəfləri arasında ölkənin yeni Konstitusiyasının qəbul edilməsi də yer alırdı. Lakin hakim partiyanın qazandığı yerlər buna imkan vermir. Türkiyədə əsas qanuna parlamentdə düzəlişlər həyata keçirmək üçün üçdə-iki səs çoxluğu lazımdır. Düzəlişləri referenduma çıxara bilmək üçün isə parlamentdə azı 330 millət vəkilinin dəstəyi tələb olunur. AKP yeni Konstitusiyanın hazırlanması və qəbulu üçün müxalifətlə əməkdaşlığa getməli olacaq. Artıq baş nazir Ərdoğan bu məqsədlə ana müxalifət partiyası ilə danışıqlara başlamağa hazır olduğunu bildirib.
Futboldan və məhbəsdən parlamentə…
Türkiyə futbolunun əfsanəsi Hakan Şükür də deputat mandatı qazananlar sırasındadır. Keçmiş futbolçu seçkidə AKP-nin namizədi idi. Hakan Şükür Türkiyə parlamentinə deputat seçilən ilk futbolçudur.
Parlamentinə düşənlər arasında CHP-dən olan və “Ergenekon” işi ilə əlaqədar hazırda həbsdə yatan professor Mehmet Haberel və tanınmış qəzetçi-yazar Mustafa Balbayın da olduğu bildirilir. Türkiyə qanunlarına görə, onların millət vəkili seçilməsi azad edilməsi ilə nəticələnəcək.
Millət vəkili seçilənlər arasında Azərbaycanın və qəzetimizin dostu MHP-çi Atilla Qaya da var. MHP-dən əfsanə komutan, ordu generalı Engin Alan da Istanbuldan millət vəkili seçilib. Hazırda o, Silivri həbsxanasındadır.
Millət vəkili seçilən sürpriz adlar arasında PKK davasına görə 21 il həbs yatmış Kamal Akdaş da var. K.Akdaş BDP-nin Van bölgəsində dəstəklədiyi müstəqil namizəd kimi 65 min 335 səs alaraq parlamentə düşüb.
Əslən azərbaycanlı olan, Türkiyə-Azərbaycan dərnəyinin rəhbəri Sinan Oğan da seçkidə qalib gələrək deputat mandatı qazanıb. S.Oğan MHP Iqdır bölgəsindən millət vəkilliyinə namizəd idi. Millət vəkili Dağlıq Qarabağ mövzusunda Türkiyə ictimaiyyətini, Türkiyə parlamentinin daha aktiv çalışması üçün əlindən gələni edəcəyini bildirib: “Azərbaycanın artıq Türkiyədə bir səsi var və mən bunu bütün səmimiyyətimlə deyirəm. Bütün Azərbaycan xalqına təşəkkürünü bildirirəm”.
Bu arada Türkiyə parlamentində qadın millət vəkillərinin sayı artaraq 50-dən 78-ə yüksəlib. Parlamentdə AKP-dən 45, CHP-dən 19, MHP-dən 3, müstəqillərdən 11 qadın millət vəkili təmsil olunacaq.
Ərdoğan Menderesin rekordunu təzələdi
Onu da qeyd edək ki, baş nazir Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi AKP artıq üçüncü seçkidir ki, ardıcıl qalib gəlir. Həm də aldığı səsləri artıraraq. AKP 2002-ci il seçkisində 34, 2007-ci il seçkisində 47, 2011-ci il seçkisində isə 50 faiz civarında səs alıb. Bu baxımdan AKP Türkiyə tarixində bir ilkə imza atıb. AKP-dən əvvəl buna yaxın göstəricini 1950-1958-ci illərdə Adnan Menderes və onun Demokrat Partiyası (DP) əldə edib. DP 1950-ci ildə 53, 1954-cü ildə 58 faiz civarında səs alsa da, üçüncü dəfə aldığı səsləri artıra bilməyib. Əksinə təxminən 10 faiz səs itirərək 47.8 faizlə kifayətlənməli olub. 1965-ci il seçkisində isə Süleyman Dəmirəlin rəhbərlik etdiyi Ədalət Partiyası (AP) 53 faizə yaxın səs toplamışdı.
Türkiyə mediası xəbər verir ki, son nəticələr AKP-nin Türkiyə tarixində AP-dən təxminən 45 il sonra həm seçici, həm də parlament çoxluğunu qazanaraq iqtidar olan ilk partiyadır. AKP yetkililərindən biri isə qazandıqları uğuru öyərək bildirib ki, Avropada onlar kimi ardıcıl 3 dəfə səslərini artıraraq qalib gələn partiya yoxdur.
Nəticələr açıqlanandan sonra Rəcəb Tayyib Ərdoğan AKP-nin Ankaradakı mərkəzinin önündə toplaşmış tərəfdarlarının qarşısında çıxış edərək bildirib ki, partiyası Türkiyədə hər iki seçicidən birinin səsini alıb: “AKP 2007-ci ildə 16, bu seçkidə isə 21 milyon seçicinin səsini alıb. Biz bunun xoşbəxtliyini yaşayırıq. AKP-yə olan etibarından dolayı bütün millətimə təşəkkür edirəm. Bu seçkinin qalibi Türkiyədir. Bu gün bir daha Türkiyə, demokratiya, milli iradə, millət qazanıb. Türkiyə qədər Qəzza, Şam, Qüds, Qafqazlar, Yaxın Şərq qazanıb”.
Baş nazir rəqiblərindən halallıq istədi
AKP başqanı ölkədə azadlıqların artacağına, hər kəsin özünü daha rahat ifadə edə biləcəyinə təminat verdiyini deyib. Ərdoğan bildirib ki, Türkiyənin yeni Konstitusiyanı müzakirə ilə, uzlaşma ilə həll edəcəklər: “Sivil, azadlıqsevər bir Konstitusiyanı birlikdə qəbul edəcəyik, bu Konstitusiyada hamı özünü görə biləcək. Yeni Konstitusiya millətin hər bir fərdini birinci sinif olaraq görəcək. Bu-türkün, kürdün, zazanın, lazın, ərəbin, ələvinin, gürcünün-yəni 74 milyonun Konstitusiyası olacaq, birlik və bərabərlik üzərində təsis ediləcək”.
AKP rəhbəri ümummilli məsələlərdə müxalifətlə müzakirə aparacaqlarını, hətta parlamentdən kənarda qalan partiyalar və QHT-lərlə də əməkdaşlıq edəcəklərini bildirib.
O, yatırımların davam etdiriləcəyini, sosial xidmətlərin artırılacağını bildirib. Daha sonra isə bütün rəqiblərindən halallıq istəyib: “Heç kimsə üzülməsin, kimsənin sevinci digərini üzməsin, çünki biz hamımız birlikdə Türkiyəyik. Kampaniya dövründə qəlbini qırdığımız insanlardan, istəmədən incitdiyimiz siyasilərdən başda özüm olmaqla partiyadaşlarım adına halallıq istəyirəm. Mən siyasətçilərə, bütün siyasi partiyalara haqqımı, haqqımızı halal edirəm”.
Ərdoğan çıxışını başa çatdırandan sonra tribunadan AKP-nin məşhur seçki mahnısını səsləndirib.
Kılıçdaroğlu: “Qarşıdakı dörd ildə hədəfimiz iqtidardır”
CHP lideri Kamal Kılıçdaroğlu qələbə münasibətilə AKP-ni təbrik edərək uğurlar diləyib, lakin “unutmasınlar ki, daha güclü CHP var” mesajını da verib. K.Kılıçdaroğlu seçkidə millət vəkillərinin sayını artıran yeganə partiyanın CHP olduğunu deyib: “CHP bu qısa vaxtda 3.5 milyon yeni seçici qazanıb. Altı ayda bunu qazana bilmişiksə, qarşıdakı dörd ildə hədəfimiz iqtidardır. Hədəfimizi indidən ortaya qoyuruq və bundan vaz keçməyəcəyik. Mitinq meydanlarındakı həyəcanları davam etdirəcəyik. Kefimizi pozmayacağıq. Türkiyənin çağdaşlaşması, azad olması üçün əlimizdən gələnietmişik, bundan sonra da edəcəyik. Heç kimin ümidsizliyə qapılmağa haqqı yoxdur”.
Azərbaycan müxalifətindən Türkiyəyə təbrik
AXCP sədri Əli Kərimli Türkiyədəki seçkilərdə qazandığı qələbə münasibəti ilə AKP lideri Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib. AXCP sədri AKP-nin üçüncü dəfə ardıcıl olaraq topladığı səs faizini artırmaqla və təkbaşına hökumət qurmaq imkanı qazanmaqla Türkiyə tarixində daha bir ilkə imza atdığını qeyd edir, bu münasibətlə ayrıca təbriklərini çatdırır: “Çox təqdirəlayiqdir ki, Türkiyə xalqının etimadını yenidən qazana bildiniz. Bu, Sizin liderliyinizlə AKP hökumətinin ötən müddətdə Türkiyə və Türk xalqı üçün gördüyü işlərin uğurunu, xalqınızın bu fəaliyyətə verdiyi yüksək qiyməti təsdiq edir. Bu, həm də növbəti dövr üçün hədəflədiyiniz yeni-yeni layihələrə verilən ümumxalq razılığıdır və inanıram ki, sonrakı fəaliyyətiniz də Türk xalqının yaddaşında və tarixdə öz uğurları ilə qalacaq”.
AXCP sədri qeyd edir ki, bu seçkinin nəticələri həm də Türkiyənin “Yaxın Şərqdən Qafqazlara qədər böyük bir coğrafiyada oynadığı pozitiv rolu” artırır: “Ümidvaram ki, reginomuzda barış və demokratiya naminə çalışmalarınız bundan sonra daha qətiyyətlə davam edəcək”.
Təbrikdə deyilir ki, bu seçkinin əsl qalibi həqiqətən də Türkiyə və Türk xalqıdır. Çünki Türkiyə bu seçkilərlə yerləşdiyi regionda demokratik seçki nümunəsini növbəti dəfə göstərə bilib. AXCP sədri inanır ki, Türkiyənin bu müsbət nümunəsi nəhayət, regionun demokratiya sahsində ciddi problemlər yaşayan ölkələrinə, o cümlədən Azərbaycana öz təsirini göstərəcək.
Müsavat başqanı Isa Qəmbər Türkiyə xalqını möhtəşəm demokratik seçki, AKP-ni qələbə, CHP-ni millət vəkillərinin sayını artırması, MHP-ni bütün çətinliklərə, basqılara rəğmən parlamentdə qalmaq münasibəti ilə təbrik edib: “Türkiyədə növbəti dəfə azad və ədalətli seçkilər keçirildi. Bununla da növbəti dəfə həm demokratiyanın Islam dünyasına uyğun olmadığını söyləyən mühafizəkar Islam mütəxəssislərinin, həm müsəlmanların demokratiyaya qadir olmadığını deyən konservativ Qərb analitiklərinin, əslində həm də Azərbaycan xalqının azad seçkilərə hazır olmadığını iddia edən bəzi Azərbaycan iqtidar mənsublarının yanlış mövqeyinə zərbə vuruldu. AKP təkpartiyalı hökumət qura bilsə də, Türkiyədə ciddi islahatlar məqsədi ilə digər siyasi qüvvələrlə anlaşma şəraitində çalışmalı olacaq. Bu istər demokratiyanın təminatı baxımından, istərsə də Türkiyənin birliyi, bütünlüyü baxımından bir üstünlük kimi qiymətləndirilməlidir. Azərbaycan üçün Türkiyə və bu ölkədəki seçkilər həddindən artıq önəmlidir. Biz bunun təsirini görəcəyik”.
Dünya mediası nə deyir?
Bu arada dünyanın nüfuzlu media orqanları Türkiyədəki seçkini geniş işıqlandırıblar. Fransanın nüfuzlu siyasi nəşrlərindən olan “Liberation” AKP-nin qələbəsini “Ərdoğan, yeni Türk sultanı” başlığı ilə yayımlayıb. Türkiyənin Qərblə ərəb ölkələri arasında körpü rolunu oynayacağını yazan qəzet bu səbəbdən ölkənin Avropa Birliyinə üzvlüyünün təşviq edilməsini vacib sayıb. Fransanın “Le Figaro” qəzeti isə baş xəbərini “Türkiyədə modernləşmənin zəfəri Ərdoğan” başlığı altında çıxarıb. Bundan başqa Ispaniya, Rusiya, Kosovo, Livan, Iran, Macarıstan mediası da Türkiyədəki seçkiyə geniş yer ayırıb.
Gültəkin