Cabbar! – 5

Cabbar! Axırda bu da oldu: bizim kral həzrətləri Azərbaycanı bir yasaqlar ölkəsinə, bir qadağalar diyarına çevirməkdən doymadı, getdi Avropanın göbəyində xoşuna gəlmədiyi, bəyənmədiyi üçün iki heykəli nümayiş olunduğu sərgidən sürgün etdirdi. Sanki üç ay bu ölkədə dünyanın üzqarası olan Mübarəkin ruhsuz, duyğusuz, sənət adına belə utancverici heykəlini göz bəbəyi kimi qoruyan heç onun özü deyildi. Sanki Azərbaycanı, xalqın 70 faizinin ürəyini bulandıran, gözünü yağır eləyən heykəllərlə dolduran da heç onun özü deyil.

Bu ayıblarını örtəcəyinə, gedib qosqoca Italiyada – Venesiyada Müasir Incəsənət Sərgisində Aydan Salahova adlı bir rəssamımızın iki heykəlinə gülünc səbəblərlə senzura qoyur. Nümayişdən yığışdırtdırır.

Sərgi təşkilatçıları bizim krala “Bu, sənətə senzuradır, yolverilməzdir, bağışlanılmazdır, yaşadığımız dünyanın şərtlərinə aykırıdır, həm sizin, həm ölkənizin adına xələl gətirir” deyə dil töküblər günlərcə, xeyri olmayıb. Bizim kral Nuh deyib, peyğəmbər deməyib. Iki ayağını bir başmağa dirəyib: “Mən bəyənmədimsə, vəssalam, nümayiş oluna bilməz”.

***

Əslində, Cabbar, o avropalılar nə qədər dizlərinə-başlarına döysələr azdı. Axı sərginin adı üstündədir: Müasir Incəsənət.Indi siz durub o adda bir sərgiyə ölkəsini çağdaş dünyanın min il gerisinə atmış, modernizmə, dəyişimə sırtını çevirmiş, orta əsrlər zehniyyətini bərqərar etmiş, inkvizisiya dövrünü yenidən diriltmiş, feodalizmə ikinci nəfəs vermiş, Respublikanı Monarxiya ilə əvəzləmiş birini fəxri qonaq deyə dəvət edərsinizsə, sonunda olacağı budur: sərgidə gözünə müasirlik adına nə sataşarsa, üzünü turşudar, yumruqlarını düyünlər, qaşlarını çatar, dodaqlarını gəmirər, sonra da “atın bunu burdan, bəyənmədim mən” deyə əsib-coşar.

Sonra siz ona nə söyləsəniz çifayda. Qosqoca bir sərgi “Avropada senzuranın dirilişi” deyə dillərə dastan olar, gözdən düşər, ikrah obyektinə çevrilər, çəkilən bütün əziyyətlər bir andaca boşa gedər. 

***
Hə, Cabbar, işin bir də başqa ilginc yanı var: o boyda Avropa senzurasız günlərə gəlməkdən ötrü nə bəlalara sinə gərdi, nə məşəqqətlərdən adladı, nə qədər qurbanlar verdi. Tonqallardan keçdi, dar ağaclarından, qanlı inqilablardan keçdi. Artıq rahat bir nəfəs almağa başlayarkən nə oldu? Bizim kral getdi Avropanın göbəyinə senzuranın bayrağını yenidən sancdı.

Yəni anlayacağın, Cabbar, biz burda Avropanın bir parçası olmaq üçün savaş verərkən, çarx bir anda döndü, Avropa Azərbaycanın bir parçası olmaq yoluna qədəm qoydu. Musa dağa tərəf getməyincə, dağ Musaya tərəf gəlməyə başladı.

Onlara bu da azdır: illərdir Əliyevlərin nazı ilə oynayan kimdir? Avropa deyilmi? Qan və qəddarlıq üzərində bərqərar olmuş bir rejimi guya islah etmək üçün inadla tər tökən, baş sındıran kimdir? Avropa deyilmi? Xalqın azadlıq mübarizəsinə dəstək vermək yerinə hər saxta seçkini “demokratiyaya doğru bir addım” deyə malalayıb, ört-basdır edib yaptokratiyanın qoltuğuna qarpız verən kimdir? Avropa deyilmi?

Indi buyursunlar, öz cəzalarıdır, çəksinlər. Bu gün Avropanın göbəyində bir sərgidən bəyənmədiyi əsərləri “şak” deyə yığışdırtdıran bir zehniyyət sabah onların da tənqidçi jurnalistlərinin cibinə nəşə atdırıb, üzünə qız durğuzub həbsə atdırar, müxalifət liderlərinə xarici pasport verməyib az qala ev dustağı edər, mitinq keçirmək üçün Sakit okeandakı kimsəsiz bir adanı göstərər, ağılları başlarına gələr.

18 ildir bu ölkənin nələr çəkdiyini də bəlkə onda anlayarlar. Bəlkə onda fərqinə vararlar 18 ildir bir millətin necə əzildiyini, necə alçaldıldığını, necə aşağılandığını.

Və bəlkə onda tale bizim də üzümüzə gülər. Bir səhər oyandığımızda Günəşin artıq Şərqdən deyil, Qərbdən doğduğunu görərik. Azadlığı, bir ana uzaq səfərdən dönən oğlunu necə bağrına basarsa, eləcə basarıq bağrımıza.

***

Gözlərindən öpürəm, Cabbar. 

Və təsəlli üçün deyil, bütün varlığımla inandığım üçün yazıram bu son cümləni də: inan ki, heykəllərin sərgilərə, sənin yanımıza dönəcəyin gün uzaqda deyil.