Müxalifət dialoqa hansı təkliflərlə gedəcək?

Nurəddin Məmmədli: «Hakimiyyətin siyasi iradəsi olarsa, müzakirəyə çıxarılmalı çoxlu sayda siyasi problemlər var»

ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilgə Cankorel bu günlərdə mətbuata açıqlamasında bildirib ki, rəhbərlik etdiyi təşkilat iqtidar və müxalifət nümayəndələrinin bir araya gəlməsinə çalışacaq.
O bildirib ki, ATƏT-in hakimiyyətlə müxalifət arasında dialoq təşkil etmək səyləri hər zaman davam edir. Cankorel qarşıdakı həftələrdə bu təşəbbüsün baş tutacağına ümid etdiyini vurğulayıb. Xatırladaq ki, 2010-cu ilin dekabrında ATƏT-in Bakı ofisinin planlaşdırdığı dialoq baş tutmamışdı. Amma məsələ burasındadır ki, 2010-cu ildən indiyə qədər ölkənin siyasi mühitində xeyli dəyişikliklər baş verib. Onlara Ictimai Palatanın aksiyaları zamanı yeni siyasi məhbus probleminin meydana gəlməsi və müxalifətin mitinq keçirmək istəyinə hələ də birmənalı cavabın verilməməsini aid etmək olar. Bəs görəsən müxalifət təmsilçiləri dialoq baş tutarsa, ora hansı təkliflərlə qatılacaqlar?
AXCP sədrinin müavini Nurəddin Məmmədli bildirdi ki, Azərbaycanda hələ də çoxlu sayda problemlər həll olunmamış qalır. Hakimiyyətin siyasi iradəsi olarsa, müzakirəyə çıxarılmalı çoxlu sayda siyasi problemlər var: “Düşünürəm ki, əsas müzakirə mövzusu olan məsələlər hazırda siyasi məhbus problemi, kütləvi aksiyalara hüquq çərçivəsində icazə verilməsi məsələsi və ölkədə hakimiyyətin legetimləşməsini nəzərdə tutan demokratik seçkilərin keçirilməsidir. Düşünürəm ki, bunlar əsas problemlərdir ki, onların həlli gələcək inkişafa təkan verə bilər. Eyni zamanda Qarabağ probleminin çözülməsi ilə bağlı məsələ də dialoqun predmeti ola bilər”.

Xəyal