Azərbaycan Media Mərkəzindəki qalmaqallı tədbirlə bağlı yeni məlumatlar
Azərbaycan Media Mərkəzində “Texnikabank”la bağlı mətbuat konfransı qalmaqala səbəb olub. Mətbuat konfransı iyunun 10-da keçirilib. Qalamaqala səbəb isə redksiyalara mətbuat konfransı ilə bağlı göndərilən press-relizlərdir.
Tədbirdən iki gün əvvəl “Azadlıq” qəzeti də daxil olmaqla, ölkənin bir çox media quruluşlarına göndərilən həmin press-relizlərdə deyilirdi ki, mətbuat konfransında Bakı Şəhər Baş Polis Idarəsinin sabiq rəisi Məhərrəm Əliyevin oğlunun, həmçinin Tərtər və Yasamal rayonlarının sabiq polis rəislərinin vəkilləri iştirak edərək müdafiə etdikləri şəxslərin “Texnikabanka”la yaranmış problemlərinə dair açıqlamalar verəcəklər.
Lakin mətbuat konfransında vəkillərin heç biri görünməyib. Tədbirə “Texnikabank”ın başqa qurbanları qatılıb. Onlar da baş verənlərə heç bir aydınlıq gətirməyiblər.
Məsələni araşdırmaq üçün Azərbaycan Media Mərkəzi ilə əlaqə saxladıq. Qurumun layihələr üzrə koordinatoru Seymur Kazımov bizimlə söhbətində bildirdi ki, yayılmış press-relizə görə onlar heç bir məsuliyyət daşımır: “Burada məsuliyyəti tədbirin təşkilatçıları daşıyır. Mətni onlar verib, biz də yaymışıq. Azərbaycan Media Mərkəzi yalnız tədbir mövzuya uğyun olmadıqda məsuliyyət daşıyır və məsələyə müdaxilə edir. Lakin dediyinin mətbuat konfransı mövzuya uyğun keçirilib. Indi kimsə həmin tədbirdə iştirak etməyibsə, bunun təqsiri bizə deyil. Ola bilər ki, təşkilatçılar qəsdən belə mətn hazırlayıblar ki, tədbirə jurnalist çox gəlsin”.
Seymur Kazımov tədbirin təşkilatçıları barədə məlumat verməyə çətinlik çəkdiyini də əlavə etdi: “Bu gün iş olmadığından mən sizə bu məsələ ilə bağlı heç bir köməklik edə bilməyəcəm”.
Araşdırmalarımız zamanı isə bəlli oldu ki, Azərbaycan Media Mərkəzinə sözügedən mətbuat konfransı ilə bağlı Azər adlı şəxs müraciət edib. Mətni də qurumun nümayəndəsinə həmin şəxs təqdim edib. Bu şəxsin özünün tədbirə qatılıb-qatılmadığı dəqiqləşdirə bilmədik. Çətinliklə də olsa, Məhərrəm Əliyevin adı ilə jurnalistləri mətbuat konfransına dəvət edən şəxsin mobil nömrəsini tapdıq. Lakin aramsız zənglərimizə baxmayaraq həmin şəxs telefonu açmadı.
Məhərrəm Əliyevin milli təhlükəsizlik nazirinin müavini postuna gətirələcəyi barədə məlumatların yayıldığı bir ərəfədə “Texnikabank” qalmaqalı”nın ortaya atılması təsadüfi sayıla bilməz. Bəzi məlumatlara görə, bu, sabiq polis rəisinə qarşı təxribatdır. Bu məlumatlar bir qədər inandırıcı görünür. Çünki Məhərrəm Əliyev o qədər də aciz adam deyil ki, oğlunun hansısa bankda batmış pulunu geri almaq üçün ictimaiyyətdən yardım diləsin. Bundan başqa Məhərrəm Əliyevin oğlunun hansısa bankda 2 milyon manat pulu olduğunu ictimailəşdirməsi ağlabatan deyil.
Bəzi məlumatlara görə isə “Texnikabank”ın digər qurbanları sabiq polis rəisinin oğlunun da oxşar problemlə üzləşdiyini bilib bu faktdan öz xeyirlərinə istifadə etməyə çalışıblar. Hər halda Məhərrəm Əliyevin oğlunun vəkilləri məsələyə aydınlıq gətirməlidir. Yeri gəlmişkən, biz sabiq polis rəisinin yaxınları ilə əlaqə saxlayıb baş verənlərə aydınlıq gətirmək istəsək də səylərimiz nəticə vermədi.
Informasiya şöbəsi