Heykəl hadisələri – 2

Bakı Musiqi Akademiyasından Üzeyir Hacıbəyovun adını götürdülər. Illərcə yazıb-pozduq. O adın geri qaytarılmasını istədik. Cəmiyyətin hər kəsimindən tələb gəldi, bu hörmətsizliyə, sayğısızlığa son qoyulması istənildi. Eşitmədilər. Qulaqardına vurdular.

Gün gəldi, Musiqi Akademiyası tələbələrinin də səbr kasası daşdı. Bu işin xoşluqla həll olmayacağını görüb, aksiyalara başladılar. Hakimiyyətdəkilərin ən çox qorxduqları şey hansı səbəblə, hansı məqsədlə, hansı niyyətlə olur olsun adamların bir yerə toplaşması, protestlərini dilə gətirməsidir axı. Həmən Üzeyir bəyin adını qaytardılar.

Amma olan olmuşdu bir kərə, bunların Üzeyir Hacıbəyovun ruhuna, şəxsiyyətinə, yaradıcılığına münasibəti ifşa edilmişdi. 
Dünən Ilham Əliyevin Serbiyada böyük bəstəkarın heykəlinin açılışında iştirak etməsi xəbərini oxuyunca ağlımdan ilk keçən bunlar oldu. Məmləkətdən uzaqlarda bir

Azərbaycan övladının heykəlinin ucaldılması əlbəttə, yaxşı hadisədir, anlaşılmayan Ilham Əliyevin o heykəlin açılışında iştirakıdır: Azərbaycanda Üzeyir bəyin adını yaratdığı musiqi, təhsil ocağının üzərindən götürdür, amma gedib Serbiyada heykəlinin qırmızı lentini kəsir. Nə qədər komikdir, deyilmi? Nə qədər məntiqsizdir, nə qədər absurddur.

Əslində bu məntiqsizliyin, absurdun çox sadə izahı var: bu ölkədə illərdir ancaq bir adamın heykəlləri qoyula bilər. Di gəl, işin tərsliyindən ölkədə heykəli qoyulmalı başqa adamlar da var, həm də onlar buna gerçəkdən layiqdirlər, sadəcə, hakimiyyətin qısqanclığı, yaranan, yaradılan hər şeyi yalnız bir adamın adı ilə bağlamaq ehtirası, yerdə qalanları unutdurmaq mərəzi onlara bu ölkədə başqalarına da heykəl qoymağa imkan vermir.

Ona görə də kral həzrətləri Üzeyir Hacıbəyovun heykəlinin qırmızı lentini gedib Serbiyada kəsməli olur. Azərbaycan yalnız bir adamın heykəlləri üçün nəzərdə tutulubsa, başqa nə etməli?

Artıq Rəsulzadəyə heykəli də Bosniya-Hersoqovinadamı qoyarlar, yoxsa Şimali Irlandiyadamı, orasını da yaşayıb görəcəyik.   

***

Madam ki, heykəllərlə başladıq, heykəllərlə də davam edirik. Bu günlərdə bir yazı oxudum, daha bir böyük azərbaycanlının – Cəfər Cabbarlının xatirəsinə hörmətsizlikdən bəhs edirdi.

Bildirilirdi ki, Cabbarlının 28 may metrosu yaxınlığındakı heykəli baxımsız vəziyyətdədir, orada quşlar yuva qurub, heykəl quş peyini içində itib-batır. Mövzunu araşdıran jurnalist bununla bağlı Mədəniyyət Nazirliyinə üz tutub, oradan “bizlik deyil” deyə, onu Bakı şəhər Icra Hakimiyyətinə yönləndiriblər. Hacıbala Abutalıbovun idarəsindən alınan cavab da fərqli olmayıb, “bizlik deyil, gedin Mədəniyyət Nazirliyindən soruşun” deyiblər. Beləcə, jurnalist nazirliklə icra hakimiyyəti arasında xeyli gedib-gəlib, amma çifayda, kimsə məsuliyyəti üzərinə götürməyib.

Indi deyəcəm ki, gəlin oxşar vəziyyəti Heydər Əliyevin heykəli ilə bağlı təsəvvür edək, haqlı olaraq güləcəksiniz, çünki bunu təsəvvür etmək belə mümkünsüzdür. Ən güclü fantaziya sahibi də Heydər Əliyevin heykəlini hətta üzərinə toz qonmuş vəziyyətdə təsəvvür edə bilməz. Belə bir şey baş versə, Əbülfəs Qarayevlə Hacıbala Abutalıbovun özləri əllərində bir vedrə su, yarımmetr əski, heykəli silmək üstündə bir-birlərini qırarlar. Amma Cəfər Cabbarlının heykəli çirkab içində üzür, veclərinə deyil.

Anlayacağınız, biz təkcə insanları deyil, heykəlləri belə, özlərininki olanlara və olmayanlara, yadlara və doğmalara ayıran bir zehniyyətlə qarşı-qarşıyayıq.

***

Hə, bu arada bir də uzun götür-qoydan sonra, Mübarəkin Xırdalandakı heykəlini gecə ilə sökdülər bilirsiniz. Axı bütün dünyada despotların heykəlləri günün günorta çağı, hamının gözü önündə, böyük şadyanalıqla uçurulur, bəs bunlar niyə gizli-gizli, qonşunun hinindən yumurta oğurlayırmış kimi götürdülər?Demək ki, yazdıqlarımız doğru imiş: hakimiyyət həqiqətən də ölkədə heykəlyıxma presedentinin yaranacağından, bu gün hamının gözü önündə Mübarəkin heykəli uçurularsa ağıllara dərhal Heydər Əliyevin heykəllərinin gələcəyindən qorxurmuş.Onlara bu qorxunu yaşatmağın özü də az şey deyil.