YAP üzvü Atababa Dadaşovun pulunun oğurlanması ilə bağlı qurumlara müraciəti ona baha başa gəlib
Yerlərdə vətəndaşların bəzən səbəbsiz incidilməsi, aidiyyəti qurumların isə belə qanunsuzluqlara göz yumması halları ilə tez-tez rastlaşırıq. Tapdanmış hüquqlarının bərpası məqsədilə aidiyyəti qurumlarla yazışmalardan təngə gələn vətəndaşlar isə sonda mətbuata üz tutmaq məcburiyyətində qalırlar.
Salyan rayonu Qaracala qəsəbəsinin Arxarası Kolanı kənd sakini, YAP üzvü Atababa Dadaşov da hüquqlarının pozulmasından, əsassız olaraq iki il həbsdə yatmasından şikayətçidir.
O, 2008-ci ildə Salyan Rayon Məhkəməsinə on üç nəfər tərəfindən şərəf və ləyaqətinin tapdanması ilə bağlı iddia ərizəsi təqdim edib. “O vaxtdan indiyədək iddiam təmin olunmayıb. Belə ki, 2008-ci il mayın 5-də həmkəndlilərim Abuzərov Əliş Qaçay oğlu, Əhmədov Yavər Ramazan oğlu, Əhmədov Rahib Yavər oğlu, Nəzərov Maşallah Əliağa oğlu, Məmmədov Hüseyn Cəlilağa oğlu, Əhmədov Nazim Şaban oğlu, Əhmədov Ramazan Yavər oğlu, Nəzərov Əliağa Hüseynağa oğlu, Nəzərov Cəlilağa Hüseynağa oğlu, Məmmədov Şahin Cəlilağa oğlu, Burcaliyev Vaqif Əsgər oğlu, Quliyev Imaməli Həsənağa oğlu və doğma qardaşım Dadaşov Balababa Ağadadaş oğlu ilə Mərkəzi Su Kanalının üzərində yerləşən Əhmədov Yavər Ramazan oğluna məxsus çayxanada yeyib-içdikdən sonra qarət olundum. Əvvəlcə spirtli içkiyə qatdıqları dərmanla məni yuxuya vermişdilər. Sonra isə cibimdə olan 1246 manatı, protez qızıl dişimi və cib kitabçamı oğurladılar”.
Şikayətçi yazır ki, həmin pulu avtomobil almaq üçün həmkəndlisi Kamil adlı şəxsdən borc alıbmış. “Bunu qardaşım Balababa Dadaşov bilirdi. Ona görə də məndən pul istəmişdi. Ancaq ona əvvəllər borc pul verdiyimdən və geri ala bilmədiyimdən yenidən pul vermədim. Ona pul vermədiyimə görə qardaşım məni hədələmişdi”.
Şikayətçinin yazdığına görə, yeyib-içəndən sonra yuxuya gedib və gecə yarısı Nəzərov Əliağa, Şaban, Əhmədov Nazim, Dadaşov Balababa və başqaları gəlib onu oyadaraq hansısa həmkəndlisinin telefon nömrəsini istəyiblər. Bu zaman həmin adamlar onun cibinə girərək pulunu götürüblər: “Səhərisi həmin adamlardan pulumun və protez dişimin geri qaytarılmasını tələb etdim. Ancaq onlar pulumu geri qaytarmaqdan imtina etdilər. Belə olan halda, başıma gətirilənlər barədə polisə məlumat verdim. Sahə müvəkkili Ceyhun mənə dedi ki, şikayət etməyim, pulları alıb verəcək. Ona inanıb on gün gözlədim. Ancaq müddət bitsə də, pulum qaytarılmadı. Məcbur olub Salyan rayon polisinə şikayət ərizəsi verdim”.
Hüquqlarının pozulduğunu və yerli hüquq-mühafizə orqanlarında şikayətinə baxılmadığını görən Atababa Dadaşov məhkəməyə müraciət edib. Ancaq Salyan Rayon Məhkəməsinin sədri Həmid Əzizov Atababa Dadaşovun işinə qərəzli yanaşıb: “Məhkəmə sədri mənə qarşı qərəzli olduğundan şikayətçi olduğum adamları öyrədərək mənə qarşı qoydu. Barəmdə Salyan rayon Polis Şöbəsinə şikayət etdilər ki, guya onlara xəsarət yetirmişəm. Halbuki bu şəxslər məni qarət etmişdilər. Əslində isə, heç bir davadan söhbət gedə bilməz. Çünki hansısa dava-dalaş olsaydı, ticarət obyektlərini işlədən şəxslər, o cümlədən sərnişinlər görməli idi. Ticarət obyektlərinin sahiblərinin hadisə olub-olmaması ilə bağlı ərizələri alınmadığı, şahid qismində dindirilmədikləri halda, mənə qarşı iddia irəli sürdülər ki, guya ictimai yerdə dələduzluq etmişəm. Buna görə də polis idarəsinin müstəntiqi Murad Quliyev və istintaqın rəisi Mirzağa Qafarov əsassız olaraq Cinayət Məcəlləsinin 221.2.1 maddəsi ilə mənə qarşı cinayət işi açdılar. Vaxtilə məni qarət etmiş şəxslər üzümə duraraq şantaj etdilər və 17 fevral 2009-cu il tarixdə iki il müddətinə həbs olundum”.
2010-cı il iyunun 25-də həbsdən azad olunan Atababa Dadaşov bəraət almaq üçün məhkəməyə müraciət edib: “2008-ci ildə məlum şəxslər tərəfindən qarət olunmağımla bağlı Salyan Rayon Məhkəməsinə verdiyim iddia ərizəsi həbs olunduğum üçün təmin edilmədi. Ona görə də həbsdən çıxandan sonra işə yenidən baxılması üçün məhkəməyə müraciət etdim. Işin növbəti dəfə də obyektiv araşdırılmadığını gördükdə, məhkəməyə etiraz ərizəsi yazıb prosesin başqa rayonda aparılmasını xahiş etdim. Iş Şirvan Apelyasiya Məhkəməsinə göndərildi. Ancaq 14 mart 2011-ci ildə Şirvan Apelyasiya Məhkəməsi qərar çıxararaq işi yenidən Salyan Rayon Məhkəməsinə qaytardı. Indi Salyan Rayon Məhkəməsinin sədri mənim məhkəməyə getməyim üçün məktublar göndərir. Məqsədi mənim məhkəmə çağırışına getmədiyim üçün haqqımda qəti tədbir görməkdir. Mən isə Salyan Rayon Məhkəməsinə etiraz məktubu göndərirəm. Ancaq məhkəmə sədri Həmid Əzizov göndərdiyim etiraz məktublarımı əsassız sayır. Yəni məni günahlandırmaq istəyir”.
Yazıda adları hallanan şəxslərin mövqeyini də dinləməyə hazırıq…
Ramin DEKO