Onların cinayətləri

Bir neçə gündən sonra rejim “Qurtuluş” bayramını qeyd edəcək.

Ifrat dərəcədə özlərini öyüb, müxalifəti söyəcəklər.
Anarxiyadan, silahlı dəstələrdən qurtulduqlarını gözə soxacaqlar.
Analoqsuz inkişafdan, iqtisadi qalxınmadan, bölgədə liderlikdən o ki var, danışacaqlar.
Stabilliyi əldə bayraq edəcəklər.
Salınan körpüləri, parkları, tikilən göydələnləri bir-bir sadalayıb ata-oğul Əliyevlərin şəninə məddahlıq yarışına girəcəklər.
Əsla hakimiyyətdə olduqları 18 ildə işğalda qalan torpaqların 18 sm-ni qaytara bilməmələrini yada salmayacaqlar.
Təbii ki, bu, onlara sərf etmir.
Çiçəklənən rüşvətxorluqdan və korrupsiyadan heç danışmayacaqlar.
Bu da onlara sərf etmir.
Ölkədə avtoritar bir rejimin formalaşdığını, hakimiyyətləri dönəmində bir dəfə də olsun demokratik seçki keçirmədiklərini dillərinə belə, gətirməyəcəklər.
Belə şeylərdən danışmaq, biryolluq yasaqdır.
Zalım uşaqları elə bil fil qulağında yatıb.
1000-1500 il yaşayacaqlarını düşünürlər sanki.
Və 1000-1500 ilin “qara günü” üçün sərvət toplama yarışına girişiblər.
Ev, bağ, villa, maşın, restoran, sex, fabrik azlıq edir onlara.
Rayonları, regionları ələ keçirirlər.
Gedin, müxalifəti, müxalif qəzetləri qərəzli bilirsinizsə, Heydər parklarında domino-nərd oynayan o xoşbəxt zəhmətkeşlərdən öyrənin ki:
– Gəncəbasar zonası kimin nəzarətindədir;
– Şirvanın general-qubernatoru kimdir;
– Qəbələ kimin əlindədir;
– Naxçıvana kim sahiblik edir;
– Banklar, sığorta şirkətləri tayfanın hansı üzvünün kurasiyasındadır;
– Ərzaq məhsulları, tikinti sektoru kimin monopoliyasındadır və sair.
Uzatmaq fikrində deyiləm, nədən ki, uzansa, Marksın “Kapital”ı boyda bir kitab alınacaq.
Bunlardan iqtidarda olanların və cümlə Azərbaycan xalqının xəbəri var.
Onlar Azərbaycanda cərəyan edən bütün proseslərdən agahdır.
Və onların topladığı o var-dövlət gələcəkdə Azərbaycanın başına min bəlalar açacaq.
Nədən ki, rüşvət sayəsində toplanan sərvətin içərisində CINAYƏT yatır.
Əgər cinayət yolu ilə əldə edilmiş pulun miqdarı 100 min, bir milyon olsaydı, heç də əndişələnməyə dəyməzdi.
Fəqət söhbət bir zümrənin dövləti talan edərək on milyonlar, yüz milyonlar və milyardlar qazanmasından gedir.
O pullar harınları qudurtmaqdan, onları qoçuya, lotuya çevirməkdən başqa həm də, qardaş qanı axıdacaq, vətəndaş qarşıdurmasına şərait yaradacaq.
Onlar doğrudur, silahlaı dəstələri, dövlətə dirsək göstərənləri susdurmağa nail oldular. 
Ancaq özləri elə cinayətlərə qurşandılar ki, bu gün meyvələrini xalq hiss edir.
Gələcəkdə isə dövlət hiss edəcək.
Onların cinayətlərinin miqyası ölçüyə gəlmir.
Cinayətin də cəzadan sığortası olanda ölkənin başının üstünü qara buludlar alır.
Onlar bu təhlükəni görmürlər.
Onlar oğurlamaqla, talan etməklə dövlətin bünövrəsini sarsıdırlar və cinayətlərinin heç bir zaman üstünün açılmayacağını zənn edirlər.

Və yanılırlar.

Özü də dərindən yanılırlar.

Ranqından asılı olmayaraq, hər bir cinayətkarın haqq-hesab verəcəyi gün olacaq Azərbaycanda.
Əmin olun.