Əliyevdən təhlükəli “Qarabağ mesajı”

Dövlət başçısı Kosovo ilə Qarabağı müqayisə edib Ermənistanın arqumentlərini gücləndirdi

Azərbaycan hökumətinin xarici siyasətdəki piyada manevrləri daxildəki sosial siyasi tıxaca adekvatdır. Ilham Əliyevin Serbiya səfəri bir daha sübut edir ki, rəsmi Bakı üçün siyasi ritorikanın məsuliyyəti prinsip olaraq aradan qalxıb. Yaxud da son iki ildə heç bir ciddi beynəlxalq uğur əldə edə bilməməyin nəticəsidir ki, Ilham Əliyev hər kəsin xoşuna gəlmək üçün böhranlı nəticələr yarada bilən bəyanatlar verir.
Serbiyada da bu cür bəyanatların ən təhlükəlisini verib. Azərbaycanın dövlət başçısı belə bir ifadə işlədib: “Serbiya da Azərbaycan kimi separatizmdən əziyyət çəkir, biz ümid edirik ki, sizin də ərazi bütövlüyünüz təmin olunacaq”.
Ilk baxışdan idealist bir bəyanat olsa da, siyasi baxımdan xeyli təhlükəli və hesablanmamış bəyanatdır. Həmçinin bu bəyanat rəsmi Bakının Qarabağ və Kosovo münaqişələrinin  fərqini ayırd edə bilmək imkanının olmamasından, ya da hansısa marağının mövcudluğundan xəbər verir.

Dünya “Kosovo fərqlidir” deyir

Diqqətli oxucularımızın yadında qalar ki, Kosovonun müstəqilliyi gündəmə gələndə Ermənistan dövləti və erməni lobbisi Qarabağ münaqişəsilə bu məsələ arasında paralellər aparmağa cəhdlər etdilər. Bu zaman dünya ictimaiyyəti kifayət qədər sərt reaksiya verdi və bəyan etdi ki, sözügedən münaqişələr bir-birinə qətiyyən bənzəmir və eyni həll standartlarındən söhbət gedə bilməz. Bu, Avropa Şurası və Avropa Birliyinin parlamentar qətnamələrində, ABŞ Dövlət Departamentinin sənədlərində açıq şəkildə göstərildi. Məhz bundan sonra Ermənistan danışıqların klassik formatda davamına razılıq verdi.
Bu hadisədən sonra Qarabağ münaqişəsi ətrafında Qərb dairələrinin pozitiv diplomatik səyləri artmağa başladı. Rəsmi Bakı isə bu tendensiyaya adekvat siyasi reaksiya verə bilmədi. Üstəlik, Kosovodakı sülhməramlıları geri çağırmaqla Qarabağla Kosovo arasında uyğunluq gördüyünü və buna görə də Kosovo münaqişəsinin bu cür həllinə etiraz etdiyini nümayiş etdirdi.
Göründüyü kimi, Ilham Əliyevin bu bəyanatı da Ermənistan diplomatiyasına reaksiya verməkdir. Bu isə tamamilə zərərli və qəbuledilməz bir tendensiyanın yenidən dirçəlməsinə zəmin yarada bilər. Başlıca neqativi isə odur ki, bu dəfə paraleli Azərbaycanın dövlət başçısı aparır. Bu da Ermənistanın arqumentlərini gücləndirməyə xidmət edir. Bu şəraitdə beynəlxalq aləmin də Ermənistana qarşı əks arqumentləri mexaniki olaraq qüvvədən düşür. Çünki münaqişə tərəfi olan dövlətin başçısı öz bəyanatları ilə bu arzuolunmaz müqayisənin “məntiq yükü”nü yaradır.

Bəxtimiz nədə gətirib?

Əslində, Azərbaycanın bu “fətrət” (başsızlıq) dövrünü bu cür az itkilərlə yola verməsinin başlıca bir səbəbi var ki, dünya ictimaiyyəti Ilham Əliyevin bəyanatlarını Azərbaycan xalqının mövqeyi kimi qəbul etmir. Onun sülh və müharibə çağırışlarına verilən reaksiyalar kimi, bu cür analoqlar gətirmək cəhdlərinə də ciddi yanaşılmır. Məsələn, bu cür son reaksiya ABŞ-ın Minsk Qrupundakı həmsədrindən gəlmişdi. O, müharibə bəyanatlarının heç nəyi həll etmədiyini deyirdi. Amma bu dözümlü münasibətin Qərbdə nə vaxta qədər davam edəcəyini proqnozlaşdırmaq da çətindir. Bu isə ciddi problemlərimizin həllinin risk altında olduğu deməkdir.

Seymur Həzi