Srağagün axşam Almaniyadan üç qol yediyimiz oyundan sonra Respublika stadionunda 30 min insan “Istefa!” bağırdı. Iki il öncə bu ölkədə Respublikanın canına oxudular, monarxiyanı diriltdilər, 30 min deyil, 3 min insan bağırsaydı, səsini çıxarsaydı, Azərbaycan bu gün bəlkə də fərqli yerlərdə idi. Artıq məğlubiyyətlərə deyil, qələbələrə öyrəşməyə başlamışdıq bəlkə.
***
Əslində, nə oyunda idim, nə də onu televiziyadan izlədim, srağagün axşam Azərbaycan-Almaniya oyununun sonlarına doğru stadiondakı 30 min azarkeşin Berti Foqtsa və AFFA-ya “Istefa!” bağırmasını da dünən qəzetlərdən oxudum.
Bir anda gözlərim işıqlandı. Qürurlandım, içim doldu bir anda – hər nə niyyətlə olur olsun, gözəl bir şeydir insanların “Istefa!” bağırması. Razılaşmaması deməkdir. Barışmaması deməkdir. Yenilik, dəyişiklik istəməsi deməkdir.
Üstəlik, bu hakimiyyətdəkilərin ən çox nifrət etdiyi, ən sevmədiyi sözlərdən biridir “Istefa!”. Elə ona görə də oyunu canlı yayımlayan telekanal oyunların sonlarına doğru tribunalardan “Istefa!” sədaları yeri-yerindən oynatmağa başlayan kimi efirə verilən səsi dayandırmaq məcburiyyətində qalıbmış.Bunlar yalnız “Istefa!” bağırmalarından qorxmur ki, insanların.Insanların “Istefa!” hayqırışını eşitməsindən də əndişələnirlər, deməli.
***
Bəli, 30 min insanın bir idman məğlubiyyətini sinirməmələri, qəbul etməmələri, “Istefa!” bağırmaları hardan baxsaq, gözəl bir şeydir. Bu sözün insanların dilində əzbər olmağa başlaması, bir futbol oyununda olsa belə, səslənməsi adamı fərəhləndirir.
Amma o biri tərəfdən oturub düşünürsən: nələr uduzmadıq ötən 18 ildə? Min cür məşəqqətlə, məhrumiyyətlə qazandığımız müstəqilliyi uduzduq bir tayfa hakimiyyətinə. Respublikanı monarxiyaya uduzduq. Hüququ uduzduq. Çağdaş, modern ölkə olmaq xəyallarımızı feodal zehniyyətinə uduzduq.
Uşaqlarımızın gələcəyini uduzduq. Bir ailənin bütöv bir milləti diri-diri udmasına səssiz qaldıq. Gözümüzün önündə həqiqəti yalana, sevgini nifrətə, Xeyiri Şərə məğlub etdirdilər, “dur!” deməyə 30 min insan tapılmadı.Ancaq indi bir futbol oyununda Almaniyaya uduzduq deyə 30 min insan yeri-göyü inlədir, “Istefa!” hayqırır.
Sanki 18 ildə uduzduqlarımızın 90 dəqiqəlik bir futbol oyununda uduzmağımız qədər dəyəri yoxdu. Sanki neftin pullarını Almaniyadan alınan bahalı eşşəklərə uduzan və “mık” səsi çıxarmağa cəsarəti çatmayan biz deyilik heç.
***
Allah eşqinə, heç düşündünüzmü, Almaniya ilə başabaş yarışa biləcək nəyə sahibdir bu ölkə: hüququ onun gerisində… Səhiyyəsi, təhsili onun gerisində… Iqtisadiyyatı, mədəniyyəti həmçinin. Bütün bunların hamısında uduzduğumuz bir ölkəyə bir də bir futbol oyununda uduzduq, çoxdurmu?
Bu ölkədə insanlar haqlı olduğu, qalib gəlməsi gərəkdiyi məhkəmələri uduzarkən, bu ölkədə insanların həyatı qumara qoyulub onların özlərinin və övladlarının xoşbəxtliyini, azad, firavan yaşamaq haqqını uduzmağa məcbur edilərkən durub kənardan baxdınız, Almaniyaya bir futbol oyununu uduzduq deyəmi ağlınız başınıza gəldi, “Istefa!” hayqırdınız? Təzəmi anladınız Almaniyaya uduzduğumuzu?
Axı bu, təzə xəbər deyil – biz Almaniyaya, onu Almaniya edən, Avropanın və dünyanın ən qüdrətli ölkələrindən birinə çevirən dəyərlərdən imtina etməyə başladıqda uduzmuşduq axı.
Gözümüzün qarşısında demokratiya yerinə diktatura toxumları əkilməyə başlayanda uduzmuşduq.Hüququn başına daş salınıb yerində müstəbidliyə heykəl qoyulanda uduzmuşduq.Azadlığı köləliyə dəyişəndə uduzmuşduq.Respublikanı Monarxiyaya çevirəndə uduzmuşduq.Nə yazıq ki, Siz bunu yalnız srağagün anladınız.
***
Anladınız deyirəm, amma əslində anlayıb-anlamadığınızı iyunun 19-da, saat 15-də görəcəyik.“Istefa!” hayqırmalı əsl gün o gündür.
Respublika stadionunda “Istefa!” bağırmaq asandır. Respublika naminə “Istefa!” bağırmaq vaxtıdır. Boş verin Almaniyaya uduzmağı…Azərbaycanı uduzuruq, fərqində deyilsinizmi?