b.esed2

Əsəd rejiminə qarşı yeni qadağalar hazırlanır

Qərb Suriya şirkətlərini də hədəfə alır

Bir neçə Avropa ölkəsinin Suriya şirkətlərini hədəf alacaq yeni sanksiyalar paketi hazırladığı barədə xəbərlər yayılıb. Məlumatı “Reuters” agentliyi yüksək səviyyəli avropalı bir diplomata istinadən yayıb.
Bundan başqa, BMT-nin Təhlükəsizlik Şurasının növbəti iclasının gündəliyinə Suriyadakı etirazlara qarşı hökumətin zorakı müdaxiləsini pisləyən qətnamənin salınması da gözlənilir. Ingiltərə və Fransanın birgə hazırladığı qətnamədə Təhlükəsizlik Şurası Bəşər Əsəd rejimini qınamaqla bərabər, Suriya hökumətindən izahat və ölkəyə humanitar yardım göndərilməsinə törədilən maneələrin aradan qaldırılması da tələb olunacaq.
Bu arada, Ingiltərənin baş naziri Devid Kameron dünən parlamentdə çıxışı zamanı Əsəd rejiminə qarşı qadağalara veto qoyacaq ölkələri ədalətli olmağa çağırıb.
Xatırladaq ki, Ingiltərə, Fransa, Almaniya və Portuqaliya BMT TŞ-da Suriyanı qınayan qətnaməni gündəmə gətirib. Diplomatlar ikinci qətnamənin əvvəl qəbul olunmuş sənəddən daha güclü və genişmiqyaslı olduğunu söyləyib. TŞ-da veto hüququ olan Rusiya və Çin BMT-nin Suriyadakı proseslərə müdaxiləsinə qarşı çıxdıqlarını açıq ifadə ediblər.

Informasiya şöbəsi