Polis etirazçılara divan tutdu

Evlərini tələb edən qadınları küçədə sürüdülər; 14 nəfər həbs edildi

Polislərdən biri qadınlara: «Ərləriniz kişi olsaydı, sizi bura göndərməzdi»

“Mur-Ay” şirkətinin aldatdığı vətəndaşlar ötən gün növbəti dəfə Prezident Administrasiyasının (PA) qarşısına toplaşdılar. Onlar məqsədlərinin verdikləri pulu ya geri almaq, ya da mənzillə təmin edilmək olduğunu deyirlər. Hər dəfə PA-ya üz tutan şikayətçilər idarənin məsul şəxsləri ilə görüşmək istəyirlər. Şöbə müdirləri onları dəfələrlə qəbul etsə də, problemlərinin həlli ilə bağlı heç bir təminat verməyiblər. Iş o yerə çatıb ki, mer Hacıbala Abutalıbov sakinlərə “mən kiməm ki, sifariş verilsin, problemlərinizi həll edək” cavabını verib.
Qeyd edək ki, indiyə qədər qurbanlar bir neçə dəfə BŞIH-in, PA-nın, Baş Prokurorluğun, Nazirlər Kabinetinin önündə aksiya keçiriblər. Polis hər dəfə aksiyanı nəzarətə götürsə də bu etirazlarda güclü toqquşma olmayıb.

“İlham, İlham!” deyənlər döyüldü


Ancaq ötən gün indiyə qədər baş verənlərin tam əksi oldu. Sən demə, “Mur-Ay”dan şikayətçilərə PA-nın qarşısına toplaşmazdan bir gün öncə xəbərdarlıq edilibmiş. Bunu bizə zərərçəkənlərdən biri dedi. Onun sözlərinə görə, iyunun 7-də onlara məlumat veriblər ki, heç yerə toplaşmasınlar, əks halda problemlə üzləşəcəklər: “Bizə hərdən bu tip xəbərdarlıqlar olurdu. Ancaq heç nədən çəkinmədən öz haqqımızı tələb edirik. Biz hökumətdən əlavə pul, ev istəmirik. Çəkdiyimiz ziyanın qarşılığını istəyirik. Bu işə görə bir neçə şəxsi həbs ediblər. Onların həbsi bizə heç nə vermir. Hamıya gün kimi aydındır ki, şirkətin başında duranların ayrı-ayrı ünvanlarda villaları var. Onlar müsadirə edilsin və bizim pullarımız qaytarılsın”.

Zərərçəkənlər onlara edilən xəbərdarlığa baxmayaraq, təyin etdikləri vaxtda PA-nın qarşısında göründülər. Elə təzəcə toplaşmışdılar ki, polis hücumuna məruz qaldılar, polislərsə zərbəni zərbənin ardınca endirirdi. “Ilham, Ilham” şüarlarını səsləndirən qurbanları asayiş keşikçiləri döyməyə başladı. Sözügedən ünvana təşrif buyuran etirazçıların sayı yüzlərlə olduğundan, ora əlavə qüvvə gətirildi. Polislər qarşılarına çıxanı təpikləyirdilər. Buna etiraz edənlər isə təhqirə məruz qaldı.
Polislərdən biri qadınlara üzünü tutaraq: “Ərləriniz kişi olsaydı, sizi bura göndərməzdi” – dedi. Yazılması ikrah doğuran sözləri zərərçəkənlərin ünvanına işlədən asayiş keşikçiləri tez bir zamanda şikayətçiləri ərazidən uzaqlaşdırmağa müvəffəq oldu.
Bu zaman PA-dan çıxan Türkiyə vətəndaşı polislərin qadınlara qarşı amansız rəftarını görüb “Annelere böyle muamele yapılamaz” (analarla belə rəftar etmək olmaz – R.D) dedi. Polislərin cavabı isə belə oldu: “Get işinlə məşğul ol!”.

Muğam sədaları altında ədalət

Hadisəni fotoaparatın yaddaşına yazan jurnalistlərə də zor tətbiq edildi. “Yeni Müsavat” qəzetinin reportyoru Elmin Bədəlovun fotoaparatı əlindən alındı. Çəkdikləri şəkilləri yaddaş kartından silən polislər onu 9-cu polis bölməsinə apardılar. Halbuki reportyor şəkil çəkməzdən öncə polislərə məlumat verib: “Hər dəfə biz Prezident Administrasiyasının qarşısında aksiyadan reportaj hazırlayanda çalışırıq ki, bina düşməsin. Bilməyərəkdən olanda da sonda polislərin gözü qarşısında silirik. Ancaq bu dəfə heç bir yandan çəkməyə icazə verilmədi. Çəkdiyim şəkilləri silməklə yanaşı, səs yazılarını da pozdular. Diktafonumda bu işə aidiyyəti olmayan şəxslərdən müsahibələr vardı. Bir-ikisinə qulaq asdılar, hövsələləri çatmadığı üçün hamısını birdən pozdular”.
Polislərin təzyiqləri məndən də yan keçmədi, diktofonu və fotoaparatı alıb yaddaşdakı hər şeyi sildilər. Eyni zamanda bir daha hadisə yerinə baş çəkməmək xəbərdarlığı etməyi də unutmadılar. Bu xəbərdarlığa məhəl qoymayan media nümayəndələri yenidən zərərçəkənlərin yanına yollandılar.
Polislərin qanunsuz hərəkətlərinə tabe olmayan etirazçıların bir neçəsi Səbail Rayon Polis Idarəsinin 9-cu bölməsinə aparıldı. Orada sakinlərdən şifahi izahat alınıb sərbəst buraxdılar. Bildirdilər ki, növbəti dəfə PA-nın qarşısına toplaşsalar, bundan daha pisi ilə üzləşəcəklər. Hətta cinayət işi qaldıracaqları ilə hədələdilər.

Bölmədən çıxan zərərçəkənlər yenidən toplaşıb bu dəfə Prokurorluğa üz tutdular. Burada da onları kimsə qəbul etmədi. Çarəsiz qalan “Mur-Ay”-çılar dərdlərini demək üçün ITV-yə üz tutdular. Zərərçəkənlər kanal rəhbərliyindən çəkiliş qrupunu gözləyən zaman ITV-nin həyətində muğam sədaları eşidilirdi. Kanalın əməkdaşları musiqi sədaları altında çay içib, haqlarını tələb edənləri ikrah dolu baxışlarla süzürdülər.
Təxminən yarım saatdan sonra qurbanların yanına ITV-nin əməkdaşı gəldi. Onların dərdlərini bir neçə dəqiqə içərisində lentə alıb iş yerinə qayıtdı…

***

ITV-yə danışan zərərçəkənlər sona qədər mübarizə aparacaqlarını, yaxın günlərdə mətbuat konfransı keçirib, bir daha başlarına gələnlər barədə media nümayəndələrinə məlumat verəcəklərini bildirdilər.

Ramin DEKO