Yeni dünya üçün yenidən başlamaq…

Bu ilin Milli Kitab Mükafatını qələm dostumuz Pərviz Cəbrayıl qazandı. Müsabiqəyə təqdim olunan başqa əsərləri oxumamışam. Amma Pərvizin istedadına bələd olan biri kimi onun bu mükafatı halal haqqıyla qazandığına əminəm. Birinciliyə layiq görülmüş bu romanın populyarlığı və son illər yaxşı satılan əsərlər sırasında yer aldığı da kimsəyə sirr deyil. Ən önəmlisi isə, münsiflər heyətindəki çoxluq bu əsərə səs verib, uzun mübahisə açmağa lüzum yox…

Həmin gün xəbər saytlarında və sosial şəbəkələrdə müsabiqənin nəticələrini səbirsizliklə gözləyən xeyli adam vardı. Doğrusu, bunların çoxu Pərvizin oxucularıydı. Amma məni bundan da çox sevindirən başqa bir şey oldu. Nəhayət ki, Azərbaycanda ədəbiyyata maraq yenidən oyanmağa başlayır. Bu oyanışa stimul verən keyfiyyətli ədəbi yarışları ürəkdən alqışlayıram. Belə müsabiqələrin çox zaman hay-küylə müşayiət olunması isə kimsəni qorxutmasın. Əslində, bunun özü ədəbi mühitə həqiqi ədəbiyyat polemikaları gətirir ki, indi yeni istedadların yola davam etməsi üçün belə canlanmaya böyük ehtiyac var. Bu proses hər şeydən öncə ona görə önəmlidir ki, yeni nəsil bizimlə yaşıd yazarların üzləşdiyi “böhran”dan azad bir ədəbi mühitdə yazıb-yarada bilsin.

Son zamanlar bəhs etdiyimiz canlanmaya cavab olaraq Azərbaycanda işıq üzü görən yeni kitabların sayı da artıb. Mən də gündəmdə yer alan bir neçə belə əsər haqqında tənqidi məqalələrlə tanış olmuşam. Builki müsabiqənin qalibi “Yad dildə” romanı ilə bağlı da iki belə tənqidi yazı oxumuşam. Şübhəsiz ki, ədəbi tənqid yazarın “formada qalması” üçün önəmli rol oynayır. Amma bizdə daha çox sovetsayağı üslubda təqdim olunan bu tənqidi yazıların ruhu sanki dəyişən zamanın nəbzini tuta bilmir. Ilk baxışdan Pərvizin bu romanını tənqid edən həmin yazılar mənə o yeniliyə “hücum marşı” təsiri bağışladı. Yazıçını ədəbiyyatı “siyasiləşdirməkdə” tənqid edən şəxs özü siyasi təsirə düşmüş kimi görünür. Bu mənada, deyərdim ki, müasir Azərbaycan ədəbiyyatının da, tənqidinin də eyni dərəcədə sağlamlaşmağa, yeniləşməyə ehtiyacı var. Artıq zaman göstərir ki, çox vaxt ən güclü tənqid belə oxucu marağını formalaşdırmaq iqtidarında deyil. Çünki o mövqelər ortaya çıxmamış müəllif öz oxucularını tapır və bəzən daha çox oxunanlar siyahısında yer alır.

Pərviz yaradıcılığının ən məhsuldar illəri yuxarıda bəhs etdiyim “böhran” dövrünə, insanların ədəbiyyata “ehtiyac” duymadığı dövrə düşmüş yazıçıdır. Təbii, azad qələm sahibinə yaxşı heç nə vəd etməyən bir zamanın sosial problemləri onun həyatında da iz buraxmamış deyil. Halbuki, normal cəmiyyətdə o bu yerə qədər ən böyük uğuralara imza atmış olacaqdı. Bu mənada onu bir az bəxtsiz də saymaq olar. Amma heç bir halda gec deyil, bütün çətinliklərə baxmayaraq irəli getməyə dəyər. Həyatın ağır bir sınaq olduğunu isə yazar hamıdan yaxşı bilir:

“Indi mən neçə illik şəxsiyyətimi, qətrə-qətrə qazandığım kimliyimi bir qırağa atıb özümü bu yeni dünyaya sıfırdan tanıtmalıyam: bu yeni, qorxunc, bircə tini, bircə dalanı, yolu mənə tanış olmayan aləmdə yeddisi çıxmamış çocuq kimiyəm; bu çocuq hər tərəfə şübhə, vahimə… və maraqla dördgöz baxır, onu nə gözlədiyindən zərrəcə xəbəri və anlayışı yoxdu; min, milyon illik içini, keçmişini, işığını itirmək dərdilə üz-üzədi, o bunları itirməsə, unutmasa rəsmən ÖLÜ sayılacaq, axı o yeni dünyaya qeydiyyata düşməlidi – əks halda hər iki dünyadan olacaq…”.