“Məhkəmə Alışanovun tərəfindədir”

Rejissor Bəsti Şirinova: «Pulum olmadığı üçün vəkilim də yoxdur»

AzTV-nin nümayəndəsi suallar qarşısında çaş-baş qaldı

“AzTV-nin rəhbəri Arif Alışanov peşəkar televiziya və radio işçilərini narazı salıb işdən qovur”. Bu sözləri 1981-ci ildən telekanalın Maarifçilik Baş Redaksiyasında işləyən 1-ci dərəcəli rejissor Bəsti Şirinova ötən gün Bakı Apelyasiya Məhkəməsində söylədi.
Qeyd edək ki, Səbail Rayon Məhkəməsinə bu ilin əvvəlində müraciət edən rejissorun “AzTV QSC-nin əmək müqavilələri etibarsız hesab edilsin” iddiası təmin olunmayıb.
Natiq Abbasovun sədrliyi ilə keçirilən məhkəmə prosesində cavabdeh tərəfin nümayəndəsi AzTV-nin hüquq departamentinin rəisi Sədrəddin Isgəndərov idi.
B.Şirinova Arif Alışanovu qanunsuzluqda ittiham edib: “Məhkəməyə müraciət etdikdən sonra AzTV-nin nümayəndəsi gətirib mənə bir əmək müqaviləsi verib. Bu müqavilə sənəd kimi qəbul oluna bilməz. Məhkəmə əlahəzrət Alışanovun tərəfindədir. Buna səbəb məhkəmə hakimlərinin fəaliyyətinin qanundan kənar olmasıdır. Pulum olmadığı üçün vəkilim də yoxdur. Məhkəmədən dövlət hesabına vəkil təyin olunmasını xahiş etdim. Amma bu xahişimi təmin edən olmadı. Məsələ Apelyasiya Məhkəməsinə qədər gəlib çıxıb, amma haqq-ədalət Azərbaycan məhkəmələrində öz yerini tapmır. Belə olan halda, əlac qalır Avropa Insan Haqları Məhkəməsinə”.
B.Şirinova cavabdehə suallar ünvanladı. Suallardan yayınan S.Isgəndərov özünü çətin vəziyyətdə qoydu. Iş vaxtı bitdiyindən hakim məhkəməni bu gün saat 09:30-a qədər təxirə saldı.

Informasiya şöbəsi