Tanınmış politoloqlar gündəmi “Azadlıq”da dartışdı
Zəfər Quliyev: «Qarabağ kartından nəinki münaqişə tərəfləri, maraqlı ölkələr də daim istifadə ediblər»
Zərdüşt Əlizadə: «Qarabağ problemini çözə bilməyən hakimiyyət xalqın gözündən düşür»
Gündəm xeyli gərgindir. Ermənistanda rejimin yumşalması müşahidə olunur. Daha bir ərəb diktatoru öz ölkəsini cani kimi tərk edir. Azərbaycanda isə bütün cəhdlərə baxmayaraq, hakimiyyət özünü cəmiyyətlə açıq danışmağa borclu saymır. Biz isə bütün bunları ekspertlərlə müzakirə edirik. Budəfəki dəyirmi masamızın qonaqları politoloqlar Zərdüşt Əlizadə və Zəfər Quliyevdir.
– Ermənistanın daxildə hakimiyyət-müxalifət barışığını əldə etməsi, bu dövləti xarici siyasətdə nə qədər gücləndirəcək?
Zərdüşt Əlizadə:
– Ermənistanın mövqeləri əsla möhkəmlənmədi. Ermənistanın potensialı ortadadır. Ordusunun sayı da, hərbi xərcləri də dəyişməz qalıb. O ki qaldı iqtidar-müxalifət qarşıdurmasının səngiməsinə, Levon Ter-Petrosyan mitinqdə bildirmişdi ki, əgər Qarabağa təhlükə yaransa, Ermənistanın Milli Konqresinə müraciət edəcək ki, siyasi fəaliyyətini dayandırsın. Burada məqsəd əsasən, Robert Köçəryanın iqtidar iddialarını məhdudlaşdırmaqdır. Bunun üçün parlamentdə təmsil olunan hakim partiya Çiçəklənən Ermənistanla yanaşı, Təhlükəsizlik Şurasının sədri Artur Boqdrasyanın partiyasıyla da bir sənəd imzaladı bu yaxınlarda. Sənədə görə, partiya seçkilərdə fəaliyyətdə olan prezidenti dəstəkləyəcək. Amma onlar bildirirlər ki, “fəaliyyətdə olan prezident” ifadəsi heç də o demək deyil ki, mütləq hazırkı prezident Serj Sərkisyan dəstəklənəcək. Onu vəzifəsindən uzaqlaşdırıb, başqa vəzifəli şəxsi də dəstəkləmək olar.
Azərbaycana gəlincə, bizdə hakimiyyət Qarabağ problemini həll etmək üçün müxalifətin dəstəyinə ehtiyac duymur.
– ABŞ-ın keçmiş dövlət katibi Kondoliza Rays deyirdi ki, “Azərbaycan və Ermənistan rəhbərlərilə demokratiyadan danışanda onlar Qarabağdan söz salırlar”. Axı Qarabağ problemi demokratiyaya niyə mane olmalıdır? Ermənilər də bu bəhanəni əsas kimi əllərində bayraq eləyirlər ki, “biz Azərbaycanda hüquqlarımızın qorunacağına inanmırıq”…
Qarabağla bağlı sənəd imzalana bilər, amma…
Zərdüşt Əlizadə:
– Ümumiyyətlə, Qarabağ kartı ilə hakimiyyətə gələn Ermənistan və Azərbaycan iqtidarı daim Qarabağ kartından istifadə edir. Indiki vəziyyətdə Azərbaycan hakimiyyəti ehtiyac duymur ki, insan hüquqları sahəsində vəziyyəti yaxşılaşdırmaqla Qarabağ probleminin həllində də özünü gücləndirsin.
– Bu obyektiv duyumdur, yoxsa?
Zərdüşt Əlizadə:
– Azərbaycan çox mexaniki formada hesab edir ki, ordunu artırsam, hərbi xərcləri artırsam, nəsə əldə edə bilərəm.
– Amma bu hərbi xərclər artsa da, korrupsiya mənbəyi olur. Azərbaycan Ordusunda şiddətli korrupsiya var…
Zərdüşt Əlizadə:
– Bu, əhəmiyyətli olardı, o zaman ki, həqiqətən də hakimiyyət Qarabağı azad etmək istəsəydi. Amma hakimiyyətin belə niyyəti yoxdur. Rusiya da hələ deyir ki, bu münaqişə donmuş vəziyyətdə qalsın. Hakimiyyət də bu qərardan kənara çıxmır. Hərbi xərclərin artırılmasıyla, bir növ, görüntü yaranır ki, hakimiyyət Qarabağı azad etmək istəyir. Amma real oyunçular bilir ki, bu, reallığa uyğun deyil.
– Minsk Qrupundan fransalı həmsədrin geri çağırılması nəticəsində Avropa Birliyi onun yerini tuta bilər. Sizcə, bu, Azərbaycan “Qoşulmayanlar Bloku”na qoşulandan sonra Avropa Birliyinin Azərbaycana yaxınlaşmaq cəhdidir, yoxsa bu qurum regionda aktiv təmsil olunmaq istəyir?
Zəfər Quliyev:
– Qarabağ məsələsində bir neçə aspektdən canlanma müşahidə olunur. Bu problemə diqqət artır və müəyyən vədlər verilir. Proseslərin gedişi göstərir ki, hansısa formada Qarabağ danışıqlarında irəliləyişə ehtiyac var. Bu prosesi uzun müddət dondurulmuş vəziyyətdə saxlamaq artıq həmsədrlərin də maraqlarında deyil. Gələn il Rusiyada prezident seçkisinin keçiriləcəyi nəzərə alınarsa, deməli, bu prosesə moderatorluq edən Kremlin də marağında deyil.
Medvedevin seçilmək şansı real görünür. Amma həmin imkanları artırmaq üçün Qarabağ problemilə bağlı danışıqlar bir vasitədir. Son iki ildə demək olar ki, bu danışıqlar prosesində moderatorluğu birbaşa Rusiya həyata keçirir, özü də Medvedevin timsalında. Onun şəxsi təşəbbüsü ilə dövlət başçıları dəfələrlə görüşlər keçiriblər. Medvedevin marağı var ki, bu prosesi seçkiyə qədər uğurla davam etdirsin. Yəni, Medvedev bundan öz maraqları çərçivəsində istifadə etməyə, Rusiyanın imicini qaldırmağa çalışır.
Bütün bunları nəzərə alaraq, düşünürəm ki, yaxın zamanlarda tək deklorasiya səviyyəsində yox, hansısa çərçivə sazişi imzalana bilər. Lakin şəxsən mən hesab etmirəm ki, Qarabağ məsələsində ciddi dönüş ola, bu problem həllini tapa bilər. Qarabağ kartından nəinki münaqişə tərəfləri, maraqlı ölkələr də daim istifadə ediblər.
Azərbaycan primitiv balanslaşdırma siyasətinə çalışır
– Bəs Azərbaycanın məlum bloka qoşulmasını necə dəyərləndirmək olar?
Zəfər Quliyev:
– Azərbaycanın bloklara qoşulmayan ölkələrlə bir sırada dayanmasına gəlincə, mən burada emosional açıqlama verməyin tərəfdarı deyiləm. Çünki bu addım atılandan sonra həm Rusiya, həm də Azərbaycan mətbuatında birmənalı fikir formalaşdı ki, ölkəmiz avrointeqrasiya kursundan imtina edib. Mənə elə gəlir ki, Azərbaycan hakimiyyəti primitiv olsa da, oynamağa çalışır. Bu konyunktur balanslaşdırılmış siyasətin tərkib hissəsidir. Azərbaycan özü üçün yeni qapılar açır və digər qapıları da açıq saxlayır. Düşünür ki, bir zaman bir qapıya girərək, digər qapılardan gələn təzyiqlərdən gizlənmək olar. Ona görə də NATO ilə hələ də əlaqələr qalmaqdadır.
– Bu təşkilatın baş katibi Hüsnü Mübarək idi. Amma o, özünü bu təşkilatın vasitəsilə qoruya bilmədi…
Zəfər Quliyev:
– Azərbaycan bu addımı atanda belə dəyərləndirildi ki, Azərbaycan ərəb ölkələrində gedən prosesləri görüb və qorxduğundan bu bloka üzv olub. Amma bura gizlənmək üçün tutarlı yer deyil. Ərəb ölkələrinin hamısı bu blokun üzvü idi, özlərini qoruya bildilərmi? Deməli, məntiqlə bu hərəkatda Avropadan, NATO-dan, ABŞ-dan gizlənmək mümkün deyil. Bu, bir oyundur. Azərbaycan hakimiyyəti primitiv şəkildə oynayır. Ramiz Mehdiyevin son məqaləsinə fikir verin. Orada “suveren demokratiya” anlayışından istifadə olunur. Bəyan olunur ki, “Azərbaycanda milli, fərqli demokratiya qurulur”. Aydındır ki, bu, çox primitiv, səthi yanaşmalardır. Çünki bütün dünya üzrə vahid demokratik qaydalar var. Hər bir ölkə də onu fərqli formada həyata keçirə bilər. Amma “suveren, milli demokratiya” anlayışı yoxdur. Ramiz Mehdiyev Rusiyada gedən prosesləri təkrarlayır. Putinin dövründə də deyirdilər ki, “suveren demokratiya qurmaq lazımdır”. Məgər suveren demokratiya korrupsiya, inhisarçılıq, insan haqlarının pozulmasıyla barışmaq deməkdir? Aydındır ki, bütün bunlar absurd məsələlərdir.
Amma Azərbaycan hakimiyyəti bu cür siyasi ritorika ilə özünün addımlarını əsaslandırmaq istəyir. Yəni, “biz xarici siyasətdə də heç kimdən asılı deyilik və bloklara qoşulmayan dövlətlərin sırasına qoşuluruq”. Hələ ki, geosiyasi ətraf bu cür oyunlar aparmağa imkan verir. Lakin get-gedə bu manevr imkanları daralır. Rusiyada Medvedev xətti sonda qalib gələrsə, Kreml fərqli siyasət aparmağa başlayacaq. Rusiya həm postsovet məkanında, həm də dünyada siyasətini dəyişəcək. Buna müvafiq olaraq, rusiyapərəst Azərbaycan hakimiyyəti də siyasətini dəyişməlidir. Dünyada gedən proseslər buna məcbur edəcək. Ona görə də belə situasiyada həm Ermənistan, həm də Azərbaycan hakimiyyəti üçün Qarabağ kartından istifadə etmək imkanları daralacaq.
Hərbi ritorika təzyiq vasitəsidir
– Avropa Birliyi Minsk Qrupuna gəlsə, o zaman münaqişə tərəflərinin spekulyasiya imkanları daha da çətinləşməyəcəkmi?
Zəfər Quliyev:
– Çətinləşəcək. Azərbaycan hakimiyyəti Qarabağ problemini inhisara alıb. Bu, Heydər Əliyevin vaxtından gələn bir xətdir. Hakimiyyət bunu özünün şəxsi problemi hesab edir və guya, cəmiyyətin, müxalifətin bura heç bir aidiyyəti yoxdur. Amma hər halda, bu cür yanaşma üçün əvvəllər real əsaslar var idi. Çünki danışıqlar qapalı gedirdi və hətta Ermənistan ictimaiyyətinin danışıqlara təsir imkanları yox idi. Yalnız Bakı və Yerevan həmsədrlərlə birgə bu problemi həll edirdilər. Amma indiki mərhələdə hesab etsək ki, prezidentlər müəyyən razılığa gəliblər, bu zaman Ermənistanın manevr imkanları artır. Çünki orada iqtidarla müxalifət dialoq şəraitindədir. Sabah hansısa rayonları azad etmək lazımdırsa, Ermənistan hakimiyyəti bu məsələni ümummilli müzakirəyə çıxara bilər. Hakimiyyət müxalifətin rəyini öyrənməklə müqavimət potensialını artıra bilər. Azərbaycanda isə bu cür danışıqlarda müqavimət potensialı görünmür. Çünki hakimiyyət bu məsələni öz əlində saxlayır. Bu baxımdan Azərbaycanın mövqeləri zəif görünür. Amma Azərbaycan hakimiyyəti bu mövqeyini onunla kompensasiya etmək istəyir ki, “biz neft ölkəsiyik, Azərbaycanın pulu var, diplomatiya son vaxtlar fəallaşıb”. Lakin bütün dünya bilir ki, Azərbaycan müharibə etmək istəmir və hərbi ritorika danışıqlarda bir təzyiq vasitəsidir. Bunu da bütün dünya və Ermənistan başa düşüb.
Qarabağ Azərbaycanda hakimiyyətin legitimlik məsələsidir
Zərdüşt Əlizadə:
– Birincisi, Ermənistan iqtisadiyyatının vəziyyəti ağırdır. Yunanıstan kimi, onun da ciddi problemi yaranıb. Iqtisadiyyat xarici borclara xidmət edir. Ermənistanın hərbi gəlirlərini artırmaq imkanları yoxdur. Azərbaycanın isə hərbi büdcəni artırmaq imkanları var. Biz 89 faiz daxili məhsulumuzu hərbiyə yönəldirik. Onda sual olunur: Azərbaycan hakimiyyətinə Qarabağ lazımdırmı? Belə baxanda lazım deyil. Amma unutmayaq ki, Qarabağ problemi Azərbaycanda hakimiyyətin legitimlik məsələsidir. Qarabağ problemini həll edə bilməyən hakimiyyət müxalifətin mövcudluğundan asılı olmayaraq, xalqın gözündən düşür. Vəzirov Qarabağ problemini həll edə bilmədiyinə görə devrildi. Əslində, 20 Yanvarda camaat Heydər Əliyevi həbsdən xilas edirdi. Amma xalqı Qarabağa görə qaldırmışdılar. Mütəllibov Qarabağ üçün çox iş görmək istəyirdi. Amma onu ona görə devirdilər ki, Qarabağ üçün heç bir iş görə bilmədi. Elçibəy də ona görə devrildi ki, artıq Kəlbəcər getmişdi.
– Amma yeddi rayon işğal olunanda Heydər Əliyev getmədi…
(ardı növbəti sayımızda)
Seymur Həzi,
Xəyal Şahinoğlu