Usubovun sözçüsündən qəribə açıqlama

Polis təhqir olunur, nazirlik isə müraciət gözləyir

“Azadlıq”ın ötən saylarının birində Ilham Əliyevin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubovun qardaşı oğlu Robert Əyyubovun olduğu iddia edilən video görüntünün yayılması barədə məlumat vermişdik. Həmin video görüntü qəzetimizin veb-səhifəsi – azadliq.info-da da yerləşdirilib.
Videodan görünür ki, Robert Əyyubov olduğu deyilən şəxs əvvəlcə “BMW X6″ markalı avtomobili ilə qara rəngli ”inomarka”nın qarşısını kəsir. Sonra da maşından enərək həmin şəxsi yumruqlayır. Bu zaman hadisə yerinə polislər gəlir. Lakin onlar da Robret Əyyubov olduğu iddia edilən şəxsi sakitləşdirə bilmirlər və hücuma məruz qalırlar. Polislərdən birinin aldığı zərbədən sonra tələsik ərazini tərk etdiyi açıq-aydın görünür. Bu videogörüntünü qəzetimizin elektron ünvanına göndərən naməlum mənbə yazıb ki, hadisə Hökumət Evinin qarşısında baş verib.
Yeni Müsavat qəzeti dünən məsələnin aidiyyəti qurumlar tərəfindən araşdırılıb-araşdırılmadığını öyrənmək üçün Daxili Işlər Nazirliyinin şöbə rəisi Orxan Mansurzadə ilə əlaqə saxlayıb. O.Mansurzadə bildirdi ki, hadisə ilə bağlı DIN-ə müraciət olunarsa, həmin məsələ araşdırılar. “Bilirsiniz ki, DIN-ə daxil olunan müraciətlər araşdırılır və hər bir müraciətə cavab verilir”,- deyə DIN rəsmisi bildirib.
Ekspertlər isə bizimlə söhbətində Orxan Mansurzadənin cavabını absurd adlandırıblar: “Videoda açıq-aydın görünür ki, Robert Əyyubov olduğu iddia edilən şəxs polislərə də əl qaldırır. Hətta onlardan birinin papağını vurub yerə salır. Və polislər ərazini tərk edirlər. Və bu video ölkənin ən aparıcı qəzetlərinin saytında, həmçinin sosial şəbəkələrdə yayımlanıb. Bu halda hansı müraciətdən söhbət gedir? DIN rəhbərliyi baş verənləri görmürmü? Həmin polisləri tapıb, nə baş verdiyini, həmin şəxsin kim olduğunu dəqiqləşdirmək məgər bu qədər çətindir? Necə olur ki, kütləvi aksiyalarda hansısa polisin, hətta qolundan yapışanda belə, DIN dərhal araşdırmalara başlayır, amma indi müraciət gözləyir?! Sadəcə görünən odur ki, DIN rəhbərliyi də videoda vətəndaşa və polislərə əl qaldıran şəxsdən ehtiyat edir və öz işçilərinin hüquqlarını qoruya bilmir”.

Azad