Din və Demokratiya Mərkəzi Buzovnada “Ekologiya və mənəviyyat” mövzusunda tədbir keçirib
Din və Demokratiya Mərkəzi Buzovna qəsəbəsində yerləşən “Əli ayağı” piri məscidində yerli dindarlarla “Ekologiya və mənəviyyat” mövzusunda görüş keçirdi. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi “Əhalinin ekoloji şüuru və tərbiyəsinə mənəvi dəyərlərin təsiri mexanizmlərinin yaradılması” layihəsi çərçivəsində təşkil olunan bu tədbir beynəlxalq ekologiya gününə təsadüf edirdi.
Tədbiri Din və Demokratiya Mərkəzinin sədri Nəriman Qasımoğlu açdı. İslam dinində ətraf mühitlə davranış etikasına dair fikirlərini açıqlayan ilahiyyatçı-alim Quran-i Kərim-dən sitatlar gətirərək təbiətə sayğılı münasibətin müsəlmanlar üçün vacib bir din borcu olduğu qənaətini iştirakçılarla paylaşdı. Məruzəçi qeyd etdi ki, təbiət öz varlığı etibarilə uca Yaradana səcdə halında olduğundan (“Məgər görməzmi oldun, Ona səcdə eyləyir göylərdə kim varsa, yerdə kim varsa, günəş də, ay da, ulduzlar da, dağlar da, ağaclar da, heyvanlar da, insanların bir çoxu da eləcə…” – Hacc surəsi, 18) insanların da ona münasibətində bu müqəddəslik halı adekvat olaraq nəzərə alınmalıdır. N.Qasımoğlu iştirakçıların diqqətini həm də ona çəkdi ki, insanların istifadəsində olan torpaq, su, hava, od, meşə, çay, dəniz və s. Hamının ümumi sərvəti hesab olunsa da, bunların üzərində şəriksiz mülkiyyət hüququ, Quran məntiqinə görə, Tanrıya məxsusdur: “Onundur göylərdə nə varsa, yerdə varsa” (Həcc surəsi, 64). Və Tanrı mülkiyyətində istifadənin bəlli etik-əxlaqi mündəricəsi təbiətə sayğı ilə yanaşmanı özəl bir zərurət kimi təsdiq edir. Sonra Din və Demokratiya Mərkəzinin sədr müavini Vasif Sadıqlı Azərbaycan mədəniyyəti, ədəbiyyatında ekoloji məsələlərin qoyuluşu barədə çıxış etdi. O, bildirdi ki, xalçalarımız, digər tətbiqi sənət nümunələri, miniatürlər, atalar sözləri və məsəllər, dastanlar və nağıllarda, yazılı ədəbiyyatımızda insanları istər cansız təbiətə, istərsə də bitkilər və heyvanlar aləminə qayğı ilə yanaşmağa çağıran çoxlu örnəklər var. Atalar sözünə görə, “Yaş kəsən, daş kəsən, baş kəsən çox yaşamaz” (yaş ağac və kolların kəsilməsi nəzərdə tutulur). “Kitabi-Dədə Qorqud” dastanlarında ”Kölgəlicə qaba ağacın kəsilməsin, qamən axan görklü suyun bulanmasın” qəbilindən olan Qorqud alqışları da əcdadlarımızın ekoloji davranış etikasını müəyyənləşdirən nümunələrdən biridir.
Daha sonra Yaşıllar Hərəkatının rəhbəri Fəridə Hüseynova ətraf mühitin, təbiətin zədələnməsilə bağlı qlobal ekoloji böhrandan danıçaraq bildirdi ki, bu böhran özünün ən müxtəlif təzahürlərinə görə, sənaye tullantılarının doğurduğu çirklənmə, təbii ehtiyatların uyğun mütəxəssislər tərəfindən məqbul görülməyən ölçülərdə istismarı, sürətli əhali artımı və s. proseslərin nəticəsi olaraq cərəyan etməkdədir. İnsanın vacib həyati ehtiyaclarını ödəyən su və torpaq ehtiyatları, eləcə də atmosfer təmizliyi sənaye hücumları qarşısında təhdid olunan bir duruma düşməkdədir ki, bu da planetimizin qayğısını çəkən alimləri, şəxsiyyətləri, ətraf mühitin müdafiəsilə məşğul olan fəal vətəndaşları təbii olaraq narahat etməkdədir. Tədbirin sonunda iştirakçı dindarlar mövzu ilə əlaqədar fəal müzakirə apardılar. Tədbirin əhəmiyyətindən danışan iştirakçılar bir məsələni də vurğuladılar ki, dini dəyərlərin ekoloji müstəvidə nəzərdən keçirilməsi dinimizin mahiyyətinə uyğun təbliğinə və bu istiqamətdə zəruri maarifləndirmə işinə də yaxşı töhfə verə bilər.
Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi “Əhalinin ekoloji şüuru və tərbiyəsinə mənəvi dəyərlərin təsiri mexanizmlərinin yaradılması” layihəsi çərçivəsində gerçəkləşdirilib.



