«Duzlu göl»dəki obyektlərin sökülməsinə etiraz edən Abbas Orucov venalarını doğradı
Suraxanı rayon məhkəmə icraçıları polisin və mülki geyimli şəxslərin dəstəyi ilə bu gün “Duzlu göl” ətrafındakı kommersiya obyektlərinin söküntüsünü başa çatdırıblar.
Bu dükanlar “Ümid” istirahət zonasında yaşayan 47 məcburi köçkün ailəsinin gəlir mənbəyi idi. Obyektlər məhkəmənin qərarı ilə və bu ərazinin Prezident Administrasiyası beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun həyat yoldaşı Gülnarə Məmmədovaya verilməsi məqsədilə sökülüb.
Məcburi köçkünlərin etirazlarına baxmayaraq, əməliyyat başa çatdırılıb. Köçkünlərdən biri- Abbas Orucov venalarını kəsib və xəstəxanaya yerləşdirilib.
Bu barədə “Turan”a Insan hüquq və azadlıqlarının müdafiəsi Ictimai Birliyinin rəhbəri Rasim Əlizadə bildirib.
O və məcburi köçkünlərdən bir nəfəri etiraz etdiklərinə görə saxlanılaraq Suraxanı rayon polis idarəsinin 30-cu polis şöbəsinə aparılıblar. Əlizadənin sözlərinə görə, torpaq sahəsi Bakı şəhər icra hakimiyyətinin 2001-ci il tarixli sərəncamı ilə Məmmədovaya verilib. Lakin sərəncam qanunsuzdur, belə ki, bu torpaq bələdiyyə mülkiyyətinə aiddir. Əlizadə bildirib ki, bu gün 47 məcburi köçkün ailəsi adından Suraxanı rayon məhkəməsinə Bakı şəhər icra hakimiyyətinə qarşı iddia verilib. Əlizadənin fikrincə, obyektlərin sökülməsinin ardınca köçkünlər “Ümid” istirahət zonasından çıxarılacaqlar, belə ki, məhkəmə gölə bitişik bütün ərazilərin Həsənovaya verilməsi haqda qərar çıxarıb.
Baxmayaraq ki, prezident Ilham Əliyevin 2004-cü il tarixli fərmanına əsasən, məcburi köçkünlər doğma yurdlarına qayıdacaqları və ya yeni qəsəbələrə yerləşdiriləcəkləri günədək yaşayış yerlərindən çıxarıla bilməzlər.
Məcburi köçkünlər 1993-cü ildən bu ərazidə məskunlaşıblar. Çörəkpulu qazanmaq üçün gölün sahilində müalicə məqsədilə gölə gələn vətəndaşlara xidmət göstərmək üçün bir sıra obyektlər – duşxana, kafe və s. açıblar. Son 5-6 ildə Novruz Məmmədovun adından çıxış edən insanların təzyiqlərinə məruz qalırdılar. Nəhayət, N.Məmmədovun həyat yoldaşının xeyrinə məhkəmə qərarı qəbul olundu. Qərarın icrası məcburi köçkünlərə qarşı zorakılıq tədbirləri ilə müşaiyət olunurdu. Belə ki, iyunun 1-də üç məcburi köçkün döyülmüşdü. Novruz Məmmədov, KIV-də bu işdə adının hallanmasına baxmayaraq, hələlik baş verənlərlə bağlı heç bir şərh vermir.