İntriqa mühiti müharibə ritorikasının blef olduğunu ifşa etdi
Mətbuatda “Orduda yoxlamalar başladı” kimi xəbərlər çoxalmağa başlayıb. Amma iki-üç gün öncəyə kimi Ilham Əliyevin rəhbərliyi altında qüdrətli ordunun Ermənistanı yerlə-yeksan edəcəyi yazılırdı. Birdən-birə elə həmin orduda maliyyə yoxlamaları başladı. Əslinə qalsa, bu tip məlumatların mötəbərliyi də şübhə doğurur. Amma söz yoxdur ki, ordu və onun ətrafında baş verən hadisələr Azərbaycan cəmiyyəti üçün çox mühüm əhəmiyyət kəsb edir. Buna görə də biz bu mövzunu diqqətdən kənarda qoya bilmərik.
Birincisi ona görə ki, dinc dövrdə baş vermiş bütün hərbi faciələrin və itkilərin bir günahkarı ola bilməz. Çünki, Azərbaycanda siyasi avtoritarizm bütün sahələri öz əlində bərkidib. Ordu da bu sahələrdən biri kimi, siyasi mərkəzin əlində vasitədir. Əlbəttə, Səfər Əbiyevin də bir nazir kimi məsuliyyəti az deyil. Amma etiraf etmək lazımdır ki, qanunla və mənəvi siyasi ölçülərlə Ali Baş Komandan vəzifəsinin icraçısı daha çox məsuliyyət daşıyır. Başqa bir şəxs isə prezidentin hərbi məsələlər üzrə müşaviridir. Əgər orduda vəziyyət doğrudan da uzun illər ərzində pisdirsə, şübhə yoxdur ki, pisdir, niyə Vahid Əliyev öz vəzifəsini icra edib, ölkə rəhbərliyini məlumatlandırmayıb? Yox əgər, məlumatlandırıbsa, niyə Ilham Əliyev vəziyyətin bu həddə çatmasına göz yumub? Yaxud da hərbi hissələrdə xüsusi xidməti həyata keçirən orqan niyə cavab vermir ki, nədən durumun belə gərginləşməsini öncədən bilməyib?
Göründüyü kimi, baş verənlər heç də ordudakı vəziyyəti düzəltməyə xidmət etmir. Bir məmurun başqa bir məmura hücumu zəminində baş verir. Nəticədə isə xalqın gənc övladları ömürlərinin bahar çağında faciələrlə üzləşirlər.
Bu məsələnin başqa bir ciddi tərəfi isə, rəsmi Bakının uzunmüddətli müharibə çağırışlarından sonra belə bir xəbərin ortaya çıxmasıdır. Bu, həm də silahlı qüvvələr gününə planlaşdırılan hərbi paradın hazırlığı günlərinə təsadüf edir. Görünür, bütün müharibə ritorikası, əvvəlcədən də düşünüldüyü kimi, blef imiş və Ilham Əliyev Azərbaycan silahlı qüvvələrinə inanmır. Belə bir şəraitdə müharibədən danışmaq təbii ki, yersizdir.
“Azadlıq”



