Menyuda mütləq «Jalə» şirələri olmalıdır; Əyyubov və Usubova məxsus restoranlar xaric hamı bu şərtə əməl etməlidir
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov sahibi olduğu “Jalə” şirələrini satdırmaq üçün şadlıq evlərinə təzyiq edir. Əldə etdiyimiz məlumatlara görə, “fövqəlnazir” şadlıq evlərinin qarşısında şərt qoyub ki, toylarda müştərinin istəyindən asılı olmayaraq “Jalə” şirələri menyuya salınmalıdır.
Bu şərti qəbul etməyən şadlıq saraylarına müxtəlif üsullarla təzyiqlər edilir. Şadlıq saraylarından birinin rəhbəri bu məlumatı təsdiqləyib. Adının çəkilməsini istəməyən həmin sahibkar bildirib ki, əgər müştəri süfrədə “Jalə” şirələrinin olmasını istəməyəndə belə, restoran məcbur olub hesabına Kəmaləddin Heydərovun şirkətinə məxsus məhsulları menyuya salır: “Biz buna məcburuq. Çünki əks təqdirdə Fövqəladə Hallar Nazirliyi müxtəlif vasitələrlə işimizə mane olacaq, şadlıq sarayının qapanması təhlükəsi yaranacaq”.
Sahibkar bir maraqlı məqamı da diqqətimizə çatdırıb. Onun sözlərinə görə, Ilham Əliyevin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubovla daxili işlər naziri Ramil Usubova məxsus şadlıq saraylarında “Jalə” problem”i yoxdur. “Həmin şadlıq saraylarına təzyiq edə bilmirlər. Öz mallarını bizim kimilərə satdırırlar”,- deyə sahibkar bildirib.
İnformasiya şöbəsi



