AMAY prezidenti hansı məmurun ailəsini söyüb?

Abdulla Abdullayev: «Onu deyənlər ortaya bir sübut qoya bilsələr, vətəndaşlıqdan imtina edərəm»

“Son vaxtlar bir sıra şəxslər mənim bəzi dövlət məmurlarını və ailələrini təhqir etdiyimi iddia edirlər. Mən bunu bu başdan əsassız sayıram”. Bu cümlə AMAY Şirkətlər Qrupunun prezidenti Abdulla Abdullayevin müraciətindəndir.
Müraciətdə bu ittihamı konkret kimlərin irəli sürdüyünü və kimlərin təhqir olunmasının nəzərdə tutulduğunu açıqlamayan A.Abdullayev ümumiyyətlə kimisə təhqir etmək xüsusiyyəti olmadığını qeyd edir. Onun fikrincə, bu şayiələri yaymaqda maraqlı olanlar həm onun prezidenti olduğu şirkət, həm də özü barəsində dövlət rəhbərliyində mənfi rəy və imic formalaşdırmaq niyyəti güdürlər. Şirkət prezidenti ona qarşı olan ittihamları birmənalı olaraq rədd edir. “Mənə qarşı bu ittihamı irəli sürənlər dediklərinin birini sübut edə bilsələr, ölkə vətəndaşlığından imtinaya belə, hazıram”, – deyə A.Abdullayev qeyd edib. Xatırladaq ki, bu ilin yanvarından AMAY Şirkətlər Qrupuna bağlı firma rəhbərlərilə “Texnikabank” arasında götürülmüş kreditlərlə bağlı məhkəmə çəkişməsi gedir. Bank kreditlər qaytarılmadığına görə firma rəhbərlərinə qarşı cinayət işi başladıb, nəticədə iki firma rəhbəri və AMAY-ın icraçı direktoru həbs olunub(Turan).