ABŞ “Taliban”la danışıqlara gedir

Vaşinqton rəsmiləri Molla Ömərlə görüşmək fikrindədir

 

“Taliban” lideri Molla Ömərlə üz-üzə görüşmək və müzakirələr aparmağı qarşısına məqsəd qoyan ABŞ-ın bir neçə ay ərzində danışıqlara başlamaq üçün hərəkətə keçdiyi bildirilib. 2011-ci ilin iyulundan Əfqanıstandakı əsgərlərini çıxaracağı ABŞ-ın “Taliban” liderləriylə masa ətrafında əyləşmə ehtiyacını ön plana çəkib.

 

İngiltərənin “The Daily Telegraph” qəzetinin xəbərinə görə, Pakistanın paytaxtı İslamabaddakı Araşdırma və Təhlükəsizlik Mərkəzinin rəhbəri İmtiyaz Gül deyib ki, ABŞ-ın Əfqanıstan və Pakistan üzrə xüsusi nümayəndəsi Mark Qrossman “Taliban” liderləriylə görüşmək imkanı yaradılması üçün yardım istəyib: “Qrossman Molla Ömərlə əlaqəyə girməyə köməklik edəcək şəxs və ya qruplarla əməkdaşlıq etməyə çalışır”.

ABŞ-ın dövlət katibi Hillari Klinton bu ilin fevralında bölgədə siyasi dəyişikliyə toxunmuş və keçmiş prezident Ronald Reyqanın SSRİ ilə dialoqa başlamaq qərarını xatırlatmışdı. Müdafiə naziri Robert Qeyts isə “Taliban” ilə aparılacaq danışıqların bu ilin sonuna kimi baş tutacağı ehtimalının çox olduğunu söyləmişdi.

Pakistan və Əfqanıstan üzrə keçmiş nümayəndə Riçard Holbrukun yerinə gətirilən və “razılaşmalar adamı” adıyla tanınan Qrossmandan ABŞ əsgərlərinin geri çəkilməsini sürətləndirəcək razılığın xüsusi qabardılması istənilir.

İmtiyaz Gül Əfqanıstanın bir-biri ilə qarşıdurma şəraitində yaşayan siyasi qrupları arasında razılığa gəlmək üçün zamanın gedərək azaldığı barədə xəbərdarlıq da edib. Onun sözlərinə görə, ABŞ bunun üçün də “nə qədər tez olsa, bir o qədər yaxşıdır” prinsipi ilə hərəkətə keçib.

İnformasiya şöbəsi