«Qızılın qiyməti 2 min dollara çatacaq»

Rza Vəziri: «Səbəb Misir, Liviya və digər ölkələrdə baş verən siyasi prosesləri, Çinin qızıla tələbatının artması»

Dünya bazarında müşahidə olunan proseslər qızılın qiymətinin bundan sonra da artacağını göstərir.
Bunu “Anglo-Asian Mining” şirkətinin baş icraçı direktoru, Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkətinin prezidenti Rza Vəziri bildirib. Qızılın bahalaşmasına səbəb olan amillər arasında R.Vəziri  eləcə də dünya bazarında dolların mövqeyinin zəifləməsini, Yaxın Şərqdə, Misir, Liviya və digər ölkələrdə baş verən siyasi prosesləri, Çinin qızıla tələbatının artması, qeyd edib: “Bütün bunlar qızılın qiymətinin artması ehtimalını yüksəldir”. R.Vəzirinin sözlərinə görə, qızılın 1 unsiyasının qiymətinin 2011-ci ilin sonunadək 1600 dollara, gələn ilin sonunadək isə 2000 dollara kimi qalxması ehtimalı çox böyükdür.
Yeri gəlmişkən, hazırda dünyada maya dəyərinə görə ən ucuz qızıl Azərbaycanda çıxarılır. Belə ki, 1 unsiya qızılın hasilatı şirkətə 345 dollara başa gəlir: “Azərbaycan tərəfinin payını da nəzərə alanda bu qiymət 600 dollara çatır ki, bu da çox yaxşı və sərfəli qiymətdir”.
Xatırladaq ki, bu yaxınlarda dünya bazarında qızılın 1 unsiyasının qiyməti 1500 dollar həddini keçib.