İlham Əliyev hansı heykələ qadağa qoyub

Dövlət başçısı Aydan Salahovanın heykəllərinin üstünü örtməyi əmr edib

Venesiya müasir incəsənət biennalında Azərbaycan pavilyonunun açılması qalmaqal doğurub. Rəssam və qalereyaçı Aydan Salahovanın iki əsərinin üstü ağ parça ilə örtülüb.
“Artxronika” nəşrinin məlumatına görə, bu, açılışdan bir müddət əvvəl pavilyona baş çəkən dövlət başçısı Ilham Əliyevin göstərişi ilə baş verib.
Dövlət başçısına mərmər islami heykəllər: “Gəlin” – yalnız əlləri görünən qara çadralı qadın və “Qara daş” göstərilib.
“Snob”un yazdığına görə, səbəb təxminən belə ifadə olunub: “dünyəvi dövlət özünü əsir edilmiş Şərq qadını obrazında təqdim edə bilməz”. Bu arada, “Snob”un şərhində rəssam Yuri Avvakumov Aydan Salahovadan sitat gətirərək, onun senzura haqqında məlumatı təkzib etdiyini bildirir. Bu məlumata əsasən, heykəllər “daşıma zamanı zədələndiyi üçün” bağlanıb. “Heykəllər bərpa olunduqdan sonra onları açıq görmək mümkün olacaq”, – deyə qeyddə bildirilir.
Bundan başqa, “qadağan olunmuş” heykəllərdən birinin – “Qara daş”ın fotosu pavilyonun rəsmi saytında nümayiş olunur.
Venesiya biennalında Azərbaycan pavilyonunda “Bakıdan qohumlar” sərgisi təqdim olunub, sərgidə Salahova başda olmaqla, 6 rəssam iştirak edir. Bütün sərgi eksponatlarından yalnız yuxarıda adı çəkilən iki heykəlin üstü örtülüb, qalan əsərlər (o cümlədən Salahovanın digər əsərləri – heykəllər və barelyeflər) orijinal şəkildə nümayiş olunur.
Bununla belə, “Artxronika” qeyd edir ki, pavilyonun yerləşdiyi Bentson sarayının tavanında ağ amur fiqurlarının cinsiyyət orqanlarının üstünə qara kvadratlar yapışdırılmışdı.
Qeyd edək ki, Aydan Salahova- məşhur rəssam Tahir Salahovun qızıdır, Moskvada yaşayır və işləyir. 1992-ci ildə Rusiyada ilk müasir incəsənət qalereyalarından birini açıb.