Heydər Əliyev yeniliyi söz kimi də sevmirdi

Siyasət adamlarının dilində indi rahatlıqla işlədilən “legitimlik”, “dondurmaq” sözləri vaxt vardı məsxərəyə qoyulurdu. Vaxt vardı dedikdə, qədimləri yox, 18 il gerini nəzərdə tuturam. AzTV ənənəsinə xilaf çıxmayıb, bir-neçə günə 1993-cü ilin iyun böhranları haqda Milli Məclisin ovaxtkı iclaslarını göstərsə, “legitimlik”, “dondurmaq” sözlərinə münasibətə diqqət edərsiniz.

Gənc oxucular üçün xatırladaq ki, o vaxt prezident Əbülfəz Elçibəy Bakını tərk edərək doğulduğu Kələki kəndinə getmişdi. Indiki yapistlər, başda Heydər Əliyev olmaqla, bu addımı kəskin tənqid atəşinə tutmuşdular. Onlara görə, Əbülfəz Elçibəyin daha prezident adından danışmağa hüququ yoxdur. Bu fikirlərə cavab olaraq, cəbhəçi deputatlar Əbülfəz bəyin vəzifəsini dondurduğunu, hələ də legitim prezident olduğunu deyirdilər.

Ali Məclisin oçağkı sədri Heydər Əliyev çox əsəbi şəkildə hər iki yeni sözə qarşı çıxır, hətta Tofiq Qasımovu özündən gündə bir söz – “legitimlik” sözünü uydurduğuna görə, az qala xalq düşməni elan edirdi. Bu, çox təbii hadisə idi, çünki Heydər müəllim düşüncə və həyatında kifayət qədər yenilikdən uzaq, qədimliksevər idi. Yaxın keçmişə ekskursu Tibb Universitetinin dosenti, fəlsəfə elmləri doktoru Nağdəli Zamanovun “Azərbaycan” qəzetindəki məqaləsi haqda yazmaq üçün etdim. Dosent və elmlər doktoru iri bir yazısında Heydər Əliyevin dilə yeni sözlər gətirməsində rolundan bəhs edib. Məqalə o qədər dayaz və ağ yalanlarla doludur ki, “ehh” deyib keçmək də olmur. Nağdəli Zamanov iddia edir ki, “sivilizasiya”, “referendum” sözləri yeni sözlərdir və onları dilimizdə işlək hala mərhum Heydər Əliyev gətirib. Özü də bu “analoqsuz hadisə” Əliyevin ikinci dəfə hakimiyyətə qayıtmasından sonra baş verib.

Birinci abzasda faktla göstərdim, Heydər müəllimin heç bir sahədə, eləcə də dildə yenilik yaratmaq məqsədi, düşüncəsi olmayıb, əksinə, o, bütün yenilikləri beşiyindəcə boğmağı həyat fəlsəfəsi kimi seçib. Gələk Nağdəli müəllimin iddiasına. Onu şəxsən tanımıram, lakin titullarından azı 40 yaşı olduğunu təxmin edirəm. Deməli, məntiqlə bu dosent və fəlsəfə elmləri doktoru bilməliydi ki, 1995-ci il referendumundan da əvvəl Azərbaycanda həyat olub. O həyatın 70 ilini Azərbaycan Sovet Ittifaqının tərkibində keçirib və bütün sovet adamları kimi azərbaycanlılar da 4-5 dəfə referedum görüblər, orada iştirak ediblər. Bu referendumun bəzisi Heydər Əliyev siyasi meydana girməyə macal tapmamış olub. Belə olarkən hörmətli alim hansı əsasla Heydər Əliyevin referendum sözünə “pasport” verdiyini iddia edir? Yaxud sivilizasiya sözünə? Ola bilsin ki, Tibb Universitetinin pedaqoji kollektivi Heydər müəllimin sayəsində “qurtulmayınca” sivilizasiya nədir bilmirmişlər. Bu gün ATU-nun rektoru, akademik və deputat Əhliman Əmiraslanov Aygün Bəylərə özü haqında “həkim Əhliman” mahnısı oxutdurub buna klip də çəkdirirsə, o kollektivdə sivilizasiya elementlərinin olması hələ indi də şübhə doğurur. Ancaq, məndən inciməsinlər, bütünlükdə Azərbaycan xalqına “sənə ”sivilizasiya” sözünü 90-cu illərdə Heydər Əliyev öyrədib” iddiasında bulunmaq, xalqı avam yerinə qoymaq deyil, alim nadanlığıdır.

Azərbaycanda tibb sektoru can üstədir. Ölkəni xəstəliklər bürüyüb, ölümlər cavanlaşır, ana və uşaq ölümünün sayına görə dünyanın qabaqcıllarındanıq, bu qədər mövzu qala-qala tibb alimi neologizmlərdən yazır. Ah, doktor Nərimanov, qəbrində bu günlərdə neçə dəfə fırlanırsan, görəsən?