Hakimiyyətin fırlatdığı qorxulu karusellər

Keçən ildən Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov hər ay iclas keçirib deyir ki, muştuluğumu verin, geoloqlarımız platin yatağı tapıb. Amma heç kim əlini cibinə salıb Platin bala üçün şirinlik vermir. Platin yataqda çabalayır, qığıldayır, amma atası hələ üzə çıxmaq istəmir. H.Bağırov isə şirinlik almaq üçün ana təbiətin bətnində platin olduğunu təkrarlamaqdan yorulmur: “Şəmkir rayonu ərazisində platin və digər qiymətli metalların olduğu yataqlar var. Yataqda 80-100 ton platin ehtiyatının olduğu ehtimal edilir”. Nə qəşəng! Neft gəlirlərindən camaatın əli bala batmışdı, platin, qızıl yataqlarından millətin barmaqları daş-qaşdan bərq vuracaq. Moskva, Kanada mütəxəssislərinin iştirakı olmadan yataqlar tapılsaydı, yəqin ki, məmurlar qəbir kimi susardılar. Yeri gəlmişkən,  Sovet hökuməti yenicə dağılandan sonra Sumqayıtdakı dənizkənarı zibilliklərdən yerli camaat mis, alüminium axtaranda bir xeyli platin tapmışdılar. Yazıqlar, satdıqları qiymətli metaldan uşaqlarına noğul almamış ayıq-sayıq polislərimiz onları mühasirəyə almışdı. Demişdilər ki, ya zibillikdən tapdığınız dövlət sərvətini qramına kimi bizə verin, ya da zina etdiyiniz üçün zindanda çürüyəcəksiniz. Kasıb camaatın bellə, çəngəl-qaşıqla yerdən çıxartdığı “zibil” əməlli-başlı onları zibilə salmışdı. Tapdıqlarını versələr də, uzun müddət polislər onların bacalarının tüstüsünü izlədi. Hardan tüstü çıxırdısa, elə bilirdilər platin “kababıdı”, tez qaçırdılar ora. Sonradan məlum oldu ki, platini H.Z.Tağıyev qəsəbəsində yerləşən Təyyarə Təmiri Zavodundan ruslar aparıb dənizkənarı zibilliklərdə basdırıbmış. O vaxtlar ruslar Azərbaycan neftinin hesabına indikidən betər qudurmuşdular. Platinə, qızıl-gümüşə zibil kimi baxırdılar. Amma insafən, Sovet hökuməti indiki Azərbaycan hakimiyyəti kimi acgöz, görməmiş, vicdansız, şərəfsiz deyildi. Ən azından vətəndaşlar səhər evdən çıxıb normal maaşı, şəraiti olan işə gedirdi, axşam isə qazı, suyu, işığı olan üçotaqlı-dördotaqlı evinə dönürdü. Sovet hökumətinin vaxtında Təyyarə Təmiri Zavodunda işləyənlər ən məşhur sanatoriyalara, kurortlara gedirdilər. Indi isə Sumqayıtdan Bakıya getmək üçün yol pulu da tapa bilmirlər. Zavodun bütün əmlakı satılıb, sexləri dağıdılıb, avadanlıqlar yararsız hala düşüb. Camaatın quru adı işdə olur, özü isə qul bazarlarında iş axtarır. Hələ hökumət utanmadan deyir ki, “AVIA”zavodda təyyarə, helikopter yığacağıq. Sanki təyyarə yığmaq, pambıq, üzüm, neft pulları yığmaq kimi bir şeydir…

Bu yaxında bir tanışıma psixoloqun etdiyi məsləhəti bir nəfərə deyil, bütün ölkə əhlinə aid etmək olar: “Həyatdan zövq almaq, onu sevmək üçün beyni gözəl hisslərlə – sevgi, sevinc… ümidlə qidalandırmalısan, yoxsa beyin quruya bilər. Və insan çarəsizlikdən içkiyə, narkotikə qurşanar, ya da intihar edər”. Məsələn, mən xeyli vaxtdır ki, hiss edirəm beynim quruyur, kim bilir, bəlkə də çoxdan quruyub: məmləkətdə aşıb-daşan şad xəbərlər bolluğunda bir damcı da sevinə bilmirəm. Etiraf edim ki, nə müğənnilərimizin “Eurovision” qələbəsinə, nə prezidentin əfv fərmanına, nə də yeganə qızımın məktəbi bitirməsinə zərrə qədər də sevindim. Hətta sabah “Qarabağı geri aldıq” xəbəri yayılsa da yenə sevinə bilməyəcəyimdən əminəm. Çünki haqsız əzab və işgəncədən, hədsiz saxtakarlıqdan, saysız-hesabsız qurbanlardan sonra sevinmək olmur. Bu hökumət qurub-yaratdığı əcaib “YALAN”, “KƏDƏR”, “ŞEYTAN”… karusellərinə  BIZi uşaqlı-böyüklü 18 ildir necə zorla mindiribsə, hamının ürəyi bulanır, başı gicəllənir, üzü gülmür. Hörmətli Leyla Yunusun əfv fərmanı ilə bağlı söylədikləri də əcaib karusellərdə fırlandığımızı təsdiqləyir: “Çox sevinirəm ki, Eynulla Fətullayev buraxıldı, bu münasibətlə onun valideynlərini təbrik edirəm. Bununla belə, ürəyim ağrıyır. Ruslan Bəşirli kimi gənc altı ildir ki, həbsxanada çürüdülür. Bir nəfəri buraxırlar, əvəzinə 15 nəfəri tuturlar…”. P.S. Maraqlıdır, şanlı geoloqlarımız “VICDAN” yatağını nə vaxt tapacaqlar? Ümumiyyətlə, Azərbaycanda elə bir yatağın olması ehtimalı varmı?