«Kreml işğalçı rejimlər ətrafında legitimlik illüziyası yaratmağa cəhd edir»
Gürcüstanla Rusiya arasında gərginlik davam edir. Rəsmi Tbilisi Abxaziya separatçılarının lideri Sergey Baqapşın dəfn mərasimində iştirak edən Rusiyanın baş naziri Vladimir Putinin ünvanına sərt ittihamlar səsləndirib.
Xarici Işlər Nazirliyi bəyanat yayaraq Putini Gürcüstanın dövlət sərhədini pozmaqda günahlandırıb: “Kreml özünün yaratdığı işğalçı rejimlər ətrafında legitimlik illüziyası yaratmağa cəhd edir”.
Bəyanatda o da bildirilir ki, Rusiya belə cəhdlərinin iflasa uğramasıyla barışmalıdır. Gürcüstan XIN-i Rusiya hökumətini terrorçuluq və separatçılıqda günahlandırıb. Rusiya Gürcüstan ərazisində terror aktlarının təşkili və həyata keçirilməsini davam etdirir. Nazirlik beynəlxalq ictimaiyyətə müraciət edərək, Rusiyadan Gürcüstana qarşı terror aktlarının hazırlanmasını dayandırmağı və 12 avqust 2008-ci ildə imzalanmış razılaşmanı tam yerinə yetirməyi tələb etməyə çağırıb.
Xatırladaq ki, Abxaziya separatçılarının lideri Sergey Baqapş mayın 29-da Moskvada dünyasını dəyişib. O, iyunun 2-də Gürcüstan ərazisi kimi tanınan Suxumi şəhərində dəfn edilib. Separatçıların lideri ilə vida mərasimində Rusiyanın baş naziri Vladimir Putin də iştirak edib.
Informasiya şöbəsi