“Azərbaycandan göz yaşı ilə getmişəm”

Araz Elsəs: «Diaspora mənimlə maraqlanmır, nə zəng edən var, nə qapımı döyən»

«Məni bir tərəfə qoyun, Qarabağa münasibətə baxın»

Axırıncı dəfə 2002-ci ildə Azərbaycanda konsert verib. Özünün də dediyi kimi, hər kəsin çətinlik çəkmədən etdiyi onun üçün “aşınmaz dağ” olub. Amma o, bu aşınmazlığı ram edib. Söhbət dünya şöhrətli, Güney Azərbaycandan olan ozan Araz Elsəsdən gedir. Onun kövrək kükrək səsi qulaqlardan çox, damarlara işləyir… Söhbəti isə daha maraqlıdır. Buyurun, oxuyun..
– Azərbaycana, vətəninizə xoş gəlmisiniz. Eşitdik ki, gəlişinizə problemlər yaradıblar…
– Çətinliklər hər zaman olduğu kimi, yenə də var. Bir sıra texniki problemlər olub, amma çox dərinliyə varmaq istəmirəm. Sonuncu dəfə konsertim 2002-ci ildə olmuşdu. O vaxt da bir balaca problemlər çıxmışdı, konserti tamamlaya bilməmişdik. Amma hər şeyə rəğmən konsertimiz oldu. Bu işin təşkilində yardımçı olan dostlarımızın hamısına təşəkkür edirəm. Azərbaycana dünyanın hər yerindən gəlib konsert verənlər var. Şah dönəmində Irandan Avropaya, Amerikaya qaçmış sənətçilərimiz var. Onlar gəlib Bakıda rahat konsert verirlər. Amma nədənsə, hər kəsin rahat konsert verə bildiyi Azərbaycanda mənim konsertimə problem yaratdılar. Səbəbini özünüz də yaxşı bilirsiniz. Çox şükür, yenə də baş tutdu. Arzu edirəm, bu problemlər, çətinliklər azalsın, ümumiyyətlə, olmasın. Mən insanlarımla görüşmək istəyirəm. Mən gücümü insanlarımdan, millətimdən alıram. Millətimə müsbət enerji verib, enerji almaq istəyirəm. Bu görüşlərə çox ehtiyacım var.

– Burada rahat ola bildinizmi? Ümumiyyətlə, bozqurd Bakıda rahat ola bilirmi?
– Rahatlığı yaratmaq lazımdır. Səni rahatsız edən şeylər var. Bozqurd bizim düşüncəmiz, mifologiyamızla bağlıdır, siyasətə dəxli olmayan bir şeydir. Bunu siyasətə qarışdırmaq yanlışdır. Biz türkük, qardaşıq. Mən də türklüyü təbliğ edən bir sənətçiyəm. Güney və Quzey Azərbaycanın türklük problemindən danışan bir ozanam. Bunun siyasətə qətiyyən dəxli yoxdur. Mən yaşamımdan, keçmişimdən, bu günümdən, gələcəyimdən, dərdlərimdən danışıram. Bunları siyasətə bağlayanlar yanılırlar. Çətinliklərdən qorxmuruq ki… Əksinə, çətinliklər insanı bişirir, yetişdirir. Həyata anlam verən də elə budur. Azərbaycan mütləq aydın gələcəyə çıxacaq. Bizim övladlarımız xoşbəxt günlər yaşayacaq. Amma bu gün bu acı günləri çəkmək böyük şərəfdir. Bu acıları çəkmişik, sona qədər də çəkəcəyik.

– Güney Azərbaycanın səsi dünyaya Sizin ifanızda tamamilə başqa notlarda çıxır. Siz bu səsi tamamilə ayrı bir tərzdə təqdim edirsiniz. Siyasilər və diaspora da bu işlə məşğuldur. Sizcə, emosiyalara bunlardan daha çox hansı toxunur?
– Millətə baxsanız, görərsiniz. Mən öz işimi görürəm. Hər kəs öz yerində fayda verməyə çalışmalıdır. Təşkilatlarımız da millət üçün faydalı olmalıdır. Mən əlimdən gələni edirəm ki, o sevginin qarşılığında millətə nəsə verə bilim, bu sevgiyə layiq olum. Hər bir vətəndaş üzərində addımladığı torpağa layiq olmalı, onu sevməli, sevdirməlidir. Sevdirmək çox böyük şeydir. Çox vaxt bunu unuduruq. Millətini sevən onu sevdirməyə çalışmalıdır. Mənim düşündüyüm millətçilik yolu sevgidən keçir. Sevgi gözəl şeydir. Millətimizi ayırmadan sevməliyik. Bizi sevməyənləri də sevəcəyik. Düşmən qarşına çıxdı, alnından, qafasından vur, amma alçaltma, təhqir etmə.

– Dünya Azərbaycanlıları Konqresi dünyanın bir çox yerində, eləcə də Bakıda fəaliyyət göstərir. Ona heç bir maneə törədən olmur. Baxmayaraq ki, sizin konsertin təşkilatçılarından biri də bu Konqres idi, amma yenə maneələr yaratdılar. Sanki Azərbaycanda coşqulu, emosional millətçiliyin qarşısı alınır. Siz bir ozan, bir millətçi kimi, bunu hiss edirsinizmi?
– Məni, konsertimi bir yana qoyun. Bizim o boyda torpağımız tapdaq altındadır. O torpağa olan münasibətə baxın. Belə olanda mənə, konsertimə olan münasibət kölgədə qalır. Azərbaycanda bu yöndə əskiklik var. Torpaqlarının 20 faizi basqı altında olan bir dövlətdə gənclər hansı ruhda yetişməlidir? Bu yöndə çalışmaq, iş görmək lazımdır. Insanlara millətçilik, torpaq, yurd sevgisi aşılanmalıdır.
Mən neçə illərdir Avropada yaşayıram. Açıq deyirəm ki, diaspora deyilən şey Araz Elsəslə qətiyyən maraqlanmır. Dəfələrlə DAK-ın qurultayları olub. Araz Elsəs ora çağırılmayıb. Niyə? Çağırsalar da, sağ olsunlar, çağırmasalar da. Mənim buna ehtiyacım yoxdur. Amma söhbət millətçilik duyğularından gedirsə, mən orada fayda verə bilərəm. Məndən yararlana bilərlər. Enerjimi insanlarımıza sevə-sevə verərəm. Amma təəssüflər olsun ki, Avropada bizim üçün yaradılan, diaspora dediyimiz təşkilat Arazı, arazkimiləri axtarmır. Halbuki, onlar orada bizim üçün mövcud olmalıdırlar. Nə zəng edirlər, nə qapımı döyürlər. Bilmirəm niyə. Özlərindən soruşsanız, daha yaxşı olar.

– Irandakı etnik türklərin dil məsələsi, eyni zamanda Qarabağ məsələsi və bir çox başqa məqamlar var ki, orada həm də millətin tarixi köklərini, qədimliyini göstərən bir sənətkara, bir estetikaya ehtiyac var. Bu estetikanın zəif olmasının səbəbini nədə görürsünüz? Bu, siyasətin yarımçıq olmasıdır, yoxsa məqsədin?
– Bilərəkdən və ya bilməyərəkdən önəm vermirlər. Amma istənilən halda, doğru deyil. Mən özümü nəzərdə tutmuram. Əslində, diasporanın vəzifəsi odur ki, xaricdə olan insanları bir araya yığsın və fayda versin. Eyni zamanda, bu insanların enerjisindən faydalansın. Bütün dövlətlərdə, millətlərdə belədir. Bunu yəhudilər də edir, ermənilər də, farslar da. Bizdə əskiklik var, bunu açıq demək lazımdır. Iş görülür, amma yetərli deyil. Bununla bitmir. Orada çox böyük insanlarımız var. O insanlarla maraqlanmırlar. Bunların borcu, vəzifəsidir maraqlanmaq. Dövlət büdcəsindən bu təşkilatlara vəsait ayrılırsa, qapı-qapı gəzib bu insanları tapmaq və Azərbaycan üçün istifadə etmək onların borcudur.
Niyə belədir, buna onlar özləri cavab versinlər.

– Bizim diasporanın çevrəsindən kənarda vaxtilə şah dövründə, sonradan molla rejiminin təqibləri Irandan getmiş insanlar var. Bunlar Azərbaycanın istiqlalı üçün savaşan insanlardır. Azərbaycan hökuməti bunu nə dərəcədə araşdırır?
– Bu istiqamətdə cəhdlər var, amma yetərli deyil. Orada çox sağlam düşüncəli, Azərbaycanı həqiqətən ürəkdən sevən insanlar var. Bu insanlarla heç bir əlaqə, ünsiyyət yoxdur. Mənim bir əqidəm, bir məramım var. Bu da Azərbaycanın bütövlüyüdür. Mən heç bir fərq qoymadan bütün Azərbaycan vətəndaşlarını sevirəm. Fərqi yoxdur, kim iqtidardır, kim müxalifət – hamısını özümünkü bilirəm. Hətta öz millətimdən olan, məni sevməyən insanları belə, sevirəm. Amma tənqid etməyi də özümə borc bilirəm. Rəhmətlik Elçibəy mənim ən çox sevdiyim insanlardan biridir. O Tanrı dərgahına qovuşduqdan sonra mən bir şeir oxudum. Məndə kiməsə yaltaqlıq etmək xüsusiyyəti yorxdur. Mən qətiyyətlə buna qarşıyam. Bu millət üçün minnətsiz iş görməliyik. Mən elə insan da deyiləm ki, kiminsə qarşısında əyiləm. Sevgi olan yerdə yaltaqlıq olmaz.
Iranda olan və bizim insanlara qarşı haqsızlıqlar edən məmurlar var ki, onları da sevirəm. Onlar anlamırlar. Başa salmağa çalışıram. Bu anlamazlar Güneydə də var, Quzeydə də.
Mənə yaxın gəlmirlərsə, bu, onların problemidir. Mən əlimdən gəldiyi qədər onlara yaxın gedəcəm. Çünki mən öz sevgimə yüzdə-yüz inanıram, qətiyyən şübhəm yoxdur. Arzum odur ki, onlar da bizi bizim onları sevdiyimiz kimi sevsinlər, yaxınlaşaq. Çünki bu gün güneyli-quzeyli Azərbaycanın birləşməyə və eyni nöqtəyə birlikdə vurmağa ehtiyacı var.

– Araz bəy, sevgiylə şəri yox etmək mümkündür?
– Sevgi elə bir şeydir ki, üzr istəyirəm, onu heyvana belə, göstərsən, o gəlib səninlə dostlaşacaq. Sevgi heyvana da təsir edir. Daşa da təsir edir. Inşaallah xeyir şərin qarşısında elə güclü olar ki, onu görünməz edər.
Haqqı unutmayaq, haqq yolunda gedək, öz işimizi ürəkdən görək. Özümüzə şübhəmiz olmasın. Inanın ki, gələcək bizimdir. Biz bunun nəticəsini Güneydə görmüşük. Bəlkə on il bundan qabaq Araz Elsəs bu sözləri deməzdi. Çünki on il əvvəlki hərəkətimizlə indiki hərəkətimiz arasında yerlə-göy qədər fərq var. On il əvvəl hələ təzə-təzə özümüzü isbat etməyə başlayırdıq. Varlığımı ortaya qoymuşdum, bağırırdım ki, mən türkəm. Amma bu gün güclənmişik. Güclü adam bağırmaz, qarşısındakını bağırtdırar. Milli hərəkat güclü bir qüvvəyə çevrilib və gələcəkdə milli hakimiyyətini quracaq. Ona görə də ağıl, məntiq, təmkin, gözü toxluq olmalıdır. Çox şeyə hazır olmalıyıq. Bu, dəfələrlə olub, Güneydəki milli hərəkatda görünüb. Dünən bizə qarşı qəddarlıq edən dövlət məmuru bu gün mənə səmimiyyət göstərir. Bu hərəkatın qazancıdır. Şər dediyimiz qüvvələr, onların oyuncaqları olanlar bu gün bizə qatılırlar. Artıq onlar da xeyir vermək istəyirlər. Bu, bizim milli hərəkatın təsiri və sevgisi ilə qazanıldı. Indi də ona tam inanıram ki, bu yolda biz başarılı olacağıq.

– Araz bəy, Bakıda yaşaya bilərsiniz?
– Mən ən ağır dövrdə Bakıda yaşamışam. 92-ci ildən 97-ci ilə qədər. O zaman da çox çətin idi. Çətin idi, amma ruhən çox gözəl idi. Arıq bir gənc idim, amma bir ruh var idi ki, uçurdum. O bədən ruhumun ağırlığını daşıya bilmirdi. Fərqli gecələr, konsertlər… Hər yerdə güneyin səsini eşitdirirdik.

– Bakıda qalmağınız sonradan mümkün olmadı ki?
– O zaman Heydər Əliyev prezident idi. Bizi Irana vermədilərsə, böyük şeydir. Bir neçə dəfə istədilər, amma sağ olsunlar, vermədilər.

– Amma qorumadılar da…
– Məni qoruyan elə bu millətdir də… Insanlarda o qədər sevgi var ki… Qonaq çağırırdılar, kəndə aparırdılar, “Araz, gedək, qoyundan-quzudan kəsək” deyirdilər. Oğuzda, Ismayıllıda, Qəbələdə qalırdım. Millətin sevgisini nə pulla almaq olar, nə başqa şeylə. Bunu ifadə etmək də çətindir. Inanılmaz sevgi vardı. O sevgi olan yerdə qorxuya ehtiyac yoxdur. Səni qoruyur da… Mən buna həqiqətən inanıram. Iki dəfə ölümdən qurtulmuşam. Ölümlə burun-buruna gəlmişəm. Bir güc, bir enerji var ki, insanı qoruyur. Sağ olsunlar, o vaxt bizi vermədilər. Amma elə bir vəziyyət yaranır ki, səni nə tuta bilirlər, nə ata. Getdik Avropaya. Mən Azərbaycandan göz yaşı ilə getmişəm. Hər döndüyümdə də gözüm yaşarıb.

– Araz bəy, sazqırma əhvalatı olmuşdu, deyəsən 94-cü ildə…

Seymur Həziyev,
Gültəkin Knyazqızı

Davamı…

“Çox adam diksindi, hətta qorumalar əlini silaha atdılar”

Araz Elsəs: «Milləti cavanlı-qocalı hərəkətə gətirmək lazımdır»

«Mən bir sazla, bir sözlə bu millətin sevgisini qazanmışam, gör, dövləti idarə edənlərin nə qədər imkanları var?»

Axırıncı dəfə Azərbaycanda 2002-ci ildə konsert verib. Özünün də dediyi kimi, hər kəsin çətinlik çəkmədən etdiyi onun üçün “aşılmaz dağ” olub. Amma o, bu aşılmazlığı səsinin, barmaqlarının və içindəki vətən eşqinin qüdrəti ilə ram edə bilib. Söhbət, dünya şöhrətli, Güney Azərbaycandan olan Araz Elsəsdən gedir. Onun kövrək, kükrək səsi qulaqlardan çox, damarlara işləyir… Söhbəti isə daha maraqlıdır. Buyurun, oxuyun…

– Araz bəy, sazqırma əhvalatı olmuşdu, deyəsən 94-cü ildə…
– Sazın ürəyi partladı. Çox adam diksindi, hətta qorumalar əlini silaha atdılar. Düşündülər bəlkə sazın içində bomba var. Oyma saz idi, içini oymuşdular, bağlama deyildi. O vaxt telekanallar da göstərdi. Heydər Əliyev, Arif Məlikov və nazirlər də var idi. Rəhmətlik Əliyev orada ağlayırdı.
Konsertdən sonra uşaqlar gəlib məni təbrik etdilər. Dedim, mən işimi görürəm. Həmin hadisədən bir gün sonra Istanbuldan saz gəldi. Arif Məlikov zəng elədi ki, sazın hazırdır. Texniki problemlər çox olub. Olur da, canlı konsertdir. Əsas odur səmimiyyət olsun. Insanlarla səmimi olmalısan.

– Azərbaycanda cavanlar arasında aşıq musiqisinə elə böyük maraq yoxdur. Amma siz sazı necə dilləndirirsinizsə, cavanları da tərpədir yerindən. Bu son konsertdə də sizi buraxmaq istəmirdilər. Bu üslubu içinizdəki silkələnmə ortaya qoyur, yoxsa milli, vətənpərvərlik şərqilərinə olan aclıq da rol oynayır?
– Bəlkə mənim xoşbəxtliyim ondadır ki, saz müəllimim olmayıb. Müəllimim olsaydı, o havaları öyrədəcəkdi, mən də hamının bildiyi havaları çalacaqdım. Müəllimim olmadığı üçün istədiyim kimi çalmışam. Siz deyəni mənə çox yerdə deyiblər. Bu üslub ona görə cavanların xoşuna gəlir ki, gənclər fəal olur, hərəkət, ritm istəyirlər. Bu milləti hərəkətdən salan nə varsa, ondan ayırmaq lazımdır. Mənim muğamla o qədər aram yoxdur, amma aşıq musiqisini çox sevirəm. Bizdə ritmik muğamlar var, onları biz yaratmışıq. Farslarda, ərəblərdə belə şey yoxdur. Nə qədər gözəl ifa etsək belə, muğamlar  gəlmədir, özümüzün deyil. Muğamat bizim xalqın ruhuna uyğun deyil. Bu millətin qədim tarixi var. Bizim qopuzlarımız, qara ozanlarımız olub. Ritmli musiqi mənə daha doğma gəlir. Qarabağ şikəstəsini rokla birgə oxumaq istəyirəm. Öləcəm, amma orada “ölürəm” kəlməsini işlətməyəcəm. “Öldürəcəm” olacaq. Cavanlı-qocalı bu milləti hərəkətə gətirmək lazımdır. Hərəkətsizlik Azərbaycanın bugününə yaraşmır. Niyə bizim cavanların çoxu Avropa musiqisinin vurğunudur? Çünki öz musiqimizdə çox şeyi təkmilləşdirməliyik.

– Sizin konsertinizdəki təbəqə bəllidir. Muğama meyli olmayan, rok meylli. Amma eyni zamanda milli düşüncəyə sahib gənclər. Siz bunları bir araya gətirə bilirsiniz. Çıxıb gedirsiniz, amma Azərbaycanda sizə çox böyük ehtiyac var…
– Mənim də bu insanlara ehtiyacım var. Mənim üçün millətimlə bir araya gəlməkdən gözəl an yoxdur. O cavanları, o həyəcanı görürsən… Yaşlı-cavan gözyaşları içində səni izləyir. Bu hissləri sözlə ifadə etmək olmur. Mən də istəyirəm tez-tez gəlim. Tanrıdan diləyim millətimlə görüşlərimin tez-tez olmasıdır.

– Araz bəy, bəstələr özünüzündür?
– Çoxu özümündür. Xalq mahnıları, Anadolu xalq türküləri, Orta Asiya mahnıları da var. Qalanları mənə məxsusdur.

– Hər bir mübarizənin bir ədəbiyyatı, musiqisi var. Siz də bunu yaradanlardansınız. Güneydə mühacirət ədəbiyyatı var, quzeydə bu barədə dərgilər çap olunur. Azərbaycan insanından və Azərbaycan dövlətindən nə gözləyirsiniz? Eləmədiklərimiz, eləyə biləcəklərimiz nələrdir? Xahiş edirik aydın mesajlarla deyəsiniz. Biz bu sualı siyasətçiyə vermirik, elə bir adama veririk ki, onun heç nəyə iddiası yoxdur.
– Mən sazımla, sözümlə mahnılar yazmışam. Mən bir sazla, bir sözlə bu sevgini qazanmışam. Gör, dövləti idarə edənlərin, bu hakimiyyətin nə qədər imkanları var? Və bu imkanla nələri qazana bilərlər. Sevgini qazanmağa fürsət var. Insanların sevgisindən böyük şey yoxdur. Insanların sevgisini qazandınsa, demək, Tarının sevgisini qazandın.
Güneydə də belədir. Insanları boş verirlər, başqa şeyləri qazanırlar. Axı onların sevgisini də qazanmaq lazımdır. O sevgiyə də layiq olmaq lazımdır. Inşaallah belə olar, insanlara dəyər verərlər. Demokratik bir ölkədə iqtidar kimi, müxalifətin də olması normaldır. Amma ikisi də bu ölkənin olmalıdır. Müxalifətə sən özün dəstək verməlisən. Büdcə ayırmalısan. Təbii ki, sağlam müxalifət ölsə də, özünü qoruyacaq. Amma içində sağlam olmayanlar da var axı. Biri gedib Irana bağlanacaq, o biri rusa, sənin öz müxalifətin olmayacaq. Sabah da gəlib qışqıracaqlar ki, biz ölərik, hicabı tərk etmərik. Bu boşluğu sən yaratmısan. Sən boşluq yaradacaqsan, başqaları da onu dolduracaq. Sevgili dostlarım, qandaşlarım, sevgili iqtidarım, sevgili müxalifətim gəlin, o boşluğu özümüz dolduraq.

Sən etməsən, Iran və ya başqaları edəcək

– Dolmusunuz, amma yağmaq istəmirsiniz. Bu, bütün müsahibə boyunca hiss olundu. Sanki hər şeyin üstündən keçirsiniz. Səbəbi nədir?
– Biz normal cəmiyyət yoluna çıxmışıq. Bu yolda çabalamalıyıq, tər tökməliyik. Mücadilədə hər şey olur. Aydın gələcəyə çatacağıq. Amma indi o yoldayıq…

– Sizə bir dəfə torpaq bağışlamışdılar…
– Gördünüz mən orada nə hisslər keçirdim. Sözlə çatdıra bilmərəm. Bilmirəm o torpağa torpaq olmadan dönə biləcəyəmmi? Amma necə olur-olsun dönəcəm. Kimsə qarşımı ala bilməz. Ya uçub gedəcəm, ya nə cürsə gedəcəm… Arzum budur ora bu ayaqlarla gedim. Gedim diz çöküm. Inanıram ki, gedəcəm. Təbrizin küçələrində gəzəndə qulaqlarına o dövrün səsləri gəlir – top səsləri, gurultu… Təbrizdə bir qabalıq var, danışığında, xasiyyətində bir hakimlik var. Təbrizdə başqa millətlər azdır, gəlib yaşaya bilməzlər. Urmu da gözəldir, amma çox yumşaqdır. Amma Təbriz özünü qoruyan, hakim bir şəhərdir. Bakı ilə onun arasında yerlə-göy qədər fərq var. Insan istər-istəməz özünü böyük hiss edir. Bəlkə də orada belə böyük binalar yoxdur. Amma Təbrizdə o ruhun içinə düşürsən və o, səni bürüyür.

– “Təbriz yatmaz oyaqdır, Sulduz ona dayaqdır”…
– Sulduz sanki bir ocaq olub, Azərbaycanın hər yerindən yığışıb ora gedirdilər. Sanki balaca Təbrizdir. Yolunuz düşsə, mütləq gedin. Gün o gün olsun Azərbaycanın ağrıları bitsin. Bu ağrıları çəkmək özü də bir xoşbəxtlikdir. Amma Inşaallah bunun bir sonucu olacaq.

Seymur Həziyev,
Gültəkin Knyazqızı