“Dövlət zor işlədər, yalan danışmaz!”

Bu aforizm şərqdə yaranıb.

Fəqət Qərb daha çox dəyər verir bu misaldan doğan hikmətə.
ABŞ daxil, sivil Qərb ölkələrində də dövlət güc strukturları vasitəsi ilə etiraz edən vətəndaşlara qarşı zor işlədir.Yəni, Qərbdə də dubinka var, gözyaşardıcı qaz var, təzyiqlə vurulan soyuq su var, it var.Zərurət yarananda bu vasitələrin hamısından istifadə edir dövlət.Ancaq Qərb dövlətlərində yalan yoxdur.Zor işlətsələr də, yalan danışmırlar.Azərbaycanda zor da var, yalan da.Sübut?

Buyurun.

15 il əvvəl Milli Məclis Azərbaycan vətəndaşlarının sığortalanması barədə qanun hazırladı və prezident də bu qanunu imzaladı.Qanunda işləyən vətəndaşların işverənlər (müəssisələr) tərəfindən, uşaqların, əlillərin, təqaüdçülərin və digər sosial müdafiəyə ehtiyacı olanların dövlət tərəfindən sığortalanması nəzərdə tutulurdu.
Konkret tarix də qoyulmuşdu.

Ki, 1998-ci ildən cümlə Azərbaycan vətəndaşları tibbi sığorta ilə təmin olunacaq.Nə oldu?Nədən dövlət sözünün üstündə dayanmadı?
Bu gün bəzi başıboşlar səhiyyənin vətəndaşların tibbi problemlərini həll etmək iqtidarında olduğunu deyirlər.Bu, absurddur.
Nə qədər ki, hər bir Azərbaycan vətəndaşının cibində tibbi sığorta haqqında sənəd yoxdur, nə şəfa ocaqlarında rüşvətin və dilənçiliyin kökü kəsiləcək, nə də həkimlər xəstələrə keyfiyyətli tibbi xidmət göstərəcək.

Dövlətin növbəti yalanına keçməzdən əvvəl qardaş Türkiyənin tarixinə nəzər yetirək. Təxminən 800 il əvvəl Şeyx Ədabəlinin kürəkəninə – Osmanlı dövlətinin qurucusu Osman Qaziyə yazdığı nəsihətdə belə bir cümlə yer alır: “Insanı yaşat ki, dövlət yaşasın”.Müdrik şeyxin bu cümləsinin şərhə ehtiyacı yoxdur, keçək yalana.20 il əvvəl

Sovetlər Ittifaqı dağıldı.

Və əhalinin qəpik-qəpik qara gün üçün yığdığı pul əmanət banklarında qaldı.Yaranmış müstəqil dövlətlər vətəndaşlarının borcunu ödəməyə boyun oldular.Azərbaycan dövləti də bu borcu qaytaracağına söz verdi.Dəfələrlə söz verdi.

Lakin bu günədək sözünü tutmur.

Neftin xəzinəyə milyardlar gətirdiyi bir dövlətin vətəndaşlarının əmanətinə xəyanət etməsinin adı nədir?Nədən ehtiyac içində yaşayanların, pulsuzluq ucbatından həkimə müraciət edə bilməyən qocaların əmanətləri qaytarılmır?Son 20 ildə nə qədər borclu qaldığınız vətəndaş ehtiyac içində dünyasını dəyişdi, bu barədə bir dəfə də olsun düşündünüzmü?Indi Allahı başınız üstündən əskik bilmədən deyin görək, dövlətdən borcunu ala bilməyən vətəndaşının bu dövlətə olan inamı azalmasın, neyləsin?Və

Qarabağ yalanı.

Neçə ildir qulaqlar “torpaqları geri alacağıq” eşitməkdən döyənək olub. 

“Iqtisadi qalxınma”, “bölgədə liderlik” nağılları “torpaqlar işğaldan azad ediləcək” yalanının yanında beş qara qəpik dəyərində deyil.Inanmırsınızsa, işğal etdiyiniz telekanalların birində çox yox, yarım saat xalqa efir vaxtı verin.Ki, astarınız üzə çıxarılsın.
O yarımca saat 10 ballıq zəlzələyə bərabər olar…Dövlət zor işlədər, ancaq yalan danışmaz.Yalan dövlətə yönəlik inamı puç edir, bu barədə fikirləşin.Özü də diqqətlə və hərtərəfli fikirləşin.