Məmmədxanovun ölüm səbəbi açıqlandı

Prokurorluq sabiq millət vəkilinin ölümü ilə bağlı cinayət işinə başlamağa ehtiyac görmədi

Sabiq millət vəkili Anar Məmmədxanovun ölümü ilə bağlı Nəsimi Rayon Prokurorluğu tərəfindən aparılan araşdırmalar yekunlaşıb. Bu barədə APA-ya Nəsimi rayon prokurorunun köməkçisi Günay Səlimzadə məlumat verib. O, qeyd edib ki, A.Məmmədxanovun ölümü ilə bağlı Məhkəmə Tibbi Ekspertizasının yekun rəyi artıq prokurorluğa daxil olub. Həmin rəyə görə, mərhumun ölümünə ürəyin işemik xəstəliyi nəticəsində inkişaf edən kəskin ürək çatışmazlığı səbəb olub. Faktla bağlı aparılan araşdırmalar tamamlanaraq, onun ölümü ilə bağlı cinayət işinin başlanması rədd edilib.
Qeyd edək ki, O, 1991-ci ildə Bakı Şən və Hazırcavablar Klubunun prezidenti, “Bakılı oğlanlar” komandasının kapitanı seçilib. Birinci və ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.
Onu da qeyd edək ki, A.Məmmədxanov dünyasını dəyişən ərəfədə belə bir xəbər yayılmışdı ki, onun ailə üzvlərinin sabiq deputatın ölümüylə bağlı müəyyən şübhələri var. Bu səbəbdən onlar A.Məmmədxanovun ölümünün səbəbini araşdırmağı tələb edirlər. Həmin vaxt mətbuat etika xatirinə bu xəbəri yaymadı.
Bundan başqa, yayılan digər xəbərdə deyilirdi ki, sabiq deputatın ölümündən əvvəl özünün şəxsi biznesilə əlaqədar yaradılan problemlə bağlı iri ranqlı məmurlardan birilə əsəbi tonda telefon danışığı olub. Məhz bu danışıqdan sonra o, ürək tutmasından dünyasını dəyişib. Son olaraq bildirək ki, Azərbaycanda adətən intihar hallarıyla bağlı cinayət işi açılır. Öz əcəli ilə dünyasını dəyişənlərlə bağlı isə belə hala rast gəlinməyib. Ancaq prokurorluğun belə bir açıqlamasından görünür ki, yayılan xəbərlər əsassız deyilmiş. Sabiq deputatın qəfil ölümüylə bağlı müəyyən şübhələr və buna uyğun olaraq prokurorluğa müraciətlər olub.

İnformasiya şöbəsi