Bakının hər rayonunda aksiya meydanları olmalıdır

Tanınmışlar meriyanı müxalifətə aksiya üçün yer ayırmağa çağırdı

Ictimai Palata növbəti aksiyasını iyunun 19-da keçirməyi planlaşdırır. Artıq IP meriya ilə aksiyanın yeri ilə bağlı razılığa gəlinməsi üçün xüsusi nümayəndə heyəti ayırsa da, Bakı Şəhər Icra Hakimiyyətinin “ənənəvi” prinsiplər üzrə hərəkət etdiyi sezilməkdədir. Halbuki IP-nin mövqeyi tam qanunauyğun formadadır.
Müxalifət şəhərin münasib yerində aksiya keçirilməsi üçün imkanın yaradılmasını tələb edir. O da nəzərə alınmalıdır ki, ötən müddət ərzində nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanda sərbəst toplaşmaq azadlığının təmini ilə bağlı müxtəlif tövsiyələrlə çıxış ediblər. Onların mövqeyinə görə, Bibiheybətdə aksiyanın keçirilməsi üçün ayrılan yer sərbəst toplaşmaq azadlığının təmini kimi dəyərləndirilə bilməz.
Mövzu ilə bağlı millət vəkilləri VHP sədri Sabir Rüstəmxanlı, Ədalət Partiyasının sədri Ilyas Ismayılov və tanınmış şair Musa Yaqubun mövqeyini öyrəndik.

Sabir Rüstəmxanlı bildirdi ki, qanunda əks olunan sərbəst toplaşmaq azadlığı heç şübhəsiz, təmin olunmalı və vətəndaşlar bu hüququndan istifadə imkanı əldə etməlidir. Amma bununla belə, qanunda bir neçə məqama aydınlıq gətirilməsinin tərəfdarı olan S.Rüstəmxanlı vurğuladı ki, şəhərdə hansı məkanlarda aksiya keçirməyin mümkün olduğu açıqlanmalıdır: “Müxalifət şəhərin mərkəzində aksiya keçirməklə bağlı müraciət edir, amma bu müraciətdə şəhərin mərkəzi ifadəsinə daha çox Səbail rayonu aid edilir. Halbuki Yeni Günəşlidən tutmuş Yasamala qədər ərazi şəhərdir. Şəhərdən kənar dedikdə yalnız kəndlər nəzərdə tutulmalıdır. Bundan başqa, Bakı şəhərinin hər rayonunda vətəndaşların sərbəst toplaşması üçün şərait yaradılmalıdır. Eyni zamanda şəhərin mərkəzində kütləvi aksiyaların keçirilməsi üçün yerlər müəyyənləşməlidir. Bu, problemə çevrilməməlidir. Müvafiq yerlər ayrılmalıdır ki, orada aksiyaları keçirmək mümkün olsun”.

Ilyas Ismayılov isə bildirdi ki, bir hüquqşünas kimi o, qanunun pozulmasının əleyhinədir və düşünür ki, keçirilən aksiyalar razılaşdırılmış olmalıdır: “Mən qanunun əleyhinə ola bilmərəm. Sərbəst toplaşmaq hüququ təmin edilməlidir. Amma düşünürəm ki, reallaşan aksiyalar da razılaşdırılmış formada olmalıdır. Insanlara qarşı zorun tətbiqinin, onların döyülməsinin tərəfdarı deyiləm”.

Şair Mussa Yaqub isə hesab edir ki, vətəndaşların hüquqları qanunda nəzərdə tutulduğu formada təmin edilməlidir: “Azərbaycanda ”Sərbəst toplaşmaq haqqında” qanun var və həmin qanun vətəndaşlara müəyyən hüquqlar verir. Düşünürəm ki, bu hüquqların təmininə çalışılmalıdır və bunun üçün ayrılan ərazi də müvafiq olmalıdır. Yəni, vətəndaşların bu hüquqları elə təmin olunmalıdır ki, orada səslənən tələblər, arzular eşidilsin. Bunun üçünsə şəhərin mərkəzindəki münasib ərazilərdən biri seçilməlidir”.

Xəyal