Xalqı əzməyin qazlı yolu

Bir il əvvəl «Nabucco»nun Azərbaycana faydasından danışan iqtidar fikrindən niyə döndü?

Avropa Birliyinin tələblərinə cavab olaraq, hakimiyyət qaz şantajına əl atır

 

Bir neçə gün əvvəl Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız iyunun 6-da “Nabucco” qaz kəməri layihəsinə dair saziş imzalanacağını bildirib. O, eyni zamanda Azərbaycanın layihədə iştiraka dair konkret cavabını almağa çalışacaqlarını da deyib. Azərbaycanın cavabı özünü çox gözlətməyib və ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib ki, Azərbaycan “Nabucco”nu seçməyə də bilər. Belə ki, Azərbaycan öz qazını Avropaya “Nabucco” layihəsi ilə yox, daha yaxşı şərtlər təklif edən digər marşrutlar vasitəsilə də çıxara bilər. Xatırladaq ki, “Nabucco” kəməri Xəzər regionundan təbii qazın Rusiyadan yan keçməklə Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Macarıstan, Rumıniya və Avstriya vasitəsilə Mərkəzi Avropaya ixracı üçün nəzərdə tutulub.
Maraqlıdır ki, bu vaxta qədər Azərbaycan tərəfi kəmərlə bağlı başqa fikirdə olub. Dəfələrlə ölkə başçısı, sənaye və energetika naziri Natiq Əliyev, elə ARDNŞ prezidenti Rövnəq Abdullayevin özü də Azərbaycanın “Nabucco” layihəsində iştiraka hazır olduqlarını deyib. Bəzi xatırlatmalar etmək də yerinə düşər.
Məsələn, ölkə başçısı Ilham Əliyev 2009-cu il yanvarın 26-da Macarıstanda keçirilən “Nabucco” sammitindəki çıxışında Azərbaycanın bu layihənin tərəfdarı olduğunu deyib. I.Əliyev Azərbaycanın bu layihəni hər zaman dəstəklədiyini və gələcəkdə də bunu etmək niyyətində olduqlarını bildirib.
2009-cu il iyulun 14-də isə Ilham Əliyev Böyük Britaniyaya səfəri zamanı “Nabucco” layihəsinin imzalanmasından çox məmnun olduğunu, eyni zamanda Azərbaycanın “Nabucco”ya qaz verə biləcəyini də deyib.
Sənaye və energetika naziri Natiq Əliyev isə 2008-ci il sentyabrın 9-da “Nabucco”nu çox real və gələcəyi olan layihə adlandırıb. Nazir Azərbaycanın bu layihədən imtina etməyəcəyini də deyib.
2008-ci il noyabrın 14-də isə N.Əliyev “Nabucco” reallaşacağı təqdirdə Azərbaycan qazının Almaniyayadək nəqlinin mümkün olacağını bildirib.
2009-cu il iyulun 13-də isə N.Əliyev Ankarada Azərbaycanın “Nabucco” layihəsinin icrasında maraqlı olduğunu açıqlayıb.
ARDNŞ prezidenti Rövnəq Abdullayev isə 2010-cu il aprelin 9-da “Nabucco” layihəsinin reallaşmasının Azərbaycanın maraqlarına uyğun olduğunu bildirib.
Cəmi bir il sonra isə R.Abdullayev fikirlərini dəyişir və Azərbaycanın bu layihədən kənar qala biləcəyini deyir. Təbii ki, bu fikirlər Azərbaycan hökumətinin, o cümlədən Ilham Əliyevin mövqeyi kimi qəbul edilir.
Əgər bu müddətdə layihənin şərtləri dəyişməyibsə, Azərbaycanın öz mövqeyini dəyişməsinə səbəb nə oldu?
Imtinanın Avropa Birliyinin Azərbaycanda demokratiya, söz və sərbəst toplaşmaq azadlığının bərqərar olunması istiqamətində islahatların keçirilməsini tələb etməsi ilə eyni vaxta düşməsi isə heç də təsadüfi görsənmir. Görünür, iqtidar hər zaman olduğu kimi, bu dəfə də təbii sərvətlərdən xalqı əzmək üçün istifadə etmək niyyətindədir.
Bu günlərdə parlamentin iclasında vitse-spiker Ziyafət Əsgərovun Avropanın ünvanına dedikləri də bunu bir daha sübut edir. Z.Əsgərov “qaz lazım olanda, neft lazım olanda qaçırlar Azərbaycan prezidentinin üstünə…” deməsi onu göstərir ki, hakimiyyət bu dəfə də enerji məsələsi ilə Avropanı şantaj etmək qərarını verib.
Demokratikləşməyə doğru addım atmaq əvəzinə hakimiyyət xarakterinə uyğun olaraq, öz qazını Avropanın maraqlarına cavab verən marşrutla satmaqdan imtina edir.

Fizzə