Qəzzafi istefa verməyə razılaşdı

Liviya diktatorunun 4 generalı ölkədən qaçdı

NATO-nun baş katibi: «Qəzzafi səltənətinin sonuna az qaldı»

 

Liviyada Müəmmər Qəzzafi rejiminə qarşı üsyanın başlanmasının 100 günü tamam oldu. Üsyançıların Benqazidə qurduğu Milli Keçid Şurasının başçısı Mustafa Əbdülcəlil xalq etirazlarının daxili və beynəlxalq zəfər qazandığını söyləyib.
Qəzzafinin hakimiyyətdən getməsinin ölkədəki böhrandan çıxması üçün əsas olduğunu bildirən Əbdülcəlil Böyük Səkkizlik liderlərinin diktatorun istefa verməzdən öncə onunla bütün müzakirələrin rədd ediləcəyinə dair bəyanatını alqışlayıb.
NATO-nun baş katibi Anders Foq Rasmussen koalisiya qüvvələrinin Qəzzafi rejiminə qarşı əməliyyatlarının hədəfə çatmaqda olduğunu və diktatorun sonunun yaxınlaşdığını deyib. Rasmussen Liviya diktatorunun ölkə daxilində və xaricində təcrid olunduğunu, ən yaxınlarının belə, onu tərk etdiyini söyləyib: “Liviyadakı əməliyyatımız hədəflərinə çatır. Qəzzafinin öz xalqını öldürmək gücünü azaltdıq. Qəzzafinin terror səltənətinin sonu yaxınlaşıb”.
Milli Keçid Şurasının təmsilçisi Mahmud Səmma, Qəzzafi ordusunun 4 general-mayor olmaqla, ümumilikdə 8 yüksək rütbəli zabitinin üsyançıların tərəfinə keçdiyini bildirib. Zabitlərin hazırda Italiya paytaxtı Romada olduqlarını və mətbuata açıqlama verəcəklərini söyləyib.
Bu arada, Ingiltərənin müdafiə naziri Liam Foks NATO-nun Qəzzafi hökumətinə qarşı əməliyyatlarında iştirak edən hərbi təyyarələrin arsenalına ağır bunker bombaları əlavə olunduğunu söyləyib. Nazirin sözlərinə görə, 1 ton ağırlığı olan bombalar Ingiltərənin Tayfun və Tornado hərbi təyyarələrinin Liviya üzərindən uçuşları icra etmək üçün havaya qalxdığı Italiya hərbi hava qüvvələrinin bazasına gətirilib.
Foks bildirib ki, bombalar Qəzzafi hökumətinin əsas etibarilə hərbi komanda postu kimi istifadə etdiyi bunkerlərə atılacaq. Nazir onu da bildirib ki, NATO təyyarələri Qəzzafi, ya da onun köməkçilərini birbaşa vurmayacaq.
Dünən Cənubi Afrika Respublikasının prezidenti Çeykob Zuma Qəzzafiyə sadiq qüvvələrlə üsyançılar arasında atəşkəs əldə edilməsi səyləri çərçivəsində Liviyaya gedib. Zuma Tripoliyə Afrika Birliyi təşkilatı adından səfər edib.
Səudiyyə Ərəbistanında nəşr olunan “Asharq Alawsat” qəzetinin yazdığına görə, Müəmmər Qəzzafi hakimiyyətdən getməyə razılıq verib. Qəzet Liviya diktatoruna yaxın şəxslərə istinad edərək yazıb ki, Qəzzafi özünün və ailə üzvlərinin təhlükəsizliyinə təminat veriləcəyi təqdirdə istefaya getməyə hazırdır.