Son illər YAP yetkililəri dövriyyəyə iki söz birləşməsi buraxıb:
1.”Analoqsuz inkişaf”.2.”Bolgədə liderik”.Ikincidən başlayaq.
“Bölgədə liderik” deyəndə, güman ki, YAP Azərbaycanın iqtisadi göstəricilərə rəğmən ən azı Ermənistandan və Gürcüstandan üstün durumda olduğunu gözə soxur. Əvvəla, burada qeyri-adi və təəccüblü bir şey yoxdur. Nədən ki, Azərbaycanın nefti var.Və “liderlik” məfhumunu təkcə iqtisadi parametrlərlə ölçmək ciddi təsir bağışlamır.LIDER söz azadlığına, insan haqlarına, kəsəsi, demokratiyaya olan münasibətdə də LIDER olmalıdır.
Bu məsələdə Azərbaycanı Ermənistanın üstünə qoymaq belə mübahisəlidir, Gürcüstanla müqayisədə irəlidə getdiyimizi iddia edənlər isə sadəcə, ya ağlında problem yaşayanlar, ya da pulunun çoxluğundan başı gicəllənənlər ola bilər.
“Bölgədə liderik” deyənin 20 faiz ərazisinin bölgənin autsayderinin – Ermənistanın işğalında qalmasının adının nə olduğunu YAP başbilənlərinin vicdanına buraxıb keçək, “analoqsuz inkişafa”.
Bir diktatorun hakimiyyət hərisliyinin ucbatından indi viran qalmış Iraqın Səddam Hüseyn dönəmində təhlükəsizlik xidmətində çalışmış bir generalı Böyük Britaniyanın “Tayms” qəzetinə verdiyi müsahibədə maraqlı nüanslara toxunur.
General deyir ki, Səddam Hüseynin düzənlədiyi qapalı müşavirələrin birində vəzifəlilər üç saat Iraqda inkişafın tempindən danışdılar.
O qədər yalan söylədilər ki, diktator hirsləndi və əlaltılarına sual etdi ki, kimi aldadırsınız, məni, yoxsa özünüzü?
General əlavə edir ki, Səddamın məmurlara hirslənməsinin bir səbəbi var idi və bu da ondan ibarət idi ki, diktator məxfi xidmətin Iraq vətəndaşlarının gerçək sosial durumu ilə bağlı çəkdiyi sənədli filmi müşavirədən əvvəl izləmişdi…
Azərbaycanda neft gəlirləri hesabına inkişaf gedir, bunu etiraf etmək gərəkdir.Bəziləri “Azərbaycan inkişaf edir” deyəndə yollar, körpülər, parklar, göydələnlər, restoranlar barədə düşünür.
Bunlar var, ancaq bu işlərə “analoqsuz inkişaf” adı qoymaq gülüncdür.Gerçək “analoqsuz inkişaf” Avropanın vətəndaşlarına cənnət bəxş etmiş dövlətləri bir yana, XX əsrdə Asiya qitəsinin Malayziya ölkəsində təzahür etdi və iki ilin içində malayziyalıların maddi durumu nəzərəçarpacaq səviyyədə yüksəldi.Inkişafın içində insan faktoru yoxdursa, başqa sözlə, inkişaf deyilən nəsnəni hər bir vətəndaş özündə hiss etmirsə, bunun adı inkişaf deyil, inkişaf haqqında nağıldır.Və o inkişafda xüsusi bir zümrənin inkişafının xüsusi çəkisi böyükdürsə, bu, artıq cinayətdən xəbər verir.
Analoqsuz inkişafı gedən o zümrəni bir kənara qoyaq, çünki onlarla, deyilənə görə, əlahəzrətin göstərişi ilə Korrupsiya ilə mübarizə aparanlar guya məşğul olur.“Analoqsuz inkişafın” Azərbaycan vətəndaşlarına “verdiyinə” nəzər yetirək. Analoqsuz inkişaf varsa:
– Uşaqlara verilən birdəfəlik müavinat nədən analoqsuz inkişafı olmayan dövlətlərdən dəfələrlə aşağıdır?- Nədən minimal pensiya aylıq istehlak zənbilinin 50 faizini təşkil edir?- Nəyə görə müəllimlərə, həkimlərə, elmi işçilərə rəva bilinən maaş ayın üçdə birinin tələbatını ödəmir?
– Nə üçün əhalinin sovetlər dönəmindən qalma əmanətləri qaytarılmır?- Işsizlik nə səbəbdən tüğyan edir?Yormayaq oxucuları. Bu suallara cavab vermək iqtidarında olan bir cəsarətli YAP yetkilisi varsa, buyursun, eşidək o zatı.
Yoxdursa, qanacağınız olsun, az iyrəndirin bu xalqı.