Əliyev TRT-yə niyə müsahibə verməyib?

TRT-nin Bakı bürosunun fəaliyyətə başlamasından 10 il keçir. Yaxşı yadımdadır, 2001-ci ilin iyun ayında “Natəvan” iş mərkəzinin geniş zalında türkiyəli nazirlər, TRT başqanı, Azərbaycanın xarici işlər naziri, müxalifət və vətəndaş cəmiyyətinin təmsilçiləri təşrif buyurmuşdular. Tədbirə qatılarkən TRT bürosunda işə götürülən ilk yerli işçilərdən biri olacağım ağlıma da gəlmirdi. Beləcə, 6 il əmək verdiyim “Azadlıq” qəzetindən ayrılaraq 2003-cu illərin ortalarınadək TRT-də çalışdım. Çox hadisələrin şahidi oldum, Azərbaycan-Türkiyə münasibətlərini içəridən, daha yaxından müşahidə edə bildim, müxtəlif qalmaqalların şahidi də oldum. Bu hadisələrin ən maraqlılarından bir neçəsini “Azadlıq”ın oxucuları ilə bölüşmək istərdim.

Ərdoğan Abid Şərifova: “Yaman kökəlmisən ha…”

… Türkiyədə yeni yaradılan Ədalət və Inkişaf Partiyası 2002-ci ildə parlament seçkilərində qələbə çalsa da, partiyanın lideri Rəcəb Tayyib Ərdoğan hüquqi maneə ilə üzləşdiyindən baş nazir vəzifəsinə yiyələnə bilməmişdi. Bu ərəfədə Ərdoğan Bakıya gəlir. “Hyatt Recensy” otelində toplantıya qatılan Ərdoğanı yaxınlıqda – “Natəvan” iş mərkəzində yerləşən TRT bürosuna gətirmək nəsib olur. Ərdoğan büroya gələrək, oradan bütün dünyaya bəyan edir ki, qarşısındaki süni hüquqi maneəni aşaraq baş nazirlik yolunu acaçaq. Dediyi kimi də olur.
Ərdoğanın TRT bürosuna gələcəyi çox gec bəlli olduğundan, iş yerim bir neçə dəqiqədə əsl istehkama çevrildi, mühafizəçilər hər yeri ələk-vələk etdilər. Ərdoğan müsahibəyə başlamadan öncə zarafatından da qalmırdı. Büroya gəlişində onu müşayiət edən baş nazirin müavini Abid Şərifovun ünvanına dediyi “Yaman kökəlmisən ha…” sözləri hamını xeyli güldürmüşdü.

Azərbaycan televiziyasının TRT-dən yayım oğurluğu

… 2002-ci il fütbol üzrə dünya çempionatının başlamasına bir neçə gün qalıb. TRT rəhbərliyi Azərbaycanın müvafiq orqanlarını xəbərdar edib ki, çempionat başlayan kimi TRT Azərbaycan ərazisindəki yayımı dayandırmaq məcburiyyətində qalacaq. Bunu TRT-dən beynəlxalq yayım şirkəti tələb edib. Ancaq TRT-nin xəbərdarlığı və yayımın davamı üçün irəli sürdüyü təklif qulaqardına vurulur. Çempionat başlayan kimi TRT yayımı dayandırır, rus televiziyaları da eyni addımı atırlar. Həmin gün TRT ofisi bolşeviklər dönəmindəki Smolnı sarayını xatırladırdı. Hər saniyə telefon zəngi, qəzəbli futbol azarkeşləri yayımı bərpa etməyi tələb edirdilər. Azarkeşlərə TRT-nin beynəlxalq anlaşmaya riayət etməsi gərəkliyini bildirsəm də, xeyri olmurdu. Həmin gün telefonun dəstəyində eşitdiyim qədər qəzəb, tənqid və təhqirlə bir daha rastlaşmadım. Şəxsən mənim problemim yox idi, oyunları bürodan izləyirdim, ancaq özümü yayımdan məhrum azarkeşlərin yerinə qoyaraq TRT təmsilçisi Müstafa Görüryılmaza (Ankaraya geri döndükdən sonra Azərbaycanda apardığı araşdırmalar nəticəsində “Türk Qafqaz Islam Ordusu” adında kitab yazdı – E.Ş.) təklif verdim: “Çempionat müddətində ”Natəvan” iş mərkəzindəki geniş zalı icarəyə götürərək, futbol oyunlarını azarkeşlərin seyrinə açaq”.
Mustafa bəy təklifi bəyəndi. Elə bu planımızı həyata keçirmək istəyirdik ki, yerli kanallardan biri pirat yolu ilə TRT-də yayımlanan oyunları efirə çıxartdı. TRT aparıcılarının səsləri azaldılaraq yerli aparıcılar futbol oyunlarını şərh edirdilər, sanki həmin kanal yayım hüququ olan şirkətlə anlaşma imzalamışdı. Doğrusu, özümə sual verirdim ki, nədən yayım şirkəti ilə bir neçə yüz minlik müqavilə imzalanmayıb ki, hamının gözü qarşısında başqasının malını oğurlamaq ağıllarına gəlməsin. TRT-dən yayımı oğurlayan yerli kanalı xəbərdar etmək məcburiyyətində qaldıq. Az sonra məsələyə yüksək səviyyədə müdaxilə edildi və daha öncə beynəlxalq yayım şirkətinin istədiyi məbləğ çempionatın ortasında ödəndi. Halbuki, anlaşmanı çempionatdan öncə də imzalamaq olardı.

2003-cü ildə Bakıya gələn türkiyəli jurnalistlərin missiyası nə idi?

… 2003-cü ilin prezident seçkisi. TRT-də keçirdiyim son il. Müxalifətin “Azadlıq” meydanında mitinq keçirdiyi xəbərini alan kimi operator Cəlal Cevirgenlə dərhal hadisə yerinə yollandıq. Elə meydana yenicə çatmışdıq ki, polis hər tərəfi mühasirəyə aldı, dava başladı, nə başladı. Buna qədər tribunanın sağ pilləkənlərində yer alan jurnalistlərin təhlükəsiz yerdə qərar tutduqları proqnozları boşa çıxdı. Polis mitinq iştirakçıları ilə jurnalistlər arasında fərq qoymadan hər kəsi döyəcləməyə başladı. Yerdəki daşlar göydə uçuşurdu, Cəlal əlindəki kameranı başımızın üstünə qaldırmasaydı, kim bilir, nə günə düşərdik. Belədə isə yekə qəmbər daş ayağıma dəydi və təxminən iki həftə yeriyə bilmədim. Ancaq fiziki ağrıdan daha çox mənə nəql edəcəyim digər iki hadisə mənfi təsir etdi. Birinci hadisə, türkiyəli analitiklərdən birinin Bakıya gətizdirilərək seçkilər haqqında hər yarım saatdan bir verdiyi şərhlər idi. Dözməyib həmin analitikin şəhərin mərkəzində qərar tutduğu restorana yollandım. “Əfəndim, şəhərdə aləm bir-birinə dəyib, Siz isə birtərəfli şərhlər söyləməkdə davam edirsiz” dedim. Analitik arqumentlərimi qəbul etsə də, mənə bölgədəki mövcud gerçəkləri anlatmağa çalışdı. Gerçəkləri həmin analitikdən pis bilmirdim, ancaq mübahisə etməyi də məqbul saymadım. Çünki həmin şəxs konkret tapşırıqla gəlmişdi və cızılan analizdən kənara çıxa bilməzdi. Ikinci olay Türkiyənin məşhur köşə yazarlarından biri ilə bağlı idi. Deməli, həmin kosmopolit yazarı kimsə pulla Bakıya gətizdirib sifarişli köşələr yazdırmalıydı. Həmin yazarı nə bir mətbuat konfransında, nə meydanda, nə də bir başqa yerdə görən oldu. Bahalı otel odasında kefindən qalmayan həmin yazarın “Milliyet”dəki köşəsini oxuduqda isə gözüm kəlləmə çıxdı. “Irandan gələn radikallar meydanı doldurublar” ifadələrini qələmə alan yazar aldığı sifarişi “başdansovdu” yerinə yetirməyi lazım bilmişdi.
Bu gün həmin yazarın nə köşələrini oxuyuram, nə də “Kanal D”dəki proqramını izləyə bilirəm. Qəzetdə və ekranda onu görən kimi “meydanı dolduran barbarlar” ifadəsi yadıma düşür.

Türkiyə ilə Azərbaycanı idarə edənlərin fərqi

… TRT Bakı bürosu fəaliyyət göstərdiyi 10 il ərzində Azərbaycanın daxili məsələlərinə qarışmadı. Bəlkə də buna görə TRT-ni tənqid edənlər az deyil, ancaq bu televiziyanın özəl kanalın hədəflərindən fərqləndiyini, Türkiyənin dövlət siyasətinə bağlı olduğunu nəzərə almaq lazımdır. Necə ki, Türkiyə dövləti və hakimiyyəti Azərbaycanla ortaq bağları gücləndirən tellərə önəm verir, ağrılı məsələləri qapalı şəraitdə müzakirə etməyə çalışır, eləcə də TRT münasibətlərə xələl gətirməyəcək yayım siyasətinə üstünlük verir. Ancaq bu, TRT-nin problemli mövzulardan qaçması anlamına da gəlmir. TRT-nin hazırki təmsilçisi Yüksəl Dəyərcan büroda çalışdığı ilk ildə çətin sınaqla üz-üzə qaldı. Şəhidlər Xiyabanında Türkiyənin bayraqları endirildi, Türk camisi qapadıldı, qaz anlaşması uzandı. TRT bu məsələlərin həllinin Türkiyə-Azərbaycan strateji münasibətlərinin xeyrinə olacaq süjetlərdən tutmuş, iki qardaş ölkə arasında viza məsələsinin həllinin vacibliyinə qədər olan reportajlar yayımladı, lazımi mesajları ünvanlara ötürdü. TRT bürosu son iki ildə bu mövzuların xaricində Xocalı soyqırımı, 20 Yanvar olayı, 31 Mart soyqırımı və Quba məzarlığına dair bir-birindən maraqlı filmlər ərsəyə gətirdi, Dağlıq Qarabağ münaqişəsindən, atəşkəs bölgəsindən neçə-neçə xəbər hazırlayaraq Türkiyə və dünya auditoriyasına çatdırdı. Buna görə TRT-yə təşəkkür düşür.
TRT 2001-ci ildən bu yana sadəcə, bir işin öhdəsindən gələ bilmədi, çoxsaylı şifahi və yazılı müraciətlərə rəğmən, Azərbaycanın dövlət başçısından müsahibə almağa müvəffəq olmadı. Ancaq bu, TRT bürosunun günahı deyil. Halbuki, AzTV-nin Ankaradakı bürosu dəfələrlə həm Türkiyə Cümhurbaşqanı, həm də baş nazirindən rahatlıqla müsahibələr alıb, türkiyəli rəsmilərin qapıları Azərbaycan Dövlət Televiziyasının təmsilçilərinin üzünə daim açıqdır. Çünki Ankarada Azərbaycanla strateji ortaqlığa xüsusi önəm verirlər. Türkiyə ilə Azərbaycanı idarə edənlərin bir fərqi də bundadır.

Elxan Şahinoğlu