“Zorakılıq və korrupsiya ilə idarəçilik olmaz”

Mehriban Vəzir: «Hakimiyyət cəmiyyəti başqa cür eşitmək istəmədiyi üçün yenidən mitinqlərə qərar verildi»

«Repressiyalar sosial sifarişin qarşısını ala bilməz»

Təxminən bir aylıq fasilədən sonra Ictimai Palata yenidən mitinq keçirmək qərarı qəbul edib. Aksiya iyun ayına təyin edilsə də, konkret tarix hələ ki, açıqlanmayıb. Ictimai Palatanın Koordinasiya Şurasının üzvü Mehriban Vəzirlə söhbətimizə də elə mitinq qərarının verilməsindən başladıq.

– Ictimai Palatanın Koordinasiya Şurası nəhayət mitinqlərin vaxtı ilə bağlı qərar qəbul edib. Bu qərara gəlmək üçün uzun müzakirələr keçirdiniz, yoxsa əvvəldən taktiki hazırlıq var idi?
– Aksiyalar keçirmək Ictimai Palatanın fəaliyyət metodlarından biridir. Lakin bundan başqa dəyirmi masalar var, komissiyalar işləyir, komissiyaların müxtəlif təqdimatları var. O cümlədən Qadınlar Şurası çox ciddi fəaliyyət göstərir. Yəni, müxtəlif fəaliyyət növləri nəzərdə tutulub ki, onlardan biri də aksiyaların keçirilməsi, etirazların nümayişlər şəklində hakimiyyətə çatdırılmasıdır.
Nədənsə cəmiyyətdə belə fikir formalaşıb ki, Ictimai Palata ancaq aksiyalar təşkil etməlidir. Bu, bir az yanlış, amma  eyni zamanda əsaslı fikirdir. Çünki gözləntilər daha çox bu yöndədir. Aksiyalar 17 apreldən sonra dayanıb və bir aydan çoxdur bu istiqamətdə müzakirələr gedir. Əslində Ictimai Palata və Koordinasiya Şurası cəmiyyətin nəbzini tutmağa çalışır. Cəmiyyət nə istəyir? Dəyirmi masalar, intellektual müzakirələr, yoxsa küçəyə çıxıb etiraz bildirmək? Məlum olur ki, hökumət bu metodların heç biri üçün uyğun şərait yaratmır, heç birini, ümumiyyətlə xalqı eşitmək istəmir. Elə öz bildiyini edir. Bu fəaliyyəti ilə də həm özünü, həm dövləti, həm cəmiyyəti uçuruma aparır. Televiziyalar ictimaiyyətin üzünə bağlıdır. Olsa-olsa orada onuncu dərəcəli məsələlərdən danışa bilərlər. Xüsusi siyahılar verilib ki, bu adamlar efirə buraxılmasın. Azərbaycanda söz azadlığı yoxdur. Yeganə çıxış yolu qalır, o da mitinqə çıxmaq. Bütün qanunları və insan haqlarını ayaqlar altına alaraq mitinqə də icazə vermirlər. Eyni zamanda ictimai dinləmələrə və müzakirələrə də qatılmırlar. Qalır, razılaşdırılmamış mitinqlər keçirmək, buna da aprelin 17-dən  ara verilib.
Koordinasiya Şurası olaraq müxtəlif zümrələrin rəyini öyrənirik. Partiyalar fəaldı, mübarizdi. Ictimai Palatanın tərkibində olan bütün fəallar mitinq istəyir. Bu insanlar həbs olunur, hər cür çətinliklər yaşayırlar. Amma bu, onların həyat tərzidir. Azadlıq, demokratiya uğrunda mübarizə aparmadan yaşaya bilmirlər. Amma Ictimai Palata tək partiyaların birliyi deyil axı. Burada müxtəlif zümrələr, vətəndaş cəmiyyətinin nümayəndələri, müstəqil insanlar, ziyalılar, ictimai xadimlər, tanınmış adamlar var. Onların düşüncəsi mübariz insanların düşüncəsindən bir az fərqli olur. Bu mitinqlər ən çox ona görə yubadıldı ki, bütün tərəflərin fikirlərini dinləmək və öyrənmək lazım idi.
Ən mühüm məsələ odur ki, bu gün 30-dan çox adam həbsdədir. Müxalifət partiyalarının fəalları, aksiyaların təşkilatçıları həbsdədir. Bu da, partiyaların fəaliyyətinə təsir edir, istəklərinin qarşısını alır. Hakimiyyətin həyata keçirdiyi repressiv tədbirlər istər-istəməz öz işini görür. Amma yenə də sosial sifarişin qarşısında durmaq mümkün deyil. Hakimiyyət cəmiyyəti başqa cür eşitmək gücündə deyil. Ona görə yenidən mitinqlərə qərar verildi.

– Amma siz də etiraf edirsiniz ki, aksiyaçıların həbsi, onlara qarşı müxtəlif ittihamlar üzrə cinayət işlərinin açılması təsirsiz ötüşmədi. Sizcə, bu yolla hakimiyyət Ictimai Palatanın fəaliyyətini nə dərəcədə məhdudlaşdıra bildi?
– Hakimiyyət dövlətin resurslarından istifadə edərək  repressiya aparatını hərəkətə gətirir. Təsəvvür edin ki, bu gün Azərbaycanın başına yağış kimi neft pulları yağır, amma pensiyaçı, həkim, müəllim qəpik-quruş alır. On faiz istisna olmaqla Azərbaycan xalqı son dərəcə yoxsul yaşayır. Halbuki  çox zəngindilər. Allah o nefti bu xalqa verib. Sərvət xalqındır. Hakimiyyət o pulu zopaya çevirib xalqın başına çırpır. Belə olan halda təbii ki, o güclü olacaq,  repressiyalardan istifadə edib hər aksiyanı dağıda, qarşısını ala biləcək. Əslində on min adamı da birdən həbsxanaya ata, məhv edə bilərlər. Bir az beynəlxalq təpkilərdən çəkinirlər. Dünya əvvəlki dünya deyil. Azərbaycan çox zəngin dövlətdir. Onu idarə edənlər o qədər ədalətsizcəsinə xalqın sərvətini yağmalayırlar ki, həmin pullarla hər şey etmək mümkündür. Üç adam bir yerə yığışan kimi, birini ələ alırlar, cibinə pul qoyurlar, uşağına vəzifə verirlər, məsələ qapanır. Pulla hər şeyi həll edirlər. Təsəvvür edin, böyük pul olsun, idarə edənlərin siyasi mədəniyyət, demokratiya haqqında anlayışı olmasın. Bu halda hər cür zorakılıq etmək olar. Sirr deyil ki, zorakılıq etdilər, qarşısını aldılar, bu işi bir az səngitdilər. Hətta Ictimai Palatanı dağıtmaq istədilər. Amma Ictimai Palata mövcuddur. Hər sessiyada yeni üzvlər qəbul olunur. Nə qədər qarşısını kəssələr də, yenə insanlar gəlir.
Ictimai Palatanın 300-dən çox üzvü var. O demək deyil ki, ölkədə etiraz əhval-ruhiyyəsində olan 300 insan var. Xeyr. Insanları qorxudaraq, mitinqlərə icazə verməyərək, iş yerlərindən çıxardaraq, çörək imtahanına çəkərək prosesi yubadırlar. 17 aprel mitinqindən bu yana Ictimai Palata yaşamaq, qüvvətlənmək, əhatəsini bir az da genişləndirmək, hakimiyyət isə Ictimai Palatanı yox etmək uğrunda mübarizə aparır. Hər yerdə Ictimai Palata döyülür, söyülür. Təhlil, tənqid, etiraz edirlər. Nəticədə nə oldu? Bütün bu repressiyalara baxmayaraq Ictimai Palata bu gün mitinq gününü müzakirə edir.

– Qurban Məmmədov qəzetimizə müsahibəsində Ictimai Palatanın siyasi müstəvidə ölmək üzrə olduğunu deyib. Bu fikri necə qiymətləndirirsiniz?
– Qurban Məmmədov Ictimai Palatanın Koordinasiya Şurasına iki dəfə müraciət edib. Ona belə sual verərlər ki, ölmək üzrə olan, can verən quruma iki dəfə müraciət etmək nəyə lazım idi? Əgər ölürsə, qoy, ölsün. Siz də gedin başqa bir yerdə özünüz üçün diri qurum yaradın. Amma yenə bu ölü quruma müraciət edirsiniz, burada birləşmək istəyirsiniz. Çünki siz də ağılsız, məntiqsiz adam deyilsiniz. Yetərincə ağıllı, məntiqli və təcrübəlisiniz. Görürsünüz ki, elə mövcud olan çevrə budur. Biz təklif və təşəbbüsləri yalnız alqışlayırıq. Nəyin mümkün və ya qeyri-mümkün olduğunu təhlil edirik. Məsələn, təklif edirlər ki, dayanaq və hər şeyi təzədən başlayaq. Xeyr, bu, keçilmiş bir yoldur. Və müəyyən bir nöqtəyə gəlib çıxıb. Ictimai Palatanın fəaliyyəti nəticəsində Azərbaycanın məsələsi dünyanın gündəminə gətirilib. Indi bu yolu geri qayıdıb təzə format, təzə struktur qurmaq olmaz. Açıq qapı siyasətidir. Ölü bilirsiz, gəlməyin, canlı bilirsiz, gəlin. Hər halda onların fəaliyyəti bu qurumun diri olduğunu isbat edir. Çünki müraciətləri çox canlıdır, hələ də stolumuzun üstündədir. Bu məsələ müzakirə olunub və cavablar verilib.

– Ictimai Palatanın qarşıdakı mitinqində şüarlar dəyişəcəkmi, ümumiyyətlə, bu aksiyadan konkret nə gözləyirsiniz?
– Ictimai Palatanın fəaliyyətində və şüarlarında dəyişiklik yoxdur. Ictimai Palata gerçək islahatlar, parlament seçkilərinin yenidən və ədalətli keçirilməsini istəyir. Son həbslərdən sonra tələblərin biri də artıb ki, vicdan məhbusları azad edilsin. Bu insanların günahları yoxdur, onlar konstitusion hüquqlarından istifadə edərək küçələrə çıxıblar. Üzr istəyib azad etmək əvəzinə, həbs müddətlərini uzadırlar. Mədəni idarəetmələr, mədəni insanlar heç vaxt belə etmir. Çünki hakimiyyət əbədi deyil. Heç bir tayfaya, sülaləyə görə Allah öz qanunlarını, öz təqdirini dəyişməyəcək. Hakimiyyət tayfaların və sülalələrin əlində dövr eləyir. Onun bir adamın əlində qalması mümkün deyil. Əgər Azərbaycan xalqı öz sərvətini bu hakimiyyətin əlindən ala bilməsə, Allah alacaq. Bunun başqa yolu yoxdur.

– Mehriban xanım, Ictimai Palatanın hazırkı fəaliyyət istiqaməti sizi nə dərəcədə qane edir?
– Mən qan tökülməyini, böyük itkilərin olmasını istəmirəm. Mən böyük müsibətlər yaşamış adamam. Istəmirəm analar ağlasın. Qəzzafi kimi bir nəhəng özünü elə bir küncə dirədi ki, başına bombalar yağdı və o bombaların altında öz körpələri məhv oldu. Sənin nə haqqın vardı öz övladlarını bu cür güdaza verməyə? Insan Vətən üçün, azadlıq üçün ölər. Yoxsa, xalqın milyardlarını mənimsə, sonra da dirən ki, mən bu hakimiyyəti verməyəcəm. Biz ölkəmizdə belə şeylərin olmasını istəmirik. Ona görə də Ictimai Palatanın bügünkü zorakı olmayan fəaliyyəti mənim düşüncəmə çox uyğundur. Heç kim əzilməsin, heç kim qanına bulaşmasın, analar ağlamasın. Hər şeyi mədəni şəkildə – danışıqlarla, dialoqlarla, yumşaq keçidlərlə həll edək. Zorakılıq, rüşvət və korrupsiya ilə dövlət idarə olunmaz. Dövlətin idarə edilməsində mənəvi, insani dəyərlər üstünlük təşkil etməlidir. Sən bir qoca kişini, qadını küçədə diləndir, ona 85 manat pensiya ver, özün də səhərdən-axşama qədər şəhərə güllər tök, işıqlar yandır, atəşfəşanlıq et. Bəlkə, bunu küçədə dilənən yaşlı qadın dərk eləmir. Amma Allah göydən baxır.
Zorakılıq olmadan, dinc yolla, mədəni şəkildə islahatlara başlamaq lazımdır. Bunun başqa yolu yoxdur. Gözümüzün qarşısında ərəb ölkələri var. Mübarəkin milyardları var idi, amma indi həbsxanadan canını qurtara bilmir. Bunlar hamısı örnəkdir. Mən başa düşürəm, hakimiyyət korluğu var. Insan harınlayanda, güc sahibi olanda gözü ayağının altını görmür. Başa düşmür ki, bu şeylər çox az zaman içində alt-üst ola bilər…

Gültəkin